Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Dəfələrlə Siyəzən Rayon İcra Hakimiyyətinə getmişəm..."
"Dəfələrlə Siyəzən Rayon İcra Hakimiyyətinə getmişəm..."19-06-2019, 16:04 |
“Sosial Müdafiə Fondu icra hakimiyyətinə yönəldir, onlar da mənə kömək eləməkdən boyun qaçırır” Yenikənd qəbiristanlığının lap kənarında miskin görkəmli daxma gözə dəyir. Siyəzənli Qarabağ müharibəsi əlili Natiq Dadaşov ailəsi ilə o birotaqlı komada yaşayır. Daxma bataqlıq ilə əhatə olunub. Əlilliyi olan şəxsin həyatı Natiq Dadaşov 3-cü qrup əlilidir. 1993-cü ilin yanvarında Kəlbəcərdə ayaqlarını don vurub. Sağ ayağının barmaqlarını, sol ayağının dabanını kəsiblər. Üç dəfə əməliyyat olunub. Ayağının hissələrini parça-parça itirib: “Soyuqlar düşən kimi ayaqlarım şişir, gömgöy olur. İynə vurdururam. Birtəhər dözürəm”. Natiq çox çətinliklə gəzir. Günün asudə vaxtında daha çox oturmağa, uzanmağa çalışır. Əlillik dərəcəsindən də narazıdır: “Heç olmasa, ikinci qrup verərdilər. İmran həkim o vaxt 160 manat pul aldı məndən, amma üçüncü qrup yazdı”. Natiqin söhbətdə adını çəkdiyi İmran Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri idi. Bir müddət əvvəl o, əlillik dərəcəsinin təyin edilməsi üçün adamlardan rüşvət almaq ittihamıyla həbs olunmuşdu. Müharibə əlili qayğı görməməsindən şikayət eləyir: “Vətən yolunda canımızı qoymaq borcumuzdu. Amma sabah-birisigün uşaqlarım çöldə qalacaq. Hər qış fikirləşirəm ki, daxma bu dəqiqə uçacaq”. Natiq deyir ki, televizorda başqa yerlərdə müharibə veteranlarına, əlillərə ev verilməsini görəndə bir ayaqlarına, bir də dörd nəfərlik ailəsi ilə yaşadığı daxmaya baxır. İllərdir bu şəraitsizliyə dözürlər. “Bircə ev məsələsi düzəlsin” Natiq ailəsi ilə ağır şərtlər altında yaşayır. Daxma palçıq kərpicdən tikilib. Hər an uçmaq təhlükəsi var. Damına şifer vurulmayıb, sadəcə, köhnə materialla örtülüb, üstünə daş qoyulub. Danışır ki, uzun illər müxtəlif dövlət orqanlarına ayaq döyəndən sonra qəbiristanlığın kənarında bataqlıqla əhatə olan bu yarımtikilini ona veriblər: “Bu illər ərzində dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna yazmışam, Siyəzən Rayon İcra Hakimiyyətinə getmişəm. Baxan yoxdu. Yiyəsizəm. İcra Hakimiyyətində məni başlarından eləyirlər. Sosial Müdafiə Fondu icra hakimiyyətinə yönəldir, onlar da mənə kömək eləməkdən boyun qaçırır”. Natiq deyir ki, onun ev məsələsi müzakirə olunanda hələ uşaqları dünyaya gəlməmişdi. İndi qızının 14, oğlunun 12 yaşı var: “Sosial yardım vermirlər. Deyirlər ki, ayağında 12 sot pay torpaq var. Nəyimə lazımdı o torpaq? Əlil adamam mən. Gəlib tiksinlər. Mənim üçün fərqi yoxdu. Əsas ev olsun. Lap kənddən kənarda da yaşamağa razıyam. Çox acınacaqlı vəziyyətdə yaşayırıq, hər şeyi demək istəmirəm”. Kərpic kəsməklə yaşamaq Natiq nə qədər səfalət içində yaşadıqlarını demək istəmir. Qonşular onun əvəzindən danışır. Deyirlər ki, bəlkə də, onların evində yalnız Natiq pensiya alanda qazan asılır Qonşusu Pənah deyir ki, bir işığı çəkmədilər onun üçün. Natiq daxmanı öz gücünə bu vəziyyətə gətirib. Qazı və içməli suyu yoxdu. Qonşular su, yandırmağa odun verir. Natiqin sözlərinə görə, icra strukturları vəziyyətinin nə qədər acınacaqlı olduğunu bilir, amma əl tutmaq istəmirlər: “Bələdiyyə yalnız özünü fikirləşir. Əvvəllər yardım verirdilər, onu da kəsdilər. Bir az ərzaq verirdilər, təzə kənd soveti gələndən sonra ləğv elətdirdi. İndi 172 manat pensiyanın ümidinə qalmışam”. Natiq aclıqla mübarizə aparmaq üçün kərpic kəsib atır. Hərdən oğlu da ona kömək eləyir. Daxmanın arxasında kərpiclər sıra ilə düzülüb. Natiq kəsdiklərinin hamısını sata bilsə, evdə bayram olur: “Birini 20 qəpiyə satıram. Bəzən sata bilmirəm, qış gəlir, kəsdiklərim xarab olur. Bu qış 1000 kərpic sıradan çıxdı. Nə zülmlə kəsirəm, bir bilsəz…” Natiqin daxmasının ətrafında kölgəsinə sığınacaq bir ağac belə, yoxdur. Ən adi qayğıların öhdəsindən gəlmək mümkün deyil. Amma müharibə əlilini ev qayğısı hər şeydən çox narahat eləyir: “Fikir verirsizsə, aclıqdan, dərmansızlıqdan heç danışmıram. Bircə ev versinlər…” O, dövlətin müharibə əlilinə kömək eləyəcəyinə ümidini itirmir. Bir az uzaqlaşandan sonra arxadan səsi gəlir: “Müştəri olsa, hər gün kərpic kəsərəm…” Geri qayıt |