Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > 2 saylı Cəzaçəkmə Müəssisəsindən ŞİKAYƏT VAR
2 saylı Cəzaçəkmə Müəssisəsindən ŞİKAYƏT VAR22-03-2021, 09:28 |
“Atamın müalicəsi başa çatmadan 2 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarıldı. Təxminən 1 ay sonra yenidən atamda həmin xəstəlik şiddətləndi. Bu dəfə də müalicə müəssisəsinin baş həkimi Nicat Cəlilov mənə bildirdi ki, atanın ölməyini istəmirsənsə, onun müayinə və müalicəsini özün etdirməlisən”. DİA.AZ-ın məlumatına görə, Güllü Mamedova danışır ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən atası Taleh Hüseynov bir neçə xəstəlikdən əziyyət çəksə də, müalicəsi aparılmır. Penitensiar Xidmətin Müalicə Müəssisəsi məhbusun müalicəsi üçün onun ailə üzvlərindən maddiyyat güdür. Taleh Əli oğlu Hüseynov 2017-ci ildə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin yanvar ayında işemik insult keçirib. Cəza çəkdiyi müəssisədən Penitersiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Lakin ailəsinin iddiasına görə, müalicə yarımçıq aparılıb. Qızı danışır: “Müalicə Müəssisəsinin baş həkiminin xəstə və imkansız məhbuslarla maraqlanmadığını görəndə, özüm balalarımın boğazından kəsib atamın müayinə və müalicəsini etdirdim. Buna baxmayaraq, o, tam sağalmamış cəza çəkdiyi müəssisəyə qaytarıldı.Təxminən 1 ay sonra atamın vəziyyəti yenə ağırlaşdı. Bu dəfə də Müalicə Müəssisəsinin baş həkimi dedi: “Atanın ölməyini istəmirsənsə, özün xərcini çək, müalicə etdir”. Vəziyyəti günbəgün pisləşən atamın həyatını xilas etmək üçün yenə də qohum-əqrabadan borc alıb müalicəsini davam etdirdim. Avqustda atamın vəziyyəti növbəri dəfə ağırlaşdı, üçüncü dəfə Müalicə Müəssisəsinə köçürüldü. Hər il məhkumlara pulsuz tibbi yardım göstərilməsi üçün büdcədən vəsait ayrılsa da, yenə müalicə xərcləri öz üstümüzdə qaldı. Ancaq bu dəfə atamın müalicəsinə pul tapa bilmədim, ona görə də atam elə ağır vəziyyətdə geri – 2 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarıldı“. Güllü Mamedovanın sözlərinə görə, atası Taleh Hüseynov 2 saylı Cəzaçəkmə Müəssisəsində ağır durumda, müalicəsiz qalıb. Çarəsiz qalan müəssisə rəhbərliyi məhbusu dördüncü dəfə Müalicə Müəssisəsinə etap edib. Ancaq tezliklə ailəsi yenə öyrənib ki, Müalicə Müəssisəsində məhbusun vəziyyətinə heç bir tibbi müdaxilə olunmayıb və və onu cəza çəkdiyi müəssisəyə qaytarıblar. Güllü Mamedova müdaxilə olmazsa, atasını tezliklə itirəcəyindən qorxur: “Müalicə Müəssisənini baş həkiminin özbaşınalığı nəticəsində atamı hər an itirmək qorxusuyla yaşayırıq. Cəza çəkdiyi müddətcə məhbusun həyatı dövlətə əmanətdir. Nicat Cəlilov isə müalicənin xərcini ödəyə bilmirik deyə, hər dəfə atamı geri – müəssisəyə qaytarır”. Güllü Mamedova xəstəliklə əlaqədar atasına əlilliyin təyin edilməsinə görə Dövlət Tibbi-Sosial və Ekspertiza Komissiyasına sənədlərin edilməsi üçün də Müalicə Müəssisəsinə müraciət edir, lakin müəssisədən həmin sənədlər ona verilmir. Geri qayıt |