Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib?

İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib?


25-11-2019, 13:10
İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib?
Suraxanı rayonu, İlqar Məmmədov küçəsi, ev 6, mənzil 1 ünvanında qeydiyyatda olan və orada yaşayan Rafiq Məmmədov 1992-ci ildən sərəncamında olan həyətyanı sahəsinin Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq əlindən alındığını iddia edib.

Bu barədə Axar.az-a 28 ildir yaşadığı evdən qəzalı olması səbəbi ilə çıxarıldığını bildirən R.Məmmədov danışıb. Şikayətçi bildirib ki, yaşadığı illər ərzində evinin ətrafında olan boş qalmış 6 sot həyətyanı ərazini rəsmi şəkildə sənədləşdirib:

“Həmin ərazidə ikimərtəbəli köhnə tikililər idi. Mən 1992-ci ildən orada yaşayıram. 1995-ci ildə həyətyanı ərazini bağ kimi istifadə etmək üçün Hacıbala Abutalıbovun dövründə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək, rəsmi şəkildə 6 sot ərazini aldım. Bağda müxtəlif növ ağaclar əkmişəm və illərdir bu ərazi mənim şəxsi mülkümdür. Hazırda orada şəxsi mülkiyyətimdə 6 sot torpaqdan başqa, 126 kvadrat da şəxsi evimdir. Ötən il rayon İcra Hakimiyyətindən gələrək, evimin qəzalı olduğu üçün plana düşdüyünü dedilər. Bildirdilər ki, qəzalı olduğuna görə birdəfəlik kompensasiya veriləcək. Gəlib evi ölçdülər və hesab apardılar. Ərazidə məndən başqa yaşayan sakinlər də vardı, onlar da etiraz etdi ki, bizim başqa tikililərimiz də var, onun üçün də kompensasiya ödənilsin. Buna görə də əlavə pul ödənildi. Mənim əlavə 6 sot bağ ərazim olduğu üçün bildirdim ki, bunu da nəzərə alın və ya kompensasiya verin, ya da evimi söksəniz də, torpağımı verin, burada yeni ev tikim. Suraxanı icra başçısının müavini Etibar Yolçiyev mənə şəxsən bildirdi ki, narahat olma, danışarıq. Bundan sonra bir neçə dəfə də getdim qəbuluna və mənə bildirdi ki, qoy ev sökülsün, gələrsən torpağını verərik. 120 kvadrat metrlik ev və ondan əlavə 30 kvadratlıq həyətyanı kiçik tikilimə görə mənə ümumilikdə 140 min kompensasiya verilib. Mən kağızda da məhz bu tikililərə görə verilən kompensasiyaya imza çəkmişəm. 6 sot torpağıma görə mənimlə heç bir alğı-satqı aparılmayıb, heç bir kompensasiya söhbəti olmayıb”.

Şikayətçi bildirir ki, o, notarial qaydada İcra Hakimiyyətinə evini verib və kompensasiyanı da yalnız evinin ərazisinə görə alıb:

“Evim söküləndən bir müddət sonra gəlib əraziyə baxdım ki, 6 sot torpaq ərazimin hasarını uçuraraq 60 metrə qədər içəri giriblər. Mənim bağım meşəlik ərazidir. Ərazini özəlləşdirəndən sonra orada ancaq ağac əkmişəm, yaşıllıq salmışam. Gəlib gördüm ki, bağımdakı 30 illik neçə ağacı qırıblar, 7-8 ağacı da dibindən çıxarıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional sahəsinə zəng edib məlumat verdim. Bundan sonra nazirlik əməkdaşları gəlib ərazidə işi dayandırdılar. Ekologiya Nazirliyinin sayəsində torpağımda qanunsuz olaraq aparılan işlər dayandırılıb. Ancaq yenə də gecə gəlib bağımın hasarını sökürlər, bağımın qapısına daşla hörürlər”.

Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov mövzu ilə bağlı Axar.az-a açıqlamasında bildirib ki, şikayətçi Rafiq Məmmədova həm torpağa, həm də evə görə kompensasiya ödənilib:

“Rafiq Məmmədovun qəzalı vəziyyətdə olan evi sökülüb. Tikilidən aralıda isə onun əlavə torpaq sahəsi var idi. Bununla bağlı vətəndaşa kompensasiya ödənilib. Onun razılığından sonra torpaq sahəsi dövlətin əmlakı oldu. Sənədlərdə onun razılıq ərizəsi var. O ərizədə də qeyd olub ki, vətəndaş kompensasiya alıb və əmlakından da imtina edib. Sənədin surəti notariusda təsdiq olunub və Dövlət Əmlak Komitəsinə göndərilib. Əgər vətəndaş nədənsə narazıdırsa, məhkəməyə müraciət etsin”.

B.Barxudarov bildirib ki, şikayətçinin yaşadığı mənzil qəzalıdırsa və sökülürsə, ona ümumi hesablanmış kompensasiya verilir:

“Bu kompensasiya həm torpağa, həm də binaya görə verilib. Bunların hamısı nəzərə alınıb. Orada təxminən 30 kv-lıq tikili də vardı. Rafiq Məmmədov 30 min almalı idi, lakin vətəndaşa 140 min manatdan çox ödəniş edilib”.

Məsələyə hüquqi qiymət verən hüquqşünas Səməd Vəkilov bildirib ki, Mülki Məcəlləyə görə, vətəndaşın torpaq sahəsinə görə də ona kompensasiya verilməlidir:

“Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ var. Həmin maddənin II hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin IV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.

Geri qayıt