Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Bizim ərazi bütövlüyümüz öz ordumuz tərəfindən bərpa olunur"
"Bizim ərazi bütövlüyümüz öz ordumuz tərəfindən bərpa olunur"24-10-2020, 10:22 |
"Əvvəla, Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlarından Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər. Deməli, bu, birincisi. İkincisi, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, bizə bizimlə birgə vuruşacaq əcnəbilər lazım deyil, çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Biz hətta tam səfərbərlik belə elan etməmişik. Bizə döyüşdə əlavə insan lazım olsa, biz daha çoxlarını çağırarıq. Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir və həmçinin onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermənistanın cəhdidir". DİA.AZ bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verərkən "Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmursunuz?" sualının cavabında bildirib. Daha sonra Prezidentimiz "Cənab Prezident, dediniz ki, Sizin çox müasir avadanlığınız var, bu, doğrudur. Sizin bütün növ dronlarınız var, bəziləri Türkiyədən gəlir, həmçinin effektiv kamikadze dronları İsraildən, ərəb ölkələrindən gəlir. Beləliklə, İsrailin hərbi avadanlığının yardımı Sizin üçün çox önəmlidirmi və onlar Sizə hərbi irəliləyişi əldə etməyə imkan verirlərmi?" sualını aşağıdakı kimi cavablandırıb.: "Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz, həmçinin İrandan, Ukraynadan, Belarusdan silah alırıq. Əlbəttə ki, bizim bu gün ordumuza ərazi bütövlüyümüzü bərpa etməyə kömək edən müasir silahları almaq imkanımız var. Bizim ərazi bütövlüyümüz öz tərəfimizdən bərpa olunur. Təbii ki, bizim regionda istənilən ölkə silah alır. Dünyada heç də bütün ölkələr özlərini 100 faiz hərbi avadanlıqla təchiz edə bilmir. Beləliklə, burada qəribə olan bir şey yoxdur. Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir". Geri qayıt |