Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azərbaycanda dolların QARA BAZARI...

Azərbaycanda dolların QARA BAZARI...


15-01-2021, 11:02
Azərbaycanda dolların QARA BAZARI...
Dünyada dolların kursu ilə bağlı vəziyyət son günlərdə dəyişməyə başlayıb.

Belə ki, dolların məzənnəsində nisbətən bahalaşma hiss olunur. Bazarlarda da dollar təlaşı yaranıb. Artıq “qara bazar”ın fəaliyyət aktivliyini göstərən faktlarla qarşılaşırıq.

Bir neçə gün əvvəl “qara bazar”da 1 dolları 1.74 manata satan şəxs inzibati məsuliyyətə cəlb olunub. Mərkəzi Bank da bir neçə dəfə dolların məzənnəsinin artmayacağı barədə məlumat yayıb. Ancaq buna baxmayaraq, bankların və əhalinin dollara olan tələbatı azalmır.

İnzibati cəzalar tətbiq etməklə dollar ajiotajının qarşını almaq mümkündürmü? Əgər məzənnə dəyişikliyi gözlənilmirsə, onda dollar təlatümünü yaradan səbəblər nədir? Dolların məzənnəsi ilə bağlı dünyada və Azərbaycanda vəziyyət necə dəyişə bilər?

Suallarımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda məzənnə siyasəti bazar iqtisadiyyatı ilə tənzimlənmədiyi üçün məzənnə dəyişikliyi təlatümü aktuallığını qoruyur:

“Azərbaycanda məzənnə siyasəti inzibati qaydada tənzimlənir və siyasi qərarla dəyişdirilir. Burada bazar iqtisadiyyatı qaydaları işləmir. 2016-cı ildə Mərkəzi Bank üzən məzənnə sisteminə keçidlə bağlı qərar versə də, bunu həyata keçirə bilmədi və Azərbaycanda “üzən məzənnə” rejiminin tətbiqi mümkün olmadı. Çünki institutsionar olaraq ölkə buna hazır deyil. “Üzən məzənnə” rejimi üçün çoxlu sayda bazar oyunçuları lazımdır. Yəni valyuta satıcılarının və alıcılarının sayı çox olmalıdır ki, məzənnə bazar qaydaları ilə tənzimlənsin. Azərbaycanda valyuta satan Mərkəzi Bankdır ki, o da Neft Fondunun vəsaitlərini satır. Alanlar isə formal hərraclarda həftədə iki dəfə iştirak edən 26 bankdır. Məzənnə dəyişikliyi üçün iqtisadi əsaslar da var. Həm ölkənin valyuta gəlirləri, həm də neft hasilatı azalıb. Eyni zamanda, neft bazarlarında qiymətlərin dalğalanması da var. Doğrudur, hazırda neft bazarında qiymət 55 dollar civarında sabitləşib. Amma hər halda bunun gələcəkdə yenidən düşmə ehtimalı da var. Qonşu ölkələrdə də milli valyuta dəyərdən düşüb. Türkiyədə, Rusiyada, Qazaxıstanda, Gürcüstanda bunu müşahidə edirik. Bu dövlətlər bizim əsas ticarət tərəfdarlarımızdır. Bu da manata təzyiqlər formalaşdırır. Yəni iqtisadi əsaslar olsa da, məzənnə dəyişikliyi siyasi qərarla mümkündür”.

Ekspert hesab edir ki, bazarda dollar təlaşının yaranmasına səbəb də Mərkəzi Bankın siyasətindən qaynaqlanır:

“O ki qaldı bazarda dollar təlaşının yaranmasına, bu, Mərkəzi Bankın apardığı siyasətin nəticəsidir. Əgər dollar satışına ciddi məhdudiyyətlər tətbiq olunursa, satışla bağlı əngəllər varsa, ölkədə heç bir qanunla tənzimlənməyən qanunlar qoyulubsa, təbii ki ajiotaj yaranacaq. Məsələn, ölkədə bir nəfərə il ərzində 20 min manatlıq valyuta almaq icazəsi verilir və bunun kifayət etdiyi bildirilir. Bəlkə də bu, hansısa vətəndaşa kifayət edə bilər. Lakin iş adamları var ki, onlara kifayət etmir və əngəllər yaradır. Bundan başqa, dollar satışının özündə də əngəllər var. Məsələn, heç bir qanunla tənzimlənməyən sənədlər tələb olunur, sənədləşmə işi ləng aparılır, nahardan sonra ümumiyyətlə, satış tamamən dayandırılır. Bütün bu süni əngəllər ajiotajın atmasına səbəb olur. Əgər Mərkəzi Bank özünə əmindirsə ki, heç bir məzənnə dəyişikliyi olmayacaq və bu mesajı verirsə, bütün məhdudiyyətləri aradan qaldırmalıdır. Yəni bazarda dollar bolluğu olsa, banklar məhdudiyyətsiz dollar sata bilsələr, bu zaman həm bazar, həm insanlar sakitləşəcək və biznes də normal inkişaf edəcək. Aydın olacaq ki, məzənnə ilə bağlı heç bir problem yoxdur. Nə qədər ki, məhdudiyyətlər var, həyəcan da olacaq”.

N.Cəfərli hesab edir ki, son günlər dünyada dolların bahalaşması müşahidə olunur:

“Son zamanlar dünyada dollar indeksinin ucuzlaşdığı müşahidə olunurdu. Bu, FED-in apardığı siyasətlə əlaqəlidir. Çünki Amerika Federal Ehtiyat Sistemi bilərəkdən dolların məzənnəsinin bahalaşmasına imkan vermir. Nə qədər ki, dolların məzənnəsi aşağıdır, bir o qədər Amerika iqtisadiyyatının ixracat potensialı artır. Ona görə dollar indeksi bir il bundan əvvələdək 101 punkt idi, indi 91 punkta qədər azalıb. Amma son 2-3 gündür ki, dünyada dolların indeksinin artımı müşahidə olunur. Bu, həm Amerikanın yeni prezidenti Co Baydenin fəaliyyətə başlayacağı ilə əlaqədardır. Həm də siyasi gərginliyin azalmasından qaynaqlanır. Eyni zamanda, Bayden hökuməti hakimiyyətə gələn kimi yeni təşviq paketlərinin olacağını açıqladı. Buna görə də dollar son 2-3 gündür artım tempi göstərir”.

Ekspert qeyd edib ki, Mərkəzi Bankın yanlış valyuta siyasəti “qara bazar”ın aktivləşməsinə şərait yaradır:

“Amma dollarla bağlı Azərbaycana nəzər yetirdikdə görürük ki, Mərkəzi Bankın yanlış siyasəti və qadağaları “qara bazar”ın yaranmasına səbəb olur. Bununla bağlı insanlar sosial şəbəkələrdə də məlumatlar yazırlar. “Qara bazar”da 1.74 manata dollar satanlar haqqında xəbərlər oxuyuruq. İnzibati yolla bunun qarşısını almaq doğru deyil. Çünki vətəndaşları bu yola Mərkəzi Bankın apardığı siyasət şirnikləndirir. Eyni zamanda, valyuta da alınıb satılan bir əmtəədir. Bunun qarşısını inzibati yollarla, həbslərlə almaq doğru deyil və ehtiyac da yoxdur. Biz SSRİ-də yaşamırıq ki… Hətta SSRİ kimi sərt sistemə malik olan imperiya belə gizli valyuta bazarını yığışdıra bilmədi. Biz indi yenidən həmin vəziyyətəmi qayıtmaq istəyirik? Ona görə də hökumət və əsasən də Mərkəzi Bank hansısa inzibati cəzalar tətbiq etməklə valyuta alverinin qarşısını almaqdansa, bazarların valyuta ehtiyacını ödəsin”.

Geri qayıt