Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Rövşən Bağırov üçün "Relax" düyünü...
Rövşən Bağırov üçün "Relax" düyünü...27-08-2019, 11:32 |
Deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının "Relax" İstirahət və Turizm Mərkəzində yoxlamalar aparmaq istəyən Vergilər Nazirliyinin əməkdaşlarına qarşı qanunsuz və kobud hərəkətlərindən sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ciddi tənqid olunmağa başlayıb. Buna səbəb icra başçısının Lerikdə deputatın qanunsuz əməllərinə indiyədək göz yumması olub. Əksər Lerik sakinləri də düşünür ki, deputat İqbal Məmmədovun rayondakı biznes fəaliyyətinə indiyədək rayonun icra başçısı Rövşən Bağırov yaxından dəstək verib. Hətta, sözügedən istirahət mərkəzi ilə bağlı indiyədək mövcud olan haqlı şikayətləri və insanların narazılığını Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov gizlətməyə çalışıb. Nəticədə də "Relax" İstirahət və Turizm Mərkəzi ötən illər ərzində bu qədər vergidən yayına bilib. Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir ki, "Relax" İstirahət və Turizm Mərkəzinin dövlət büdcəsinə ödədiyi vergilər kəskin azaldığına görə mərkəzin real vergi potensialını ölçmək məqsədilə ərazidə vergi yoxlamaları keçirilib. Sahəsi 14 hektardan çox ərazidə yerləşən, qonaqların qalması üçün 142 nömrədən və müxtəlif təyinatlı 20 obyektdən ibarət olan mərkəz 2018-ci ildə 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat vergi ödəyib. ""Relax" istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişlər", - məlumatda deyilir. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi bildirilir. Hazırda "Relax" İstirahət və Turizm Mərkəzində vergi nəzarəti tədbirləri davam edir. Məlumdur ki, Lerikdəki istirahət mərkəzində Vergilər Nazirliyinin əməkdaşlarına qarşı törədilmiş qanunsuz hərəkətlərdən sonra deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və digər 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Ancaq baş verən bu cür xoşagəlməz hadisəyə görə təkcə deputata deyil, həmçinin, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova da "yuxarılar" tərəfindən ciddi xəbərdarlıq edilib. İcra başçısına ölkə Prezidentinin harınlamış məmurlarla bağlı söylədiyi tənqidi fikirləri və onlara qarşı görülən cəza tədbirləri barədə xatırlatma edilib. Buradan belə düşünmək olar ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov da ölkə başçısının yaxın vaxtlarda vəzifədən azad edəcəyi məmurlar arasında yer alır. Qeyd edək ki, Vergilər Nazirliyinin rəsmi saytında göstərilir ki, "Relax Resort and Spa Hotel"in (2018-ci ildə rəsmi qeydiyyatdan keçib) mərkəzin rəsmi təmsilçisi Nərimanlı Mirhəmid İqbal oğludur. "Relax Lerik"-in (2017-ci ildə rəsmi qeydiyyatdan keçib) qanuni təmsilçisi isə İqbal Məmmədovun qardaşı olduğu deyilən Məmmədov Çingiz Nəriman oğludur. (Demokrat.az) Geri qayıt |