Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mübariz Qurbanlı haqda ŞOK İDDİALAR...

Mübariz Qurbanlı haqda ŞOK İDDİALAR...


13-02-2021, 11:39
Mübariz Qurbanlı haqda ŞOK İDDİALAR...
Deyirlər, gündə bir söz eşitməsən, qulağın uzanar. Amma oxuduğum bir müsahibə qulaqlarımı deyil, gözlərimi böyütdü. Deməli, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Report”a verdiyi müsahibəsində deyir ki, “Pandemiya dövründə ölkəmizdəki dini qurumlar, dini icmalar, dini mərkəzlər, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə səmərəli əməkdaşlıq quruldu, cəmiyyətin sağlamlığının qorunması üçün tədbirlər görüldü (!).

Əsasən, maarifləndirmə xarakteri daşıyan tədbirlər əhalinin məlumatlandırılmasında mühüm rol oynadı. Dövlət Komitəsinin müvafiq şöbələri tərəfindən yerlərdə din xadimləri, dini icma sədrləri, dindarların iştirakı ilə çoxsaylı vebinarlar, görüşlər, müzakirələr keçirildi. Din xadimləri əhali arasında dəfn mərasimləri zamanı dini baxımdan vacib əməlləri insanların diqqətinə çatdırdılar.

Burada diqqətçəkən məqam o oldu ki, yas mərasimlərində ənənəvi olaraq verilən ehsanların forması dəyişdi. İnsanlar vəfat etmiş yaxınlarına ehsan olaraq, vəsaitlərini ərazilərin abadlaşdırılması, yolların təmiri, imkansız ailələrə, əlillərə, valideynlərini itirmiş uşaqlara yardım kimi xeyirxah əməllərə xərcləməyə yönəltdilər”. Vallah Məşədi İbad demiş, mən “Tarixi-Nadir”i yarıyacan oxusam da, bundan bir şey başa düşmədim. Görəsən, dəyərli oxucularımız necə, bu sözlərdən bir şey anladılarmı?

Əvvəla, nə vaxtdan hansısa pandemiya, müharibə millətə, dövlətə xeyir, xoşbəxtlik gətirib?

İkincisi, hamı bilir ki, pandemiya dövründə mənəvi dəyərlərimiz cox ciddi ziyan gördü. Xüsusilə də dünyasını dəyişən yaxınlarımızın dəfni mərasimsiz və çox urvatsız şəkildə icra olundu.

Amma neyləyək ki, Mübariz bəy bütün mənəvi dəyərlərimizin, dədə-baba adət-ənənələrimizin itməsini uğur sayır. Şəxsən mən son bir ildə dünyasını dəyişən bir çox tanış-bilişimin və qohumlarımın yaxınlarının yanında xəcalətli qalmışam. Çünki, mən nə bir qohum kimi, nə bir dost kimi, nə də ki, bir müsəlman kimi dünyasını dəyişən əziz insanlar qarşısında son borcumu verə bilməmişəm. İslamı dəyərlərə az-çox bələd olan istənilən normal insan bilir ki, müsəlmançılığın ən vacib əməllərindən biri və bəlkə də birincisi dəfndə iştirak etməkdir. Bunun bir çox dini-islamı əsasları var. Mən çox dərinliklərə getmədən təkcə onu deyə bilərəm ki, istənilən kamil insanın ən böyük arzularından biri də fani dünyadan haqq dünyasına layiqli şəkildə, islami qaydada və el birliyi ilə köçmək istəyidir.
Lakin pandemiya dövründə dünyasını dəyişənlərin tam əksəriyyəti bu ehtiramdan, bu izzətdən məhrum oldu. Onlar çox urvatsız şəkildə dəfn olundular. Onların bir çoxunun dəfni hətta vacib islami rituallarsız keçdi. Bunu Mübariz Qurbanlı yaxşı bilir. Amma bunu uğur adlandırır. Millətin mənəvi-dini dəyərlərinin itməsini Mübariz bəy necə uğur hesab edir, heç cür anlamıram.

Axı, dəfn və təziyyə günləri Qafqaz Müsəlmanları idarəsinin qərarı və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin göstərişləri ilə deyil, Allahın əmri, Peygəmbərimizin sünnəti ilə icra olunur. Bəlkə Mübariz müəllim islamdan imtina etməyi bizlərə təklif edir? Hə, bu, başqa bir məsələdir… Amma hörmətli Komitə sədrinə bir neçə xatırlatma etmək istəyirəm.

Birincisi, irad tutduğunuz 3, 7 və 40 məclislərinin təşkili islami qaydalardır. Ölən üçün bu günlərin hər birinin islamda öz elmi izahı var. Bunun izahı indiki halda çox uzun çəkər deyə onları sadalamayacağam.

İkincisi, dünyasını dəyişən insana ehtiram etmək və əzizini itirən adamın yanında durmaq ən böyük humanistlik, savab və mənəvi dəyərdir.

Mübariz Qurbanlı deyir ki, bundan sonra dünyasını dəyişən insana nə ehtiram edək, nə də geridə qalan, acı çəkən yaxınlarının yanında duraq. Əvəzində isə əzizini itirənə bir telefon açıb “Keçmiş olsun” deməklə işimizi bitmiş hesab edək. Vəssalam.

Rəhmətlik Bəkir Nəbiyev demiş burda bir haşiyəyə çıxmaq istəyirəm. Bizim dəyərli ziyalımız, yazıçı Mir Cəlal Paşayev bir dəfə auditoriyada tələbələrə belə bir sual verdi: “Uşaqlar, insanlar bilirsiniz harada saflaşır?” Auditoriyadakı susqunluğu görüb dedi – “Qəbiristanlıqda… İnsanlar yalnız burda bu dünyada hər şeyin fani olduğunu dərk edir, özlərinə gəlirlər…”

Bu dəyərli fikirlərin sonralar dəfələrlə isbatını gördüm. Gördüm ki, insanlar dəfnə gedən də çox hüznlü və mehriban olur, bir-birlərinə çox nəzakətlə davranırlar. Amma dəfn mərasimi qurtaran kimi bayaqkı mehriban insanlar arxalarına baxmadan qəbiristanlıqdan qaçır, bayaq yol verdikləri adamın ayağını belə tapdalayır, maşınla onu toza verirlər.

Özlərinə gələn insanlar bir andaca yenidən əvvəlki nadan vəziyyətlərinə dönürlər… Yas mərasimləri də həmçinin…. İnsanlar yalnız burda bərabər tutulur. Ən başlıcası, əzizini itirən adamın ağır günündə onun tək olmadığını, yanındakı yüzlərlə insanın onun itkisinin acısına şərik olmasını göstərir. Bu isə özlüyündə bu günədək sələflərimizdən bizlərə miras qalan ən böyük dəyərdir. Ehsana gələndə isə fikrimi bir el sözü ilə qüvvətləndirmək istəyirəm. “Min tikədən biri ovsanaya düşər”. Yəni ehsan dünyasını dəyişən insanın günahlarının bağışlanılması üçün keçirilən bir mərasimdir. Müsəlman olduğumuzu göstərən bir ayindir. İndi deyirsiniz ki, bu dəyərlərimizdən imtina edək. Yox, Mübariz müəllim, daha bu qədər də olmaz…

Komitə sədrisən, ayda tədbir adına filan qədər büdcə vəsaitinin israfına imza atırsan, əcəb edirsən. Onsuz da kasıb-kusubun qəpik-quruşu hesabına bir-sıra lazımız qurumlar keyf edir. Onun da biri Dini qurumlarla iş üzrə Dövlət Komitəsidir. Adından da göründüyü kimi bu qurumun vəzifəsi dini qurumlarla iş aparmaqdır. Bu gün bütün məscidlər cahil mollalarla doludur. Halbuki o mollaların çoxu doğru dürüst kəlimeyi-şəhadətini də bilmir. İşləri-gücləri xalqı cəhalətə sürükləmək, ona-buna dua yazmaq, əməl etməkdir. Lakin bütün sivilizasiya bilir ki, Müqəddəs Quran və İslam dini dünyavi elmi, sağlam həyat tərzini təğbliğ edən bir elm dəryasıdır. Amma neyləyək ki, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin korporativ maraqları üzündən islami dəyərlər xalqa yanlış təbliğ olunur. Bu gün Mübariz Qurbanlı xalqı 1500 ilə yaxın yaşı olan dəyərlərdən imtinaya çağırır. Bu, əslində ateizmin yeni formasıdır.

Bir milləti məhv etmək və manqurtlaşdırmaq istəyirsənsə, ilk öncə onun inanclarını sarsıtmalısan, kökündən qopartmalısan. İmanı və inancı olmayan insansa zombidir. Onu istədiyin tərəfə istiqamətləndirə bilərsən. Bu gün Mübariz Qurabanlının çağırışlarında islamdan imtina açıq şəkildə duyulur. Bu isə xarici dini missionerlərin maraqları ilə tamamilə üst-üstə düşür. Bu isə çox qorxulu tendensiyadır.

Etiraf etmək lazımdır ki, Mübariz Qurbanov Komitə sədri təyin ediləndən bəri onun əsas hədəfi 15 əsrə yaxın yaşı olan islami dəyərlərdən imtina təblig və təşviq etməkdir. Bunun da iki səbəbi ola bilər. Ya Komitə sədri rəhbərlik etdiyi qurumun hüquq və vəzifələrini bilmir, ya da məqsədli şəkildə anti-islam təbliğatı aparır.

Allah bu milləti Mübariz Qurbanlı kimilərin fitnə-fəsadından qorusun…Amin!

Surxay Atakişiyev
KONKRET.az

Geri qayıt