Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > AZAL şefinin NAXÇIVAN BİZNESİ...

AZAL şefinin NAXÇIVAN BİZNESİ...


7-10-2019, 10:53
AZAL şefinin NAXÇIVAN BİZNESİ...
Hava nəqliyyatı dünyanın bir çox yerlərində mənzilə daha tez və rahat çatmaq vasitəsi, səyahət lüksü deməkdir. Naxçıvan sakinləri üçün isə o, daha böyük əhəmiyyət daşıyır. Amma görünən budur ki, təkcə Naxçıvan əhalisi üçün yox, elə AZAL rəhbərliyi üçün də. Niyəsini soruşursunuz? Onda zəhmət çəkib yazını axıra qədər oxuyun.

Azərbaycanla torpaq əlaqəsi olmayan Muxtar Respublikada hava nəqliyyatı uzun illər alternativsiz gediş-gəliş vasitəsinə çevrilmişdi. Ölkəmizin digər regionları ilə yeganə əlaqə vasitəsi olması “kiçik torpaq”da hava nəqliyyatı deyəndə həm də bölgəni mərkəzə bağlayan əsas tel ağla gəlirdi. Son zamanlar Naxçıvandan Bakıya avtobus səfərlərinin açılması mərkəzlə region arasındakı telləri də artırdı, amma təyyarə ilə uçuş yenə də Muxtar Respublika üçün əvəzsizliyini itirmədi.

Təyyarə uçuşlarının Muxtar Respublika əhalisi üçün bu dərəcədə əhəmiyyətli olması bəzi işbazların da iştahını qabardır. Uzun illər Naxçıvan hava limanında saatlarla gözləyən sərnişinlər öz qiymətindən dəfələrlə bahaya bilet tapmaq üçün rəqabətə girişirlərdi. Bir çox hallarda bu rəqabət 16 manatlı biletin 200-300 manata satılmasına qədər böyüyürdü. Üstəlik, od bahasına aldığın biletlə təyyarəyə minmək naminə də basabaslarda əzilməli, yerli polis və aeroport işçilərinin təhqirlərilə üzləşməli idin.

Şükür Allaha ki, artıq neçə illərdir, gediş-gəliş alternativi yarandığından bu xoşagəlməz hadisələr xeyli azalıb. Bununla belə, Naxçıvana bilet tapmaq yenə də düşündüyünüz qədər asan deyil.

AZAL şefinin NAXÇIVAN BİZNESİ...

Redaksiyamıza şikayət edən Naxçıvan sakinlərinin ən çox gileyləndiyi məsələ təyyarə biletlərinin onlayn satışı ilə bağlıdır. Bildirildiyinə görə, ötən ilin iyun ayından Bakıdan-Naxçıvana, Naxçıvandan Bakıya təyyarə biletlərinin onlayn satışına keçilsə də, nadir hallarda bu fürsətdən faydalanmaq olur. Halbuki, anlayn bilet məsələsi 2011-ci ildən bəri Naxçıvan MR-dən MM-ə seçilən deputatların dəfələrlə ölkə rəhbərliyi qarşısında qaldırdığı ən önəmli problem olub, dəfələrlə müzakirəyə çıxarılıb. Nəhayət, 2018-ci ildə AZAL da bu təzyiqlərə davam gətirə bilməyib, onlayn bilet satışına keçdi. Şirkətin bununda əlaqədar rəsmi açıqlamasında deyilir:

“Bu gündən (5 iyun 2018-ci il-Ovqat.com) etibarən "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının saytında Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində 2018-ci il 20 iyun tarixindən uçan reyslərə aviabiletləri onlayn əldə etmək mümkündür”.

AZAL-ın həmin açıqlamasında onlayn təyyarə bileti alınmasının qaydası da müəyyənləşdirilib: “www.azal.az saytında həmin istiqamətə aviabiletin alınması prosesində sərnişinin vətəndaşlığını qeyd etməsi üçün əlavə xana əks olunacaq”. Biz də bunu yoxlamaq üçün deyilən sayta baxdıq. Bizdən tələb olunan bütün informasiyaları təyinatı üzrə xanalara doldurduq. Qarşımıza isə belə bir lövhə çıxdı. Bu lövhədən sonra təyyarə biletini necə sifariş verəcəyimizi anlaya bilmədik.

Redaksiyamıza şikayət edən Naxçıvan sakinlərinin dediyinə görə, zatən özümü çox yormağıma ehtiyac yox imiş. Çünki onlayn təyyarə biletinin sadəcə adı var. Hətta şansıma bu sayt vasitəsilə bilet almaq xoşbəxtliyi çıxsa belə, dərhal sevinməməliyəm. Aeropoartda bu hüququmdan yararlana biləcəyim hələ qarantiya altında deyil. Mümkündür ki, uçuşa qeydiyyat başlayanda gözləmədiyim sürprizlərlə də qarşılaşım. Məsələn, məndən bilet alarkən bank kartından istifadə etdiyimin yaxınımın şəxsən aeroporta təşrif buyurmasını və bileti onun razılığı ilə aldığımı təsdiqləməsi də tələb oluna bilər. Yaxınım aeroporta gəlincəyə qədər isə təyyarəyə miniyin başa çatması və ya təyyarənin artıq uçması ehtimalı da var. Bir sözlə, Naxçıvandan-Bakıya, Bakıdan-Naxçıvana onlayn biletlə uçmaq loto oynamaq qədər qəliz məsələdir. Hər şey şansına bağlıdır: bəxtin gətirsə uça, gətirməsə şansını yenidən sınaya bilərsən.

Maraqlıdır ki, “şansın yenidən sınanması” halları onlayn bilet satışı tətbiq olunan ilk günlərdən etibarən yaşanır. Bəzən bu qalmaqallar ölkə mətbuatının gözündən belə yayınmayıb. İctimailəşən ilk belə hadisə isə iş adamı Xəyal Məmmədxanlının başına gəlib. Ötən ilin 25 iyun tarixində öz facebook səhifəsində qarşılaşdığı problemi dilə gətirən iş adamı AZAL-ın fəaliyyətinə konkret qiymətini də verib: “AZAL, sən Azərbaycan adına ləkəsən!”

AZAL şefinin NAXÇIVAN BİZNESİ...

Xəyal Məmmədxanlı onda bu qənaəti formalaşdıran hadisəni bu cür nəql edib:

“Təbii ki, müasir texnologiyalara üstünlük verdiyimə görə “28 may” metrostansiyası yaxınlığındakı kassada 90-cı illərin növbəsində durmamaq üçün biletlərimi onlayn aldım, ödənişi də kartla etdim. Bu gün, iyulun 25-də saat 13:10 da J2 253-cü reyslə uçmalı və gecə geri qayıtmalı idim. Hava limanında qeydiyyata yaxınlaşdım, bileti təqdim etdim və biabrıçılıqlar başlandı. Adımın sistemdə olmadığını dedilər. Kassaya yaxınlaşdım, sistemə baxdılar və məlum oldu ki, sistem mənim öncə Naxçıvandan Bakıya gəlməli, sonra Bakıdan Naxçıvana uçmalı olduğumu qeyd edib. Halbuki, mənim əlimdəki biletdə sıralama əksinədir. Nə isə, uzun mübahisədən sonra dedim ki, yaxşı, razıyam, tutaq ki, mən Naxçıvan - Bakı tariximi səhv qeyd etmişəm, 26 iyul yox, 25 iyul yazmışam, Bakı - Naxçıvan reysim ki, yerindədir. Və əsrin cavabını eşitdim: Siz Naxçıvandan Bakıya gəlmədiyiniz üçün Bakıdan Naxçıvana uça bilməzsiniz!!! Bəli, düz eşitdiniz, AZAL mənə belə dedi. Uzun sözün qısası, hava limanından geri qayıtdım. Elektron müraciət etdim, 25 faiz cərimə ilə biletin pulunu qaytaracaqlarını dedilər. Pulları başlarına dəysin, onsuz da monopoliyadan istifadə edərək soyğunçuluqla məşğuldurlar. Amma mənim Naxçıvanda planlaşdırılan bütün görüşlərim təxirə düşdü və günüm məhv oldu”.

AZAL şefinin NAXÇIVAN BİZNESİ...

İş adamının bu biabırçılığı AZAL-ın monopoliya yaratmaq və daha çox pul qazanmaq cəhdi kimi qiymətləndirməsi isə təsadüfi deyil. Naxçıvan sakinlərinin şikayətlərində də bu məqam rəsmən gözə batır. Dediklərinə görə, onlayn bilet almaq cəhdləri uğurla nəticələnməyəndə aeroportdakı bəzi bilet dəllalları onlara yaxınlaşıb öz xidmətlərini təklif edirlər. Bəzən 50 manatlıq bilet sərnişinlərə 70-80 manat qiymətində satılır. Nəzərə alsaq ki, Azərbaycan hökuməti Naxçıvana hər bilet üçün AZAL-a bir də 20 manat doyasiya ödəyir, Cahangir Əsgərovun kefinin üstünə kef olmadığı ortaya çıxır.

Sıravi Naxçıvan sakinlərinin Ovqat.com əməkdaşına dedikləri, sən demə, 2017-ci ildə Ölkə.az saytının baş redaktorunun da başına gəlibmiş. Baş redaktor Məmməd Gülməmmədov Sherg.az-a açıqlamasında deyib: "İnsanlar Naxçıvana getmək istədikdə mütləq aviakassaya yaxınlaşmalı, növbə gözləməlidir. Reyslərin, biletin olub-olmaması haqqında öncədən verilən heç bir məlumat yoxdur. Artıq sərnişinlər aviakassadakı satıcıların məlumatının ümidinə qalıb. Onlar isə çox zaman bilet olmadığını deyirlər. Lakin mən də şahidi olmuşam ki, əl altından, tanış vasitəsilə və s. baha qiymətə satırlar. Biletin qiyməti 50 manatdır və olur ki, 60-70 manata satırlar. Məqsəd ondan ibarətdir ki, kimlərsə pul qazansın”.

Bizə onlayn aviabilet tapa bilmədiklərindən və dolayısıyla aeroportda onları gözləyən bilet dəllallarından şikayətlənən Naxçıvan sakinləri də eynilə Məmməd Gülməmmədov kimi düşünürlər. Onların da fikrincə, onlayn biletlər ona görə ərşə çəkilib ki, Naxçıvan dirilərinin (bir azdan ölülərin də daha şanslı olmadığını görəcəksiniz) bu acınacaqlı vəziyyətindən kimlərsə pul qazansın.

Bir çox sərnişinlər dünyanın ən bahalı hava yolları şirkətlərindən olduğu halda müştərilərinə düz-əməlli xidmət göstərməyən AZAL-ın bu özbaşınalığını xidmət göstərdiyi sahədə rəqabət mühitinin yoxluğu ilə əsaslandırırlar. Onların fikrincə, Bakıdan dünyanın bir çox yerlərinə getmək istəyəndə əksər hallarda Tiflisə yollanır və Gürcüstan Hava Yollarının xidmətlərindən istifadə edə bilirlər. Naxçıvana gedəndə isə onların belə bir alernativləri olmur. İstəsələr də, istəməsələr də AZAL-ın təyyarə reysləriylə uçmalıdırlar. Orda isə vəziyyəti dəyişdirmək heç kimin ixtiyarında deyil. AZAL-da ancaq Cahangir Əsgərovun şələsi fırlanır.

Amma deyəsən təkcə Cahangir Əsgərovun yox. Şikayətçilərə inansaq, Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyi də bu məsələdə süddən çıxmış ağ qaşıq deyil və sərnişinlərin başına gətirilən oyunlardan xəbərdardır: “Di gəl ki, bunun qarşısını almaq üçün heç bir tədbir görmür. Bəzi hallada Daimi Nümayəndəliyin özü də təmsil etdiyi əhalinin bu ağır vəziyyətindən faydalanmaq yolunu tutur. Belə ki, aviabilet tapa bilməyən sərnişinlərin bəziləri Naxçıvan Nümayəndəliyinə müraciət etməli olurlar. Nümayəndəlikdə rəsmi səfərlər üçün nəzərdə tutulan bilet bronları bəzən baha qiymətinə sərnişinlərə satılır. Görünür, buna görə də nümayəndəlik rəhbərləri bu vəziyyətin qarşısını almaqda maraqlı deyillər.”

Maraqlı iddiadır. Dünyanın aero-sənayeçiləri daha yaxşı dron istehsalı üzərində baş sındırırlar. Muxtar Respublikanın Daimi Nümayəndəliyi isə bronları necə xırd etmək barədə düşünür. Zənnimizcə, dronla bron arasındakı bu bir hərflik fərqi Naxçıvan yetkililərinin öz əhalisinə bəxş etdiyi həyat şəraitinin ən gözəl göstəricisi saymaq olar.

Ən dəhşətli hadisələri isə Bakıda və ya xarici ölkələrdə həyatını itirənlər yaşayırlar, yəni Naxçıvan ölüləri. Onların cənazəsi heç bir problem olmadan Bakıya gətirildiyi halda, bəzən Naxçıvana aparmaq böyük müşkülə çevrilir. Əksər hallarda mərhum yaxınlarına bilet tapılmır. Ölüsünü təyyarə ilə göndərənlər isə Muxtar Respublikaya avtobusla qayıtmalı olurlar. Cənazələri yük yerlərindən “kiçik torpaq”da yaşayan qonşular və ya tanışlar alır, ölənlərin qohumlarının gəlib çatmasını gözləyirlər. Beləcə, dəfnlər də yubanır. Şikayətçilərin dediklərindən: "Cənazəni aparırsan, sənədləri təftiş olunur, “neçə kilodu?” soruşulur, ona uyğun vəsait tələb olunur". Ölünü tərəzidə çəkib yaxınlarından pul tələb etməyin insanlar arasında necə ciddi narazılıqlar yaratdığını ifadə etmək çətindir.

Cənazələrin təyyarə ilə daşınması üçün xüsusi dəmir tabutlara yerləşdirilməsinin tələb olunması da matəm iştirakçılarını qəzəbləndirir. Çünki gecənin bir yarısında bu tabutların tapılması asan deyil. Üstəlik, vəziyyətdən istifadə edən bəzi işbazlar dəmir tabutları baha qiymətə ölü yaxınlarına sırıyırlar.

Müstəqilliyimizi qazandıqdan sonra Naxçıvanda yaranmış çətin vəziyyət onminlərlə sakinin bu diyarı tərk etmələrinə yol açıb. Dolayısıyla Naxçıvana gətirilən ölü sayı da çox olur və bu məsələyə indiyədək çözüm gətirilməsi insanları öz dövlətlərindən incik salır.

Acınacaqlıdır ki, ölü sahiblərinin Naxçıvan və Bakı aeroportlarında yaşadığı bu dram dəfələrlə mətbuat səhifələrində işıqlandırılıb. Hətta millət vəkilləri səviyyəsində Naxçıvan ölülərinin başına gətirilən bu müsibətlər etiraf olunub. Əslən Naxçıvandan olan millət vəkili Fazil Mustafa BakuPost-a açıqlamasında deyib ki, həqiqətən insanlar təyyarə ilə Naxçıvana cənazə apararkən böyük sıxıntı yaşayırlar: “Bu problemin sadəcə, tənzimləmə formasını dəqiq tapmaq lazımdır”.

Problem isə həll olunmur ki, olunmur. Görünür, ona görə ki, naxçıvanlıların ölüsü də kimlər üçünsə yaxşı qazanc mənbəyidir.

Bəs deyirsiniz; guya, Azərbaycanda torpağın altına təkcə şeyx həzrətləri baxır? AZAL-ın bu etdikləri yeraltı dünya ilə əlləşmək deyilsə, nədir?
//ovqat.com//
Geri qayıt