Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qalmaqalın mərkəzindəki Ağciyər Xəstəlikləri İnstitutu həkimsiz qalıb?

Qalmaqalın mərkəzindəki Ağciyər Xəstəlikləri İnstitutu həkimsiz qalıb?


19-08-2020, 12:09
Qalmaqalın mərkəzindəki Ağciyər Xəstəlikləri İnstitutu həkimsiz qalıb?
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova və həkim Səbinə Məmmədova arasında aylardır davam edən çəkişmə bitmək bilmir.

Həkim iddia edib ki, 2017-ci ildə Həqiqət Qədirova Ağciyər Xəstəlikləri İnstitutuna direktor təyin olunandan sonra ona qarşı qərəzli mövqe və bir sıra qadağalar tətbiq etməyə başlayıb. Əsassız töhmətlər verib və 3 ayın içində əvvəlcə 2017-ci ildə şöbə müdirliyindən, 2018-ci ildə isə uydurma ittihamlarla işdən çıxarıb. Həkim isə məcbur qalıb məhkəməyə müraciət edib. Uzun çəkən məhkəmə prosesindən sonra həkim 30 noyabr 2019-cu il tarixdə işinə bərpa edilib və əmək fəaliyyətinə yenidən başlayıb. Həkim Səbinə Məmmədovaya qarşı gerçəkləşmiş qanun pozuntuları, onun qeyri-qanuni olaraq işdən azad edilməsi faktı Azərbaycan Resplikasının Ali Məhkəməsi tərəfindən də təsdiq edilib və bu barədə qərar qüvvədə saxlanılıb.

Səbinə Məmmədovanın hüquqlarını müdafiə edən ictimai vəkil və hüquqşünas Samir Zeynalov Cebhe.info-ya məlum şikayətlə bağlı müraciət edib. O, Həqiqət Qədirovanın müvəkkili Səbinə Məmmədovanı intihar həddinə çatdırdığını iddia edərək, direktorun qanunsuz əməlləri ilə bağlı sübut və faktları Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, Səhiyyə Nazirliyinə təqdim etdiyini, hər üç qurumdan cavab almadıqda isə tədbirsizliklə bağlı ölkə başçısına müraciıət etdiyini bildirib. Samir Zeynalovun iddiasına görə, Ağciyər Xəstəlikləri İnstitutunun direktoru olmaqla bərabər, ATU-un Mikrobiologiya Kafedrasına rəhbərlik edən Həqiqət Qədirova qərəzli hərəkətlərilə 24 iyul 2020-ci il tarixdə Səbinə Məmmədovanın intihara cəhd etməsinə baiskar olub. Bir müddət stasionar qaydada özəl xəstəxanaların birində müalicə alan Səbinə Məmmədovanın düşdüyü vəziyyətlə bağlı hazırda Nizami Rayon Prokurorluğunda araşdırma gedir. Zərərə məruz qalmış şəxsin müalicəsi hazırda ambulator şəraitdə davam etdirilir. Samir Zeynalov həmçinin bildirib ki, Həqiqət Qədirova tərəfindən 3 ildir Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda namünasib əmək şəraiti, kollektiv arasında çaxnaşma, üzə-üzə qoyma, işini itirmək qorxusu, vahimə və bəzi işçilərin timsalında məddahlığa meyillik mövcuddur:

“Məhz Həqiqət Qədirovanın usandırıcı və qanunsuz əməli fəaliyyətinə dözməyərək işini tərk etmiş, adları aşağıda çəkilən yetəri qədər təcrübəli həkim var:

• Torakal cərrah Cəmil Ələkbərov
• Prof. Torakal cərrah Kamal Əliyev
• H/Reanimatoloq Ruhiyyə Abdullayeva
• H/Reanimatoloq Elşən Həsənov
• H/Renimatoloq Vüqar Səfərov
• H/Pulmonoloq İlqar Mustafayev
• Direktor müavini İradə Axundova.

Məhz bu statistik fakta görə 3 ildir ki, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda reanimatoloq çatışmazlığı mövcuddur. İnstitutun yeganə həkim-reanimatoloqu Fikrət Məmmədov açıq ürək əməliyyatı keçirdiyindən daimi əmək fəaliyyəti ilə məşğul olmaq imkanından mərhumdur və bu səbəbdən dolayı da hazırda məzuniyyətdədir. Maraqlıdır ki, onun vəzifələrini hazırda ixtisasca reanimatoloq olmayan Həsrətova Hədiyyə adlı həkim icra edir. Bu isə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna birbaşa ziddir. Təsadüfi deyil ki, kadr siyasətinin düzgün həyata keçirilməməsi və şəxsi ambisiyalar nəticəsində sözügedən ixtisas üzrə həkim çatışmazlığının mövcudiyyət faktı cari ilin birinci rübündə 68 nəfər xəstənin dünyasını dəyişməsinə səbəb olub. İnstitutun reanimatoloqu yoxdur. 5 aya 68 xəstə ölüb. Həqiqət Qədirova isə baş verən ölüm hallarını normal hadisə adlandırıb, bu azmış kimi ölən xəstələrin barəsində “reanimatoloji” tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bu qədər tənqidən sonra TƏBİB koronavirusa görə instituta reanimatoloq ezam edib. Amma onlar da oranın işçisi deyil. Yəni bu gün var, sabah yox...”

İctimai vəkil qeyd edib ki, Səbinə Məmmədovanın tələbi Həqiqət Qədirovanın barəsində qanunauyğun tədbir görülməsi, onun cinayət məsuliyyətinə cəlb edilməsidir.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Cebhe.info-ya açıqlamasında deyib ki, Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Səbinə Məmmədova və ictimai vəkil Samir Zeynalovun TƏBİB-ə rəsmi müraciəti cavablandırılıb:

“Mənə verilən məlumata görə, qeyd etdiyiniz şəxslər TƏBİB-ə rəsmi müraciət edib və rəsmi cavab alıblar. Qaldı digər məsələ ilə bağlı, əgər hər hansı qanunsuz əməl varsa, bildiyim qədər xanım hüquq-mühafizə orqanlarına müraciət edib və bununla bağlı araşdırmanı onlar aparır. Təkrar müraciətlərə də eyni məzmunlu cavab göndərilir. Ola bilər ki, təkrar müraciətlər olunub. Vətəndaş özü TƏBİB-in sənədlər və vətəndaşlarla müraciət şöbəsinə müraciət edib məktubunun cavabı ilə bağlı maraqlana bilər, ona məlumat veriləcək. Ümumiyyətlə, tibb müəssisələrində işçi qrup tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır. Hər hansı bir qanunsuzluq aşkarlanmayıb. Qeyd edilən xəstəxanaya xaricdən gələn mütəxəssislər də, eyni zamanda ÜST-ün missiya qrupu da səfər edib və koronaviruslu xəstələrin müalicəsi üçün yaradılan şəraitlə tanış olaraq o xəstəxananı nümunə kimi göstəriblər”.

TƏBİB-in şikayətçilərə ünvanladığı cavab məktubları ilə tanış olmaq istəsək də, hüquqşünas Samir Zeynalov belə bir cavabın olmadığını bildirib. O, Səbinə Məmmədova ilə bağlı TƏBİB-ə edilən rəsmi müraciətlərin heç birinə cavab verilmədiyini deyib:

“Nə vaxt cavab verilib? Yalan danışırlar... Cavab verdiklərini nə ilə sübut edə bilərlər? Cavab versəydilər, biz cavab məktublarını təqdim edərdik. Deyərdik ki, narazıyıq və s. Çıxarıb göstərsinlər, cavab məktubunu. Birinci müraciətə cavab veriblər ki, təkrara da versinlər? Hətta gedib maraqlanmışam. Mirhüseyn adlı hüquqşünasları var. Bildirib ki, araşdırma gedir. Qəbul yoxdur və yuxarı buraxmırlar. Poçt xidməti var, kuryer var. Varsa cavab, niyə ünvana göndərilmir? Həqiqət odur ki, biz müraciətlərimizə heç bir cavab almamışıq. Mən özüm dəfələrlə getmişəm. Yalnız telefonla qəbul ediblər və bildiriblər ki, araşdırılır. 4 aydır araşdırıb bitirə bilmirlər”.

Cebhe.info qalmaqallı məsələnin digər tərəfi Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirovanın da mövqeyini öyrənib. Direktor ona qərəzli mövqe sərgiləndiyini və ümumilikdə böhtana məruz qaldığını bildirib:

“Bu məsələ telefonla 5 dəqiqəlik deyil. Səbinə Məmmədova illərdir ki, məkrli işlərlə məşğul olmağa alışıb. Böhtan dolu yazılarla mətbuata çıxır. Bu, 3 ildən artıq davam edən bir məsələdir. Mən instituta direktor təyin ediləndən qayda-qanun yaratmağa çalışmışam. Baş verən xoşagəlməz hallar və çoxsaylı şikayətlərin qarşısını alım, nizam-intizam bərpa olunsun. Başda Səbinə Məmmədova olmaqla bir neçə nəfər qayda-qanuna riayət etmək istəmir. Səbinə Məmmədova isə şər, böhtan, yalan, bir sözlə, ən pis addımlara gedən insandır. Mən ora gələn gündən Səbinə Məmmədovanın tələbi istədiyi kimi işləmək və məni xəstəxanadan çıxarmaq olub. Bu adamın fikri budur. Xəstə öldürsün, düzgün müalicə etməsin, xəstəni vaxtından əvvəl müalicə etməsin, vərəmli xəstəyə yalandan arayış versin. Uzun-uzadı məsələlərdir və bunları sübuta yetirmək üçün məndə kifayət qədər sənədlər var. O da sübut eləsin, mən də... Siz gəlin xəstəxanaya, həmin sənədlərlə sizi tanış edim. Hansısa sayta çıxıb boş-boş danışmaq çox asan bir şeydir. Çıx danış, heç kəs bunu yoxlamır axı ki, bu var, ya yoxdur. Amma mən sizə fakt və sübutla göstərim ki, bu adamın fəaliyyəti nədir”.

Həqiqət Qədirova əlavə edib ki, əgər hansısa məhkəmə onun yenidən işə bərpa olunmasına bəraət qazandırıbsa, qərar çıxarıbsa, bu, o demək deyil ki, Səbinə Məmmədova düz işləyir:

“Konkret olaraq faktlar var. Bu adamın fəaliyyəti kriminaldır. Mənim onunla heç bir şəxsi qərəzliyim yoxdur. Yaşımıza və səviyyəmizə görə o, hara, mən hara? Bu söhbətləri etmək heç nəyə yaraşmır. Amma bütün kollektiv bu adama başa sala bilmir ki, normal insan kimi başını aşağı sal, işlə. Heç kəsin sənlə işi yoxdur, işlə də... Gələn kimi başlayır... İşdən qaçmaq, növbədə qalmamaq, hansısa fırıldaqla məşğul olmaq, bu adamın işi ancaq budur. Ondan sonra da haray və qışqırıq salmaq, saytlara yazmaq... ”

İddia olunduğu kimi, Həqiqət Qədirovanın qanunsuz əməlinə dözməyən 7 təcrübəli həkimin işdən çıxması məsələyə gəlincə, direktor iki nəfərdən başqa heç kəsi işdən azad etmədini bildirib:

“Yalandır. Gəlin görün. Əmrlər və ərizələr var. Kim istəyibsə gedib, kim qalmaq istəyibsə işləyir. Cəmi iki nəfəri – Səbinə Məmmədova və Vüqar Səfərovu işdən azad etmişəm. Qalan nə varsa, yalandır. Bilin ki, bu adamın nəfəsi belə yalandır. O, düz adam deyil”.

Geri qayıt