Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bu təhsillə Kəlbəcərə qayıtmaq olmaz...

Bu təhsillə Kəlbəcərə qayıtmaq olmaz...


7-12-2020, 08:31
Bu təhsillə Kəlbəcərə qayıtmaq olmaz...
Ramana qəsəbəsində yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəblə bağlı sosial şəbəkələrdə səs yazısı yayılıb. Səs yazısında məktəbin direktor müavini Yasəmən Sarıyeva müəllim kollektivindən 10 manatdan pul yığılmasını tələb edir. Daha sonra əlavə edir ki, toplanan vəsaitlə məktəbə Heydər Əliyev və İlham Əliyevin şəkilləri alınacaq (səs yazısında bu cür deyir - red.) Y.Sarıyeva pul yığıb sinif də aça biləcəklərini xüsusi vurğulayır.

Onun bu tələbi müəllim kollektivi tərəfindən narazılıqla qarşılanır.
Digər bir səs yazısı isə məktəbin direktoru vəzifəsini icra edən Ülkər Quliyevaya məxsusdur. Maraqlı məqam ondan ibarətdir ki, məktəb direktoru nazirliyin əməkdaşlarını da hədələyir:
“O nazirlikdəkinə denən mənə zəng etsin, yaxud nömrəsini at, mən onunla danışacağam, görüm, kimdilər ki, əsassız məlumata görə bu qədər insana əziyyət verir. Nazirliyin hansı işçisidir ki, bu qədər məsuliyyəti üstünə götürüb, çıxsın cavab versin”.



Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, məsələ nazirliyin diqqətindədir, artıq araşdırmalara da başlanılıb.
Təhsil eksperti, əməkdar müəllim Almaz Həsrət mövzu ilə bağlı “BakuPost”a bildirdi ki, pandemiya və müharibə kimi həssas bir dönəmdə bu cür məlumatların yayılması təəssüf yaradır:

“Bütün təhsil müəssisələrinə - peşə, orta və ali məktəblərə vacib atributlar, önəmli portret və şəkillər dövlət tərəfindən tam pulsuz, ödənişsiz əsaslarla paylanılır. Hətta hansısa dövlət tədris müəssisəsinin sinif otağında asılan portret və ya şəkillərdə köhnəlmə, qüsur aşkarlanırsa, aidiyyəti quruma rəsmi şəkildə məktub göndərilir və məktəb yenidən lazım olan avadanlıqlarla təmin olunur. Bu səs yazısı təəssüf doğurur. Görünən odur ki, kollektiv arasında sağlam pedaqoji mühit formalaşmayıb. Çünki məktəblərə ödənişsiz olaraq verilən bu avadanlıqlar üçün müəllimə “pul müqabilində həmin şəkilləri əldə edə bilərsiniz” deyilməsi doğru deyil. Əsla ola bilməz. Mən özüm tədris müəssisəsinin rəhbəri, bu proseslərin şahidi kimi qeyd edirəm ki, bütün lazım olan məhsullar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyi tərəfindən pulsuz olaraq verilir. Martdan bu günədək tüğyan edən pandemiyanın olmasına, eyni zamanda müharibə dövrünü keçdiyimizə baxmayaraq, heç bir vəsait, avadanlıq baxımdan çətinlik çəkmədik. Hətta dezinfeksiya tədbirləri üçün tələb olunan məhsullar da tam ödənişsiz olaraq məktəblərə ötürülüb”.
“Təəssüf edirəm ki, cəbhədə mübarizənin getdiyi bir vaxtda Kəlbəcər məktəbdə bu cür hallar baş verib və bunu mənfi, neqativ hal kimi qiymətləndirirəm”, - deyən A.Həsrət əlavə etdi ki, bu cür halların qarşısının alınması üçün ədalətli araşdırmanın aparılması şərtdir:

“Belə bir şey həqiqətən olubsa, buna göstəriş verən, icra edən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Mütləq layiq olduqları cəzanı almalıdırlar”.
Maraqlıdır ki, bir müddət öncə bu məktəbin direktoru Bəsti Hüseynova məhz eyni səbəbdən işdən qovulmuşdu. Onun da sosial şəbəkələrdə müəllimlər arasında pul bölgüsü etməsi ilə bağlı səs yazısı yayılmışdı. Bundan sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva 108 nömrəli məktəbə gələrək kollektivlə görüşmüş və direktorun işdən azad olunduğunu bildirmişdi.

Gundemxeber.az

Geri qayıt