Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gənclər və İdman nazirliyinin keçirdiyi tenderlərin gizlin tərəfləri

Gənclər və İdman nazirliyinin keçirdiyi tenderlərin gizlin tərəfləri


8-02-2021, 12:03
Gənclər və İdman nazirliyinin keçirdiyi tenderlərin gizlin tərəfləri
Məlum olduğu kimi,”Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunda dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsasları müəyyənləşdirilərək, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydaları kifayət qədər aydın şəkildə təsdiqini tapıb.

Elə isə sual yaranır. Satınalmalarda şəffaflıq prinsiplərinə nə üçün riayət olunmur? Sanki rəqabət aparılırmış kimi dövlət qurumları satınalmalar yolu ilə,qat-qat şişirdilmiş rəqəmlərlə büdcədən daha çox vəsait qoparmağa çalışırlar. Satınalma prosedurlarında rəqəmlərin şişirdildiyini Prezident İlham Əliyev də öz çıxışlarında dəfələlə vurğulayıb.Son bir ildə bir çox dövlət məmurunun satınalmalarda yol verdikləri ciddi qanun pozuntularının biabırçı şəkildə həbs olunduqdan sonra ortaya çıxması ölkə başçısının göstərişləri əsasında həyata keçirilən tədbirlərin nəticəsidir. Xarici İşlər və Mədəniyyət nazirliklərində bu işlərin başında duran sabiq müavinlərin aqibəti isə artıq hamıya məlumdur. Bəs görəsən Gənclər və İdman nazirliyində bu işlərin başında kim və yaxud da kimlər dayanır? Bu şəxsin nazir Azad Rəhimov və ya onun müavinlərindən kimin olması barədə dəqiq məlumatları yalnız nazirliyin içində müəyyən etmək olar. Bir də nazirliyin həyata keçirdiyi satınalmalardan.

Aktualinfo.org-un sözügedən nazirliyin 2020-ci ildə keçirmiş olduğu bir sıra tender prosedurları ətrafında apardığı araşdırmalarda burada da ciddi tədbirlər üçün münbit şəraitin yetişdiyi artıq görsənməkdədir.

Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi “Azərbaycanın qəhrəmanlıq salnaməsi gənc rəssamların gözü ilə” adlı müsabiqə və sərginin keçirilməsi üzrə 13 727 manat, Covid-19 pandemiyası ilə bağlı gənclərin rəsm müsabiqəsinin keçirilməsi üzrə 9277 manat, gənclər arasında vətənpərvərlik hisslərinin artırılması məqsədilə aprel döyüşlərinə həsr edilmiş bədii filmin hazırlanması ilə əlaqədar digər işlərin yerinə yetirilməsi üzrə 49 560 manat dəyərində satınalma müqavilələri 21.12.2020-ci il tarixdə “KVANÇ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

İdman mallarının və avadanlıqlarının alınması üzrə 280 350.54 manat dəyərində müqavilə 07.10.2020-ci il tarixdə, 621 487.12 manat dəyərində satınalma müqaviləsi isə 30.07.2020-ci il tarixdə “ATHLETİC POVER” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ATHLETİC POVER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.04.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, CƏFƏRXAN, SARICALAR kəndi,qanuni təmsilçisi kimi isə Novruzova Təranə Tofiq qızı qeyd olunub.

Bağlanmış müqavilələrdən də göründüyü kimi nazirlik bir kənddə dövlət qeydiyyatına alınmış,5 manat nizamnamə kapitalı olan MMC ilə iki ay ərzində 901 837 manat məbləğində satınalma müqaviləsi bağlayıb.Bu MMC-nin analoji işlərdə təcrübəsinin olub,olmaması,maddi texniki bazasının 1 milyon manat civarında dövlət sifarişini həyata keçirməyə yetərli olması şübhələr yaratmaya bilmir. Nazirliyin sektor müdiri Aydın Məmmədov yazılı sorğumuza verdiyi şifahi cavabda bildirdi ki,”sözügedən tenderlərdən yalnız biri, 280 350.54 manat olan tender həyata keçirilib və MMC öhdəliyini yerinə yetirib,digər tender isə keçirilməyib.” Maraqlıdır 621 487.12 manat dəyəri olan tenderin keçirilməsi barədə satınalmalarda məlumat yerləşdirilibsə, baş tutmaması və ya ləğv olunması barədə elan nə vaxt və harada dərc olunub?

Qeyd edək ki,açıq internet resursları üzərində apardığımız araşdırmalarda “ATHLETİC POVER” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik.Ən azından bir veb-səhifəsi belə olmayan bu MMC nin ünvanını öyrənmək cəhdlərimiz belə boşa çıxdı,əlaqə saxladığımız şəxs sullarımıza cavab verməkdən yayındı.Bu da MMC-nin Saatlı rayonu Sarıcalar kənd sakini Novruzova Təranənin adına formal olaraq yaradıldığını,əslində isə nazirliyin məsul şəxsləri tərəfindən idarə olunduğunun göstəricisidir. Bununla belə MMC-nin 19 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2020 nömrəli hərbi hissəsi tərəfindən “İdman alətləri və avadanlıqları”nın satınalınmasına dair keçirilmiş kotirovka sorğusu proseduruna əsasən “Athletic Pover” MMC arasında 49 016,02 AZN məbləğində satınalma müqaviləsi imzalanması barədə məlumat əldə edə bildik ki, sözügedən müqavilənin bağlanılması barədə məlumat dövlət satınalmalarının rəsmi saytında yerləşdirilməmişdir.

Bundan başqa “Athletic Pover” MMC-nin koronavirus (COVİD-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu
işçilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi almış vergi ödәyicilәrinin 09.06.2020-ci il tarixә və 01.07.2020-ci il tarixə olan məlumat siyahısında adı var. Maraqlı məqam ondan ibarətdir ki,pandemiya dövründə, 30.07.2020-ci il tarixdə, 621 487.12 manat dəyərində bir satınalma müqaviləsi bağlamış MMC-nin pandemiyadan zərər çəkmişlərin siyahısında adı var. Daha maraqlısı isə odur ki,Dövlət Vergi Xidmətinin hazırki günə olan məlumatlarında “Athletic Pover” MMC-nin dövlətə 7091.88 manat vergi borcu olduğu göstərilir.

Gənclərin Beynəlxalq Autizm Festialının keçirilməsi üzrə 69 870 manat, VIII Fiziki aktivlik festivalının keçirilməsi üzrə 48 870 manat,“Aztəminatlı, qaçqın, məcburi köçkün və digər sosial müdafiəyə ehtiyacı olan gənclər üçün məşğulluq imkanının artıtılması məqsədilə kursların keçirilməsi üzrə 16 000 manat dəyərində satınalma müqavilələri 17.03.2020-ci il tarixdə “GOOD SERVİCE-Z” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GOOD SERVİCE-Z” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.01.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Cəbrayıl rayon Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının CƏBRAYIL RAYONU, MAHMUDLU, 10-CU QƏSƏBƏ, ev 10, m. 306, qanuni təmsilçisi kimi Quliyev Zaur Behbud oğlu qeyd olunub.

Göründüyü kimi nazirliyin Tender Komissiyası qaçqın şəhərciyində yaradılmış,cəmi 5 manat nizamnamə kapitalı olan bu MMC ilə 134 740 dəyərində satınalma müqaviləsi bağlayıb.MMC-nin festivalların və kursların keçirilməsi üzrə analoji işlərdə təcrübəsinin olub,olmaması barədə əlavə heç bir məlumat əldə edə bilmədik. Koronavirus pandimayisa ilə əlaqədar ötən ilin mart ayından ölkədə kütləvi tədbirlərin keçirilməsinin qadağan edildiyini nəzərə alsaq bu tədbirlərin harada və nə keçirilməsi də ortaya əlavə suallar çıxarır.Dövlət Vergi Xidmətinin hazırki günə olan məlumatlarında “GOOD SERVİCE-Z” bu MMC-nin də dövlətə 6593.61 manat vergi borcu var.

“Şahin” hərbi-idman oyununun maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə lazımi tədbirlərin görülməsi üzrə 169 984 manat dəyərində satınalma müqavilələri 16.03.2020-ci il tarixdə “VEYİN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Qazax, Ağstafa, Şəmkir və Samux rayonlarında “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kampaniyası çərçivəsində tədbirlərin keçirilməsi üzrə 45 000 manat,əsgər bayramının keçirilməsi üzrə 30000 manat dəyərində satınalma müqavilələri 16.03.2020-ci il tarixdə “KVANÇ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KVANÇ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.09.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, VASİF ƏLİYEV, ev 10, qanuni təmsilçisi kimi Əlixanov İlham Şirbala oğlu qeyd olunub.

Qeyd edək ki,”VEYİN” Məhdud Məsuliyyətli Cəmiyyəti də “KVANÇ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə eyni gündə, 20.09.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb və hüquqi ünvanı ilə qanuni təmsilsiçisi eyni şəxslərdir.Nazirlik bir nəfərə məxsus iki MMC ilə 317 548 manat dəyəri olan satınalma müqavilələri bağlayıb.

“Sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün “Novruz” şənliyinin keçirilməsi üzrə 44 430 manat dəyərində satınalma müqavilələri 13.03.2020-ci il tarixdə “VESPA TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Dövlət Vergi Xidmətinin hazırki günə olan məlumatlarında bu MMC-nin də dövlətə 1145.79 manat vergi borcu olduğu göstərilir.

Tələbə baharı” XIII Ümumrespublika tələbə yaradıcılığı Festivalının keçirilməsi üzrə 61 535 manat dəyərində satınalma müqaviləsi 31.05.2020-ci il tarixdə,Tələbə baharı” XIII Ümumrespublika tələbə yaradıcılığı Festivalının keçirilməsi üzrə 80 000 manat dəyərində satınalma müqaviləsi 13.03.2020-ci il tarixdə,“İdeya var!” gənclərin III Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin keçirilməsi üzrə 96 400 manat dəyərində satınalma müqaviləsi isə 26.02.2020-ci il tarixdə “EDİS-S.C” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EDİS-S.C” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.09.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ÇERNYAYEVSKİ, ev 8, qanuni təmsilçisi kimi Cəlilov Səxavət Tofiq oğlu qeyd olunub.

Reyestr məlumatından da göründüyü kimi nazirliyin 237 935 manat dəyərində satınalma müqavilələri bağladığı MMC tender prosedurlarının keçirilməsindən cəmi 5-7 ay əvvəl dövlət qeydiyyatına alınıb. Digər tərəfdən isə mart və may aylarında pandemiya ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi qadağan olunduğu halda bu qədər vəsaitin hara sərf olunduğu suallar doğurur.

Gənc təlimçilərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təhsili üzrə 2 regional təlim kurslarının keçirilməsi üzrə 25060 manat 09.12.2019-cu il tarixdə, MDB iştirakçı dövlətlərinin gənclərlə iş üzrə Şurasının növbəti iclasının keçirilməsi üzrə 30009 manat dəyərində satınalma müqavilələri isə 31.10.2019-cu il tarixdə “KONGRAT LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KONGRAT LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.07.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİNƏQƏDİ ŞTQ, DAVUDOĞLU (RƏSULZADƏ QƏS.), ev 25, qanuni təmsilçisi kimi Əsədov Seymur Zeynəddin oğlu qeyd olunub.

Qeyd edək ki, araşdırmamızda nazirliyin 12-16.09.2019-cu il tarixlərində müxtəlif tədbirlərin keçirilməsi üzrə (3 lot) 111 100 manat dəyərində satınalma müqaviləsi bağladığı “GARANT PLYUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisinin “KONGRAT LTD” MmC-nin qanuni təmsilçisi CƏBRAYIL RAYONU, XƏLƏFLİ QƏSƏBƏSİnin sakini Əsədov Samir Zeynəddin oğlunun qardaşı olduğu məlum oldu.

“MDB üçün 100 ideya” beynəlxalq müsabiqənin final mərhələsi və sərgisinin keçirilməsi üzrə 197 840 manat dəyərində satınalma müqavilələri 31.10.2019-cu il tarixdə “UGUR-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.Dövlət Vergi Xidmətinin vergi borcları barədə məlumatlarında “UGUR-2017” MMC-nin dövlətə 10252.34 manat vergi borcu olduğu göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UGUR-2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.09.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Cəbrayıl rayon Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının CƏBRAYIL RAYONU, XƏLƏFLİ, 9 SAYLI QƏSƏBƏ (CƏBRAYIL),qanuni təmsilçisi kimi Hüseyinov Şəmsi Məhəmməd oğlu qeyd olunub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından da göründüyü kimi Gənclər və İdman nazirliyinin satınalma müqavilələri bağladığı MMC-lərin bəziləri bir il əvvəl kənd sakinlərinin adına dövlət qeydiyyatına alınıb və maddi, texniki bazasının böyük işlərin görülməsinə yetərli olmadığını ilk baxışdan biruzə verir. Lakin bunlara baxmayaraq Gənclər və İdman nazirliyinin məsul şəxsləri, yaxud da Tender Komissiyası bilərəkdən bu kimi qanun pozuntularına yol vermişlər.

Qeyd edək ki, tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına da şərait yaradır.Odur ki,bu kimi hallara qanun yol vermir. Lakin yuxarıda qeyd etdiyimiz kimi Gənclər və İdman nazirliyi bir nəfərə məxsus 2 MMC ilə ayrı -ayrı işlərin satınalması üzrə bir neçə müqavilə,iki qardaşa məxsus MMC-lərlə isə bir neçə satınalma müqaviləsi bağlanılmışdır ki,bu da tenderlərin formal olaraq keçirildiyi və bir nəfər tərəfindən idarə olunduğunu deməyə əsas verir. Göründüyü kimi bununla da qısa bir zamanda dövlət qeydiyyatına alınmış MMC-lərin ixtisas göstəricilərinin müəyyən edilməsi və analoji işlərdə təcrübəsinin olub,olmaması,maddi texniki bazasının, maliyyə, bank təminatlarının alınması kimi qanunun tələblərinə riayət edilməmişdir.

“Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 6-7 ay əvvəl yaradılmış bu MMC-lərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Qeyd edək ki,bu MMC-lər barəsində açıq mənbələrdə adlarından başqa hər hansı bir məlumat yoxdur. Bu MMC-lərin heç birinin analoji işlərdə təcrübəsinin olmaması, yalnız Gənclər və İdman nazirliyinin sifarişlərinin qalibi olmaları onu göstərir ki. tenderlərin keçirilməsi nazirlikdə bir nəfər tərəfindən idarə olunur və yaxın şəxslərlə müqavilə bağlanıb. Bir ilin içərisində barəsində heç bir məlumat olmayan,cəmi 5 manat nizamnamə kapitalı olan MMC-lərlə ümumi dəyəri bir neçə milyon manat satınalma müqavilələrinin formal olaraq bağlanılması ,dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılmasından başqa bir şey deyildir.

Xüsusilə qeyd etmək istərdik ki,Gənclər və İdman nazirliyi bir sıra kütləvi tədbirlərin keçirilməsinə tender yolu ilə külli miqdarda dövlət vəsaiti ayırmışdır. Lakin xatırlatmaq istərdik ki,koronavirus pandemiyası ilə əlaqədar olaraq Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində mart ayının 13-dən karantin rejimi elan olunmuş,kütləvi tədbirlərin keçirilməsi qadağan edilmişdir.Maraqlıdır, Gənclər və İdman nazirliyinin kütləvi tədbirlərin keçirilməsinə ayırdığı vəsaitlər hara xərclənmişdir? Əminik ki,Respublika Hesablama Palatası və Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi göstərilənlər ətrafında araşdırmalarmalar aparacaq və lazımi tədbirlər görəcək.
Aktualinfo.org

Geri qayıt