Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Bəzi şagirdlərin adları başqa müəllimələrin sinfində getsə də..."
"Bəzi şagirdlərin adları başqa müəllimələrin sinfində getsə də..."5-11-2019, 11:55 |
Gəncə şəhəri 4 nömrəli məktəb-liseydə bir sinifdə 48 şagird təhsil alır. Bu barədə Primetime.az-a valideynlər tərəfindən şikayət daxil olub. Belə ki, onların sözlərinə görə, adıkeçən məktəbdə sentyabrın əvvəli sinif rəhbəri iclas zamanı bildirib ki, sinifdə 39 nəfər şagird var və ona uyğun olaraq dərsliklər paylanıb. Lakin ilk dərs günü məlum olub ki, sinifdə 54 uşaq təhsil alacaq: “Bəzi şagirdlərin adları başqa müəllimələrin sinfində getsə də, özləri bizim sinifdə oturublar. Hər gün 1-2 parta artırılaraq həmin uşaqları yerləşdirməyə başladılar”. Məlumata əsasən, bununla bağlı valideynlər Təhsil Nazirliyinin qaynar xəttinə müraciət ediblər və Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun qəbuluna yazılıblar. Qəbulda valideynlərə bildirilib ki, 21 oktyabrda Təhsil Nazirliyinin yerdəyişməylə bağlı sistemi açılanda həmin sinifdə kimlərin qeydiyyatlı olduğu bəlli olacaq: “Sistem açılandan sonra uşaqların çoxu qeydiyyatdan keçdi. Artıq sinifdəki uşaq sayı 48-dir. Digər uşaqlar hələ də sinifdədirlər. Direktor Əliağa Səfərəliyevə bu məsələ ilə bağlı müraciət etsək də, bizə bildirdi ki, uşaqlar orda dinləyici qismindədirlər. 45 gün müddətində başqa siniflərdə adı gedib özü Leyla Zahidovnanın sinfində dinləyici qismində oturan uşaqlar sistem açıldıqdan sonra sinfə rəsmiləşdirilir, digərləri isə rəsmiləşməni gözləyir”. Məsələ ilə bağlı məktəbin direktoru Əliağa Səfərəliyevlə əlaqə yaratdıq. O, saytımıza açıqlamasında həmin sinifdə 48 yox, 46 şagirdin təhsil aldığını bildirib: “Bilirsiniz ki, şagirdlərin yerdəyişməsi və məktəbə qəbulu elektron qaydada aparılır. Bəzi siniflərdə 30, bəzilərində 36 şagird var. Məktəbdə 16 eni 6, uzunluğu 9 metr olan otaqlar var, yəni, böyük zal kimidir. Və elektron qaydada 46 şagird qeydiyyatdan keçibsə və sinfin tutumu buna imkan verirsə, mən nə edə bilərəm? Vətəndaş elektron qeydiyyatdan keçib qəbul olur və blankını gətirir ki, qəbul olmuşam. Mən “ sinifdə şagirdlərin sayı 40, 34 olsa, yaxşı olar” deyə bilərəm, amma elektron qeydiyyat olduğu üçün edə bilmirəm. Azərbaycanda 5 region üzrə qeydiyyat elektron qaydada gedir”. Direktor bildirib ki, şagirdlərin sayının çoxluğu dərslərin keyfiyyətinə təsir göstərmir: “Həmin sinfin müəllimi güclü, yaradıcı müəllimdir. Təbii ki, şagirdin sayı nə qədər az olsa, işin keyfiyyəti bir o qədər normal olar. Amma istək artıq müəllimdən də, məndən də asılı deyil. Yenə deyirəm, bütün siniflərimizdə bu cür hal müşahidə edilmir. 16 otağımızın tutumu 44-46 şagirdin yerləşməsinə yetir. Məlumat üçün bildirim ki, Güncə şəhərində 46 ümumorta məktəbi var. 4 nömrəli məktəbdə hər sinifdən paralel 9-10 sinifdir. Yəni, düşünmürəm ki, paralel sinfin açılması səmərə verə bilər. Həm də paralel iki sinif artırıramsa, iki əlavə bölünən otaq yaranmalıdır. Bunu da nəzərə almaq lazımdır. Məktəb 3 korpusdan ibarətdir. Otaqlar çox genişdir. Dediyim kimi elektron qeydiyyata görə bizim nəsə etməyimiz mümkün deyil”. Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov isə saytımıza açıqlamasında bildirib ki, sinfin şəraiti, böyüklüyü imkan verirsə, 46 şagirdin təhsil alması mümkündür: “Şagirdlərin elektron qaydadan keçməsinə nazirlik nəzarət edir. Lakin paralel sinfin açılması üçün maliyyə olmalıdır və bunu da biz tənzimləmirik. Valideynlərin bu istiqamətdə şikayətinə bu il yox, yeni tədris ilində baxıla bilər. Yəni yeni tədris ilində yeni büdcə nəzərdə tutulacaq və onunla tənzimləmək mümkündür. Çünki məsələ təkcə şagirdin sinif otağında oturması deyil, həm də müəllimlərin əməkhaqları da var. Təklif vermişik, nazirlik də maraqlıdır ki, yeni tədris ilində siniflərin sayı artırılsın”. Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, qeyd olunan problemlə bağlı əslində paralel sinif açılmalıdır: “Birmənalı şəkildə. Amma buna məktəbdə sinif sayı və müəllim çatışmazlığı maneə törədir. Həm də uşaqlar sona qədər o məktəbdə qalmır deyə, gələcəkdə müəllimlərin ixtisara salınması halı baş verir. Amma dediyim kimi, paralel sinif açılmalıdır. Otaqlar stadion olsa belə, 45 dəqiqə ərzində 46 uşaqdan verilmiş tapşırığı yoxlamaq, yəni dərsi izah etmək, şagirdi qiymətləndirmək, jurnal yazmaq mümkün deyil”. Geri qayıt |