Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “FƏALİYYƏTİMIZƏ SÜNİ MANEƏ YARADILIR…”

“FƏALİYYƏTİMIZƏ SÜNİ MANEƏ YARADILIR…”


23-06-2020, 12:00
“FƏALİYYƏTİMIZƏ SÜNİ MANEƏ YARADILIR…”
Babək prospektində, “Xalqlar Dostluğu” metrosu yaxınlığında yerləşən və “Maşın bazarı” kimi tanınan əraziyə yaxın mağazaların sahiblərindən bir qrupu “AzPolitika.info” vasitəsilə Nazirlər Kabineti yanındakı Operativ Qərargaha müraciət ediblər.

Sahibkarlar qeyd edirlər ki, onların mağazalarının sözügedən bazarın daxili ərazisinə heç bir aidiyyatı olmasa da, ticarət mərkəzlərinin fəaliyyətinə qadağa qoyan sərt karantin rejiminin tələbləri əsas gətirilərək, işləmələrinə imkan verilmir: “Bizim mağazaların bazarın daxilinə heç bir aidiyyatı yoxdur, onlar Xalqlar Dostluğu körpüsünün altındakı dairənin yanında yerləşir və bu mağazaların qapısı yola, Babək prospektinə açılır. Hər birimiz özümüzə aid olan ayrı-ayrı vöenlərlə fəaliyyət göstəririk, yəni ki, vergi qeydiyyatı baxımından bazarla heç bir əlaqəmiz yoxdur. Satdığımız məhsullar isə avtomobil ehtiyat hissələri və avadanlıqlarıdır. Yəni bizim fəalıiyyət növümüz də sərt karantin dövründə qadağan olunan fəaliyyət növləri sırasına aid deyil. Lakin buna baxmayaraq, işləməyimizə imkan verilmir, fəaliyyətimizə süni əngəl yaradılır”.

Sahibkarlar qeyd edirlər ki, şəhərdəki əksər ticarət mərkəzlərinə, bazarlara yaxın, hətta bitişik olan belə mağazalar fəaliyyət göstərsə də, polis əməkdaşları onların mağazalarının fəaliyyətinə imakn vermir. Halbuki, eyni fəaliyyətlə məşğul olan yaxınlıqdakı digər mağazalar işləyirlər.

Şikayətçilər bildirirlər ki, mağazalarında karantin tələblərinə uyğun olan bütün şərtlər yerinə yetirilir: “Bizim satdığımız məhsullar elə sahəyə aiddir ki, onların satışı zamanı ərzaq mağazalarından fərqli olaraq, kütləvi müştəri axını, sıxlıq yaranmır. Hərəmiz gün ərzinə maksimum 10-15 müştəri yola salırıq. Və bu zaman tibbi maska və sosial məsafə tələblərinə tam riayət olunur.”

Sahibkarlar Operativ Qərargahdan xahiş edirlər ki, onların fəaliyyətinin bərpasına dair müvafiq qurumlara göstəriş verilsin: “Hər mağazada rəsmi qeydiyyatda olmaqla çalışan işçilər var. Üzərimizə düşən bütün vergi və sosial ödəmələri vaxtında yerinə yetiririk. Lakin mağazalar bağlı olanda, nə vergiləri, nə də bu işçilərin əmək haqlarını ödəmək imkanımız olmur. Pandemiyanın yaratdığı təhlükəni tam dərk edir və nəzərə alırıq. Buna görə də bütün karantin tələblərinə riayət etməyə hazırıq. Sadəcə, imkan verilsin ki, işləyə bilək və bu mağazalarda çalışanların ailələri indiki çətin dövrdə dolana bilsin, çörəyə möhtac qalmasın…”

Müraciət redaksiyamıza 13 sahibkarın adından daxil olub:

1. Əliyev İntiqam Qəhrəman oğlu

2. Əzizov Sehran Qüdrət oğlu

3. Abbasov Mehman Əli oğlu

4. Nəsibov Əfqan Qasim oğlu

5. Mehdiyev Mayil Təhməz oğlu

6. Əmirov Akif Qaraş oğlu

7. Qacar Mahir Mahal oğlu

8. Quliyev Ramiz Şadi oğlu

9. Bayramov Bünyad Pənah oğlu

10. Quliyev Elşən Şahverdi oğlu

11. Bayramov Nəsimi Əyyub oğlu

12. Gəncəliyev Mayis Arif oğlu

13. EKOFİLTER MMC

Xatırladaq ki, sözügedən sahibkarlar bundan öncə də karantin dövründə onların işinə yaradılan maneələrlə bağlı mətbuat vasitəsilə müvafiq qurumlara müraciət etmişdilər.

Geri qayıt