Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Nazirlə təhsil ekspertinin kompüter çəkişməsi

Nazirlə təhsil ekspertinin kompüter çəkişməsi


3-12-2020, 11:35
Nazirlə təhsil ekspertinin kompüter çəkişməsi
“Təhsil naziri Emin Əmirullayev deyir ki, ölkədə 1 milyon 500 min şagird var. Amma Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda yoxdur. Sonra da qeyd edir ki, Bakı və Sumqayıt kimi iri şəhərlərdə təxminən 74-75 % təhsilalanı qeydiyyatdan keçirib onlayn təhsilə cəlb edə bilmişik. İndi rəqəmlərə baxaq”.

Cebhe.info-nun xəbərinə görə, bunu təhsil eksperti Kamran Əsədov bildirib:

“Bakı şəhərində 440 min, Sumqayıt şəhərində 58 min, Abşeron rayonunda 45 min şagird təhsil alır ki, bu da üç ərazidə cəmi yarım milyondan çox (təxminən 543 min) şagird deməkdir. Onlarla ümumilikdə 40 minə yaxın müəllimin çalışdığını nəzərə alsaq, bu, 600 min şəxsin aktiv tədris prosesinin iştirakçıları olduğu deməkdir. Nazir deyir ki, onların 75 faizi “online” dərslərə qoşulub. Bu da axı 450 min alət (kompüter, planşet, telefon) deməkdir. Həqiqətənmi bu qədər alət bu ərazilərdə var? Bir də elektron portaldan qeydiyyatdan keçmək ondan daimi istifadə etmək demək deyil. İkincisi, hər il orta məktəblərə, təhsil müəssisələrinə azı 6000 ədəd kompüter, 3000 ədəd “notebook” verilir ki, bu da 100 mindən çox internetə çıxış aləti deməkdir. Bir neçə il əvvəl hər 20 şagirdə 1 kompüter var idi, sonradan bu rəqəm daha da az oldu. Hazırda məktəblərə dərs yoxdur və bu alətləri aztəminatlı ailələrə vermək olmazmı? Yoxsa bəzi direktorlar onları artıq özününküləşdirməyə nail olub və ya Təhsil Nazirliyi tərəfindən davamlı olaraq məktəblərin lazımi vəsaitlərlə "təmin etməsində" problemlər var? Yolda bu ləvazimatlar "Bermud üçbucağı"nın üstündən keçib yoxa çıxır?”

Kamran Əsədov deyib ki, rəsmi məlumata görə, məktəblərdə 83 min kompüter var:

“Sevindirici haldır ki, bu gün respublika ərazisində hər 19 şagirdə bir kompüter düşür. Yəni orta məktəblərimizin əksəriyyəti kompüterlə tam təchiz edilib. Amma bunlar təkcə kompüterlərdir. Axı 40 minə qədər də “notebook” Təhsil Nazirliyi tərəfindən məktəblərə verilib. Hələ bura bir neçə xarici ölkə tərəfindən hədiyyə edilənləri demirəm. Misal üçün, Yaponiya, Koreya, Çin hökumətləri tərəfindən bir neçə dəfə “notebook”lar hədiyyə edilib. Sinqapurun riyaziyyat fənnindən dərsliklərindən biz də istifadə edəcəyik. Deyək ki, Sinqapurda riyaziyyat fənindən təhsil yüksəkdir və bizdə də təhsil qaldırılmalıdır. Amma gəlin görək Sinqapurla bizim məktəblərin keyfiyyəti, müəllimin əmək haqqı bərabərdirmi? Riyaziyyat kitabını tərcümə və çap edib məktəbə doldurmaqla deyil ki! Əslində, bu yenilikləri tətbiqi müsbət haldır. Amma gərək buna hazır olaq. Məsələn, Gürcüstanda müəllimlərə sertifikat verirlər, indi biz də sabah müəllimlərə sertifikat verək?! Hər bir ölkənin öz mentaliteti və inkişaf meyilləri var. Bizdə ölkəmizin iqtisadi cəhətdən inkişaf etməsi o anlama gəlmir ki, təhsilimiz də iqtisadi inkişafımıza bərabərdir. Yəni biz elə hesab edirik ki, iqtisadiyyatımız inkişaf edirsə, təhsilimiz də o səviyyədədir. Nazir qeyd edib ki, “1 şagird, 1 kompüter” sistemi tətbiq olunan ölkələrin təcrübəsinə nəzər salsaq, həmin ölkələr də təhsil sahəsində elə ciddi uğurlar əldə etməyib. Bu fikiri doğru hesab etmirəm. Misal üçün, bu sistemi tətbiq edən ölkələrdən biri Banqladeşdir. Bu ölkənin təhsil reytinqi bizdən dəfələrlə yuxarıdadır. Nazirin yanaşması ilə məsələyə baxsaq, onda Sinqapur dərsliklərindən istifadə etmək ümumiyyətlə, yanlışdır. Çünki onların təhsil sistemi və dərs metodu olduqca sərtdir ki, bunun da nəticəsində dünyada ən çox intihar edən şagirdlər bu ölkənin payına düşür”.

Geri qayıt