Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Keçmiş deputatın adamları belə fırıldaq gəlir:

Keçmiş deputatın adamları belə fırıldaq gəlir:


6-05-2020, 11:33
Keçmiş deputatın adamları belə fırıldaq gəlir:
2004-cü ildən fəaliyyətə başlayan «Ştutqart» mağazalar şəbəkəsi müxtəlif növ avto ehtiyat hissələrinin topdan və pərakəndə satışı ilə məşğuldur. Lakin adıçəkilən şirkətin müştərilərə təqdim etdiyi məhsulların böyük bir qismi olduqca keyfiyyətsizdir. Keçmiş deputat Nəriman Əliyevin sahibi olduğu «Ştutqart» mağazalar şəbəkəsinin hazırda paytaxtın müxtəlif ərazilərində filiallarının olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, sözügedən şirkət son zamanlar qiymətləri ciddi şəkildə qaldırıb. «Ştutqart»ın mağazalarından birinin Babək prospekti 36a ünvanında, digərlərinin isə Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 1, Yasamal rayonunda, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi 19a ünvanında fəaliyyət göstərdiyini qeyd edən mənbə bildirir ki, hazırda ölkəmizdə avtomobil ehtiyat hissələrinin vahid standartı olmadığından bu sahədə boşluq var:

«Məlumat üçün bildirim ki, ehtiyat hissələri 3 qismdə istehsal olunur: orijinal, zavodun lisenziyası əsasında fəaliyyət göstərən müəssisələr və qeyri-qanuni yolla istehsal edilən ehtiyat hissələri. Lakin son dövrlər 3-cü qism ehtiyat hissələri bazarı ələ alıb ki, bunlar da, əsasən, Çin istehsalıdır. Malların ucuzluğu alıcı cəlb etsə də, keyfiyyətin aşağı olması sonradan ağır fəsadlara, bədbəxt hadisələrə gətirib çıxarır. Deyilənlərə görə, «Ştutqart» mağazalar şəbəkəsində müştərilərə əsasən bu cür məhsullar, yəni Çin istehsalı olan avto ehtiyat hissələri təqdim olunur. Bu isə sonda ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Statistika göstərir ki, yol qəzalarının baş verməsində keyfiyyətsiz ehtiyat hissələrinin rolu böyükdür. Belə ki, qəza anında sürücü vəziyyətdən çıxa bilmir ki, bu zaman hadisə qaçılmaz olur». Məlumatlı şəxsin iddiasına görə, avtomobil ustaları da «Ştutqart» mağazalar şəbəkəsinin istismara yararsız olan bu cür ehtiyat hissələrinin tez bir zamanda sıradan çıxdığını deyirlər: «Deyilənlərə görə, keçmiş deputat Nəriman Əliyevin sahibi olduğu «Ştutqart»ın satıcıları satdıqları məhsullara təminat, zəmanət vermirlər. Halbuki satıcılar tərəfindən malın təminatı olmalı və sənəd formasında göstərilməlidir. Onu da nəzərinizə çatdırım ki, devalvasiyadan sonra «Ştutqart» mağazalar şəbəkəsinin müştəri bazası əməlli-başlı azalıb. Çünki devalvasiyadan sonra qiymətlərdə ciddi artım müşahidə olunur. Hələ bu, harasıdır. Adıçəkilən mağazanın mərkəzi ofisində və filiallarında belə hallar da olur ki, keyfiyyətsiz ehtiyat hissələri orijinal bağlamalarda satılır.

Həmin ehtiyat hissələri isə Çində ən keyfiyyətsiz materiallardan hazırlanır, avtomobilə qoyulan zaman isə müəyyən fəsadlara səbəb olur. Məsələnin maraqlı tərəfi ondadır ki, bu cür ehtiyat hissələrinə baxış zamanı bu işdə peşəkar olmayan insan heç bir fərq görməyəcək. Lakin mütəxəssislər, avtomobil ustaları bildirirlər ki, «Ştutqart»ın müştərilərə təqdim etdiyi qeyri-orijinal ehtiyat hissələri tez bir zamanda sıradan çıxır, üstəlik müəyyən nasazlıqlara səbəb olur. Məsələn, avtomobilə saxta əyləc «kolodkaları» qoyulan zaman əyləci sıxdıqda fit səsi, xoşagəlməz iy gəlir və əyləc məsafəsi uzanır. Hətta yüksək sürətdə əyləci basarkən əyləc kolodkaları əriyə bilər. Eləcə də digər saxta ehtiyat hissələrinin istismarı zamanı xoşagəlməz məqamlar üzə çıxır. Qeyd etdiyim kimi, orijinal və qeyri-orijinal ehtiyat hissələrini ilk baxışdan bağlamalarına görə ayırd etmək mümkün deyil. Ancaq loqotip və koda diqqətlə baxsanız, görəcəksiniz ki, çox cüzi də olsa, fərqlər var. Misal üçün orijinal ehtiyat hissəsinin üstündəki loqotip daha səliqəli və incədir. Qeyri-orijinaldakı isə daha qalın şriftli loqotipdir. Bundan başqa, həmçinin ehtiyat hissəsinin adının yazılışına baxsanız, orijinalda adın bütün hərfləri böyük şrift ilə, qeyri-orijinalda isə baş hərflər böyük şrift ilə, sonrakı hərflər isə kiçik şrift ilə yazılıb. Bütün bunlar bir daha onu təsdiqləyir ki, deputat Nəriman Əliyevin sahibi olduğu «Ştutqart» asan yolla daha çox gəlir əldə etmək naminə müxtəlif üsullarlarla müştərilərə kələk gəlir».

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt