Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İki dövlət qurumu arasında 26 milyonluq qalmaqal:
İki dövlət qurumu arasında 26 milyonluq qalmaqal:19-07-2019, 18:23 |
“Azəriqaz” İB son günlər paytaxtın bir neçə yerində istilik təchizatı ilə bağlı yaranan problemlərlə əlaqədar məlumat yayıb. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a borcunu ödəmədiyini bildirib: “Azəristiliktəchizat” ASC tərəfindən bu ilin 6 ayı ərzində 130 milyon 234 min 456 kubmetr həcmində, 26 milyon 46 min 891,20 manat məbləğində təbii qaz istehlak olunub. Lakin bu günə qədər heç bir ödəniş olunmayıb”. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4. bəndinə əsasən “qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təminatı dayandırıla bilər. Buna baxmayaraq, “Azəriqaz” İstehsalat Birliyi əhalinin qış aylarında mənzillərin qızdırılmasına və isti suya olan təlabatını nəzərə alaraq “Azəristiliktəchizat” ASC-nin qaz təminatını dayandırmayıb. Bildirək ki, “Azəristiliktəchizat” ASC-nin istehlak etdiyi təbii qazın dəyərini bu günədək ödəmədiyi və yay fəslinin olmasını nəzərə alaraq, bəzi ərazilərdəki qazanxanaların qaz təminatı dayandırılıb. Maraqlıdır, məsələ həll olunmasa, qışda isitliklə bağlı problem yarana bilər? Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov qış aylarına qədər “Azəristiliktəchizatı” ASC-nin məsələyə biganə qalmayacağını ümid etdiyini və “Azəriqaz”ın qış ayları üçün öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirib: “Biz dünənki açıqlamamızda əslində faktı ortaya qoymuşduq. Bu, elə bir faktdır ki, işimizə həqiqətən də maneçilik törədir. “Azəriqaz” İstehsalat Birliyi zərərçəkən tərəfdir. “Azəristiliktəchizat” ASC öz öhdəliklərini yerinə yetirməlidir. Bu tip hallarda biz əziyyət çəkməyə məcbur oluruq. Qazı aldığımız mənbəyə ödənişlərin hamısını etmişik, amma ondan sonra gələcəkdə qarşılaşdığımız bu tip problemlər nəticəsində qoyduğumuz vəsaiti götürə bilmirik. “Azəristiliktəchizat”dan gələcək pul bizim gəlirimizdir. O gəlirlə biz çox işlər görə bilərik. Ala bilmirik, amma alsaq, abonentlər əziyyət çəkməz. Bizi bəzən günahlandırırlar ki, təmir getmir, işinizi vaxtında görə bilmirsiniz. Bu gün əgər mövsümdən asılı olmayaraq hər hansı bir vaxtda abonent əziyyət çəkəcəksə, səbəbkar biz deyilik. Biz faktı ortaya qoyub, maneənin nə olduğunu göstərmişik. Abonentlərlə bağlı nə olacağını bilmirik”. Borc ödənmədiyi təqdirdə qışda istilik problemi yaranması məsələsinə gəldikdə isə qurum təmsilçisi bunları deyib: “Hələ qışa xeyli müddət var, “Azəriqaz” olaraq biz qışa hazırlıq prosesini həyata keçiririk. Sayğaclar, əvəzlənmələr, təmir-tikinti ilə bağlı biz mütəmadi olaraq məlumat yayırıq. Dünənki məlumatımızda da qeyd etmişdik ki, “Azəristiliktəchizat” qış mövsümündə dayandırmalara yol vermir. Amma vəziyyət gəlib elə bir həddə çatır ki, borc çoxalır. Ümid edirik ki, qarşı tərəf abonentin vəziyyətini düşünüb bir nəticə çıxarar, həmçinin “Azəriqaz”ın bu qədər borc qarşısında qaldığını da anlayıb bir tədbir görər”. Maraqlıdır, ümumiyyətlə bu tip qurumlara kommunal xidmətlər hansı şərtlərlə dayandırıla bilir? Məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Natiq Cəfərli kommunal xidmətləri dayandırmağın mümkün olmayacağını, lakin bu cür borcların olmaması üçün özəlləşdirmənin tətbiqinin vacib olduğunu vurğulayıb: “Bu, bir neçə dəfə təkrarlanan prosesdir, keçən il də, ondan öncəki il də eyni hadisənin şahidi olmuşduq. “Azəristiliktəchizat” ASC ödəniş edə bilmir. Səbəb kimi də əhalidən və dövlət orqanlarından yığılan vəsaitin azlığını göstərir. Çünki istiliklə bağlı elə bir vəziyyətdir ki, orada sayğaclaşma həyata keçirmək mümkün deyil. Ancaq fərdi qaydada adambaşına düşən istiliyin həcminə qədər hesablayıb ödəniş sisteminə keçiblər. Sayğac olmadıqda dəqiq istifadə qaydalarını da bilmək olmur. Ona görə də hər il eyni hal təkrarlanır. “Azəristiliktəchizat”ın da arqumenti ondan ibarətdir ki, əsas borclular dövlət orqanlarıdır. Ötən illərin təcrübəsi onu deməyə əsas verir ki, dövlət borcun ödənilməsini üzərinə götürəcək və bu da dövlət şirkətlərinin qeyri-effektiv işləməsinin əyani sübutudur. Bir çox ölkələrdə, hətta Rusiyada belə sistem çoxdan özəlləşdirilib və özəl şirkətlər tərəfindən idarə olunur. İstilik sistemi xilasedici sahə deyil ki, orada dövlətin nəzarəti mütləq olsun. Azərbaycanda isə hökumət bu addımı atmaq istəmir və “Azəristiliktəchizat” kimi dövlət şirkətləri kifayət qədər qeyri-şəffaf çalışdığından nə göstərdiyi xidmətin keyiyyəti qanedici olur, nə də yığım yüksək olur. Yığım iqtisadiyyatı çox vaxt aşağı olduğuna görə də bu tipli problemlər yaşanır. Əslində bu problemin qarşısını ancaq özəlləşdirmə ilə almaq olar. Əgər özəl şirkətlər bu işlə məşğul olsalar, birbaşa vətəndaş və ya hüquqi şəxslərlə müqavilələri olsa, həm xidmətin keyfiyyəti , həm yığımın səviyyəsinin artması üçün şərait yaranar. “İndi dövlətindirsə, heç kimindir” prinsipi işə düşür və əvvəl-axır bu borcların ödəyicisi yenə dövlət olur. Çox güman ki, dövlət büdcəsindən dotasiya ayrılacaq və onun hesabına borc ödəniləcək. Uzun illərdir eyni praktika davam edir. “Azəristiliktəchizat”ın xidmət göstərdiyi xəstəxanalar, dövlət müəssisələri var. Təbii ki, onlara istilik verilməsi dayandırıla bilməz. Bir də hazırda aktual deyil, istilik istehsalı 15 apreldən 15 noyabra qədər dayandırılıb. Kəssələr də, kəsməsələr də effekti olmayacaq. Növbəti istilik mövsümünə qədər çox güman ki, bu problemin dövlət büdcəsi hesabına həlli mümkün olacaq. Borcluların əksəriyyəti dövlət idarələridir və onların istiliyini kəsmək çətin ki, mümkün olsun”. Geri qayıt |