Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azərbaycanda rəsmən İnzibati-İqtisadi Məhkəmə problemi var...

Azərbaycanda rəsmən İnzibati-İqtisadi Məhkəmə problemi var...


17-09-2019, 12:51
Azərbaycanda rəsmən İnzibati-İqtisadi Məhkəmə problemi var...
DİA.AZ: - "2011-ci ildə İnzibati Prosessual Məcəllənin (İPM ) qüvvəyə minməsi vətəndaşların inzibati -iqtisadi hüquqlarının məhkəmə qaydasında qorunmasına hesablansa da, gerçəkdə bu baş vermədi. Əksinə, getdikcə, inzibati -iqtisadi məhkəmələr cavabdeh dövlət qurumlarının əlindəki dirijor çubuğu rolunu oynamağa başladı. Təsəvvür edin, hakim özünün təyin etdiyi iclasa gəlmir, amma tərəfin gəlmədiyinə görə iddianı mümkün saymamaq haqqında qərardad qəbul edir! (?) Belə məhkəmə özbaşınalığını təsəvvür edirsiniz?" Bu barədə DİA.AZ-a daxil olan Məğrur Bədəlsoyun müraciətində deyilir.

Məqalədə daha sonra qeyd olunur: "Bəli, Rəşid Rzayev 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri olanda hakim Etibar Mustafayev Qarabağ əlilinin Nizami rayon icra hakimiyyətinə qarşı iddiası üzrə təyin etdiyi iclasa gəlməyib , lakin elə həmin özünün iştirak etmədiyi və təbii ki, olmayan iclasın qərardadı ilə iddianı mümkün saymayıb. Nə məhkəmə sədri Rəşid Rzayev, nə Məhkəmə Hüquq Şurası 7-ci ildir bu özbaşınalığa hüquqi qiymət verir. Bilirsiniz niyə? Çünki elə bu özbaşınalığın başında duran məhkəmə sədri özüdür. Rəşid Rzayev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri postuna transfer olunan kimi məhkəməni polis postu ilə vətəndaşlardan qorumağa başladı. Fikir verin, vətəndaşın hüququnu qorumağa borclu olan məhkəmə (sədri), əksinə, məhkəməni vətəndaşlardan polislə qorumaq yolunu seçdi. Elə bu “məhkəmə qoruğu”nun, yasağının sonucudur ki, vətəndaşın xeyrinə qəbul edilən qərarlar illərdir icraya belə yönəldilmir. Hətta tələbkarın qərarın icraya yönəldilməsi haqqında ərizələrinə də illərdir baxılmır. Bu da məhkəmə sədrinin borclularla qeyri-prosessual münasibətlər bazarında sövdələşməsindən qaynaqlanır. Konkret fakt :1-ci qrup Qarabağ əlilinin ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə qarşı növbədənkənar mənzillə təmin olunmaq öhdəliyini 20.06.2016 tarixli 1 -2(81)-1095/2016 saylı qərarla təsbit edən 1 saylı BİİM 4-cü ildir dövlətin adından qəbul etdiyi qərarını icraya yönəltməkdən imtina edir! (?)

Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri Vidadi Qasımovun “qeyri-prosessual münasibətə bazarı”nda alverçilik ustalığını da vurğulayaq. Təsəvvür edin, məhkəmə sədri cavabdeh DİN-in vəkili Əlirza Həbilov ilə qeyri-prosessual münasibətə necə giribsə, eyni binada apellyasiya instansiyası yerləşən otaqdan qonşu otağa göndərilən qərardad 3 ay sonra “çatıb”. 15 fevral 2019-cu il tarixində heç bir qərar qəbul edilmədiyi halda, növbəti tarixə -22 fevrala iclas təyin edildiyi halda, hakim İlqar Cabbarov həmin 15.02.2019 tarixinə saxta qərardadı ilə iddia mümkün sayılmayıb. 7 aydır qərardaddan verilən şikayətə də vəki-müdafiəçi qadağası qoyulub. Məhkəmə təminatı hüququna qoyulan qadağanın qeyri-prosessual münasibətlərdən qaynaqlanması şübhə doğurmasa da, hələ ki nə baş prokurorluq, nə də Məhkəmə Hüquq Şurası bu münasibətə hüquqi qiymət verilməsini təmin edir. İclas keçirilmədən saxta tarixə saxta akt qəbul edilməsi cinayət məsuliyyəti yaradır. Di gəl, hələ ki, məsuliyyətsiz məhkəmə yetkililəri qeyri-prosessual münasibətlər bazarında alverlərini sürdürməkdədirlər. Bir daha vurğulamaq gərəkir ki, “qeyri-prosessual münasibətlər bazarı”nın başında sədrlər-“bazarkom”lar dayanır. Sıradan məhkəmə-bazr işçiləri, sövdələşmənin faizinə göz dikiblər.

Bizi radikallıqda suçlamaq fikrinə düşənlər yanılırlar. Nədən biz danmırıq ki, işinə vicdanla yanaşan məhkəmə sədrləri və hakimləri yetərincədir. Elə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin əvvəlki sədri Müseyib Bayramovun və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı sədri Çingiz Bəşirovun yüksək peşəkarlıqlarını, yalnız Konstitusiyaya tabe olduqlarını təcrübə ortaya qoyub.

“Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentininin 03.04.2019 tarixli sərəncamında qeyri-prosessual münasibətəərin yolverilməzliyi xüsusi vurğulanıb. Di gəl, hələ də buna yol verilir. Özü də məhkəmə sədrləri özləri bu özbaşınalığa sədrlik edir. Hakimlərin sədrlərdən asılılığına son qoymağın yolu tapılsa, “qeyri-prosessual münasibətlər bazarı” da bağlanar".

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt