Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq"
"Düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq"1-12-2020, 12:23 |
"Bir daha demək istəyirəm ki, biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı. Bu Bəyanatın altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O, əslində, kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı. Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə məşğul olsun". Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib. "Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır", dövlət başçısı bildirib. Geri qayıt |