Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell”in dəstəyilə Bakıda M.A.P. festivalı keçiriləcək
“Bakcell”in dəstəyilə Bakıda M.A.P. festivalı keçiriləcək30-08-2019, 15:10 |
YARAT Müasir İncəsənət Məkanı Bakcell şirkətinin tərəfdaşlığı ilə 10- 20 oktyabr tarixlərində Bakıda 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının keçiriləcəyini böyük məmnuniyyətlə elan edir. DİA.AZ xəbər verir ki, M.A.P. Festivalı (Music, Art, Performance – terminlərin abreviaturası) tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş spektrini araşdırmağa kömək etmək məqsədilə, teatr sənətinin fərqli formalarını bir araya gətirən ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platformasıdır. Əvvəlki iki buraxılışda olduğu kimi bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və auditoriyanı son bir neçə ildə rəğbət qazanmış ən cəsur və maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından tutmuş klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 18 tamaşa daxildir. Bu il festivalda Y. Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis Teatrı (Rusiya), “Priyut komedianta” Teatrı (Rusiya), “Kukolniy dom” Teatrı (Rusiya), Yeni Riqa Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya), Devid Espinoza Kukla Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), dünyaca məşhur “Kibbutz” Müasir Rəqs kollektivi (İsrail), “Sardegna” Teatrı (İtaliya), “Atelye” Teatrı (Rusiya), “Puppet Cinema” kollektivi (İsrail) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək. Festival rəsmi olaraq rejissor Kamran Şahmərdanın “Dəli yığıncağı” tamaşası ilə açılacaq. Rejissor Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi Cəlil Məmmədquluzadənin eyniadlı pyesini yenidən nəzərdən keçirərək onu müasir cəmiyyət üçün aktual mövzuları vurğulayan yeni ifadə, musiqi və enerji ilə daha da zənginləşdirib. Lakin festivalın ilk qaranquşları hələ sentyabrın əvvəlindən qanad açacaq və Bakı tamaşaçılarına əfsanəvi Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının 3 tamaşasını izləmək imkanı verəcək. Rimas Tuminasın “Yevgeni Onegin” tamaşası artıq bütün dünyada tənqidçi və tamaşaçıların rəğbətini qazanıb. Bakı auditoriyası tamaşanı Dövlət Musiqili Teatrının səhnəsində izləyəcək. Vaxtanqovçılar daha iki tamaşanı – “Medeya” (baş rolda Yuliya Rutberq) və “Lanqustun harayı” Rus Dram teatrında göstərəcəklər. Məşhur Lev Dodinin quruluşunda, füsunkar Kseniya Rappoportun Yelena Andreyevna rolunu ifa etdiyi “Vanya dayı” tamaşası da teatrsevərlərə Rus Dram Teatrının səhnəsində təqdim ediləcək. Sankt-Peterburqun “Priyut komedianta” Teatrı həyatın mənasını axtarmaqdan və həyatdan sevinc duya bilməməkdən bəhs edən “Podolskdan olan adam” pyesini Azərbaycana gətirəcək. Dmitri Danilovun bu əsəri bir neçə dəfə səhnələşdirilib və 2018-ci ildə “dramaturqun işinə görə” “Qızıl Maska” mükafatına layiq görülüb. Yeni Riqa Teatrı proqrama tamaşaçıların sevgi ilə qarşıladığı yazıcı Tatyana Tolstayanın “Sonya” pyesi ilə daxil olur. Tamaşanı “Yeni teatr reallığı” nominasiyasında Avropanın Ali Teatr mükafatının laureatı, məşhur latviyalı rejissor Alvis Hermanis səhnələşdirib. M.A.P. Festivalı həmişəki kimi gənc aktyorlar, rejissorlar və dramaturqların biliklərini paylaşdığı və daha təcrübəli həmkarlarının təcrübəsindən öyrəndiyi təhsil platforması statusunu saxlayır. Festival proqramında onun qonaqlarının təqdimatı ilə çox sayda mühazirə və ustad sinifləri yer alacaq. Bu haqda daha ətraflı məlumat tezliklə festivalın saytından əldə etmək olar. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil İnternet provayderi olan Bakcell, artıq üçüncü ildir ki, M.A.P. Festivalının baş sponsoru və əsas tərəfdaşıdır. Bakcell Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına, gənc nəsil arasında mənəvi dəyərlərin təbliğinə töhfə vermək üçün əlindən gələni edir. M.A.P. Festivalının açılışı festivalın keçirildiyi 3 il ərzində səhnələşdirilmiş bütün tamaşaların afişalarının sərgisi ilə müşayiət olunacaq. Beləliklə, YARAT Mərkəzinin qonaqları hələ tamaşaçı zalına daxil olmazdan öncə festivalın tarixinin ən parlaq anları ilə tanış olmaq imkanı əldə edəcək. Geri qayıt |