Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əhməd Əhmədzadə Yekəxana gölünü xilas etməyə niyə imkan vermirdi...

Əhməd Əhmədzadə Yekəxana gölünü xilas etməyə niyə imkan vermirdi...


8-04-2021, 12:01
Əhməd Əhmədzadə Yekəxana gölünü xilas etməyə niyə imkan vermirdi...
Bu günlərdə Prezident İlham Əliyev “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri, düz 27 ildir bu vəzifəni tutan Əhməd Əhmədzadəni işdən azad etdi. Və onun yerinə indiyədək özəl sektorda işləmiş gənc menecer Zaur Mikayılov təyin olundu.

Xəbər verildiyi kimi Prezident İlham Əliyev Z.Mikayılovu videoformatda qəbul edərkən ölkənin meliorasiya və su təsərrüfatında uzun illərdir hökm sürmüş təsərrüfatsızlıq, su ehtiyatlarından səmərəli istifadə edilməməsi və az qala 50 faizə çatan su itkiləri, digər problemlər barədə geniş danışıb. Yeni sədr qarşısında sahənin problemlərini hərtərəfli şəkildə təhlil edib problemlərin aradan qaldırılması yollarını işləyib hazırlamağı tapşırıb.

Özünün də dediyi kimi 1967-ci ildən bəri dövlət vəzifələrində işləyən və bu səbəbdən “heç vaxt rahat yatmayan, daim səksəkə içərisində olan” Əhməd Əhmədzadə ən çox tənqid olunan məmurlardan idi. Və bu aralarda onun fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi ilə bağlı redaksiyamıza daha bir müraciət daxil olub. Bəlli olub ki, Əhmədzadənin rəhbərliyi dövründə “Meliorasiya və Su Təsərrüfatı” ASC Azərbaycan əsilli rusiyalı milyarder, “AzNar” QSC-nin sahibi Fərhad Əhmədovun İsmayıllı rayonunda yaratdığı kənd təsərrüfatı kompleksinə daxil olan Yekəxana gölünün (biznesmen gölün də ərazisi daxil olmaqla bu rayonda bir neçə min hektar torpağı uzunmüddətli icarəyə götürərək orada çoxşaxəli təsərrüfat kompleksi, o cümlədən balıqçılıq təsərrüfatı yaradıb,-red.) lildən təmizlənməsinə icazə verməyib.

Özəl biznes öz vəsaiti hesabına qurğu alıb gətirib, gölü lildən, palçıqdan təmizləmək istəyib, amma yoldaş Əhmədzadə icazə verməyib. Əcaba, nədən?...

Xatırladaq ki, “AzNar” şirkətinin İsmayıllı rayonunda yaratdığı həmin kompleksə seçilmiş sortlardan olan üzüm bağları, balıqçılıq və arıçılıq təsərrüfatı, o cümlədən məşhur “Qızıləhmədi” sortundan olan alma bağları, zəfəran plantasiyası daxildir. Biznesmen kompleksin yaradılmasına on milyonlarla dollar investisiya yatırıb. Bu, Azərbaycanda özəl sərmayə hesabına yaradılan ən iri kənd təsərrüfatı kompleksi hesab oluna bilər. (virtualaz.org vaxtilə bu kompleks barədə geniş reportaj hazırlayıb-https://virtualaz.org/aktual/145978)

Bölgəyə yatırımları davam etdirən Şirkət habelə İsmayıllının ucqar Qubaxəlilli kəndində 3 min ton tutumlu soyuducu anbarın da tikintisini həyata keçirir, anbar 2021-ci ilin payızında hazır olacaq.

“AzNar” QSC 2020-ci il avqustun 25-də Əhməd Əhməzadəyə məktubla müraciət edərək İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində yerləşən Yekəxana gölündə balıqçılığın inkişafı, su təsərrüfatının yaxşılaşdırılması və anbarda su tutumunun artırılması üçün illərdir orada yığılıb qalmış palçıq və lilin şirkətin öz vəsaiti hesabına təmizlənməsinə icazə verməyi xahiş edib. Lakin bu məktub o vaxtdan bəri cavabsız qalır.

Məlum olub ki, şirkət gölün palçıq və lildən təmizlənməsi üçün Ukraynadan xüsusi təmizləmə qurğusu alıb gətirib. (Həmin təmizləmə qurğusunun fotolarını təqdim edirik,-red.) Qurğunun alınması və çatdırılması şirkətə təxminən 200 min dollara başa gəlib. Amma “Meliorasiya və Su Təsərrüfatı” ASC gölün təmizlənməsinə icazə vermədiyindən həmin qurğu istifadəsiz qalıb.

Qeyd edək ki, F.Əhmədovun İsmayıllı rayonunda yaratdığı kənd təsərrüfatı kompleksi rayonda məşğulluğun təmin edilməsində mühüm rol oynayır. İsmayıllıdan və qonşu Göyçay rayonundan yüzlərlə ailə bu təsərrüfat hesabına dolanır. Biznesmenin şirkəti o cümlədən uzunmüddətli icarəyə götürdüyü və uzun illərdir baxımsız qaldığından bataqlığa çevrilmiş Yekəxana gölündə balıqçılıq təsərrüfatı yaradaraq orada xeyli yerli sakini işlə təmin edib. Bu baxımdan gölün palçıq və lildən təmizlənməsinə Əhmədzadənin niyə icazə vermədiyinə heç cür izahat tapmaq mümkün deyil. Axı Əhmədzadəni həm də ona görə tənqid edirdilər ki, ölkənin sovet dövründən qalmış bir çox su anbarları, suvarma kanalları və s. infrastruktur yararsız hala salınıb. İndi su anbarlarından birini özəl şirkət öz vəsaiti hesabına təmizləmək istəyirsə buna ancaq dəstək vermək lazım idi...

Əhməd Əhmədzadə Yekəxana gölünü xilas etməyə niyə imkan vermirdi...
Əhmədzadəyə yazıblar, amma cavabsız qalıb...

Şirkətdən deyiblər ki, gölün palçıq və lildən təmizlənməsi təkcə balıqçılıq fəaliyyəti üçün deyil. Bu göl həm də ətraf kəndlər üçün içməli su, suvarma suyu mənbəyidir və onun təmizlənməsindən həm ətraf mühit, həm yerli sakinlər, həm dövlət ancaq qazana bilərdi.

“Həmin ərazidə saldığımız üzüm bağlarının müasir üsullarla suvarılması üçün artıq damcı-suvarma sistemi sifariş verilib və biz praktiki olaraq Yekəxana gölünün suyundan suvarma üçün istifadə etmirik. Yəni gölün təmizlənməsi ilk növbədə ətraf kəndlərdə yaşayan əhalinin maraqlarına uyğundur”,-“AzNar” QSC-dən məsələ ilə bağlı belə deyiblər.

Su anbarı təkcə lil və palçıqla çirklənməyib, eləcə də oradan su sızması baş verir və şirkət bu problemi də öz hesabına aradan qaldırmağa hazır olduğu haqda “Meliorasiya və Su Təsərrüfatı” ASC -yə müraciət edib. Amma bu müraciət də cavabsız qalıb.

“Bu gölün yerləşdiyi ərazi şirkətimiz tərəfindən icarəyə götürülənə qədər gölün ətrafı və içərisi hər cür zir-zibillə dolu idi. Gölü təmizləmək üçün külli miqdarda vəsait sərf etmişik. O cümlədən yay aylarında göldə suyun səviyyəsi azalırdı və əticədə ətraf kəndlərdə su qıtlığı yaranırdı",-şirkətdən deyiblər.

“AzNar” göldə su səviyyəsini sabit saxlamaq üçün öz vəsaiti hesabına 25 artezian quysu qazdırıb. Nəticədə gölə sutkada 16 min kubmetrdən çox əlavə suyun vurulması təmin edilib. Faktiki olaraq gölün suyunun 35-40 faizini indi həmin quyular təmin edir.

Uzun illər boyu baxımsız qalmış, hər cür zir-zibillə dolmuş Yekəxana gölü Fərhad Əhmədovun investisiyaları hesabına təmizlənib, orada nümunəvi balıqçılıq təsərrüfatı yaradılıb, indi isə gölün dibini lildən təmizləmək lazımdır...

“Gölün dibinin lil və palçıqdan təmizlənməsi su tutumunu daha da artırmaqla ətraf kəndlərdə suvarmanı da yaxşılaşdırmağa imkan verəcək. Lakin təəsüf ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC gölün öz hesabımıza təmizlənməsi üçün etdiyimiz müraciəti bizə qaranlıq qalan səbəblərdən cavabsız buraxıb. Bu, sadəcə olaraq təəcüb doğurur”,-şirkətdən əməkdaşmıza belə deyiblər.

“AzNar” QSC-nin rəhbərliyi inanır ki, nəhayət bu sahəyə rəhbərlik edən məmurun dəyişməsi “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin ilk baxışdan təəcüblü görünən yanaşmasını da dəyişəcək. Və gölün təmizlənməsi üçün müvafiq icazə tezliklə şirkətə veriləcək.

Qeyd edək ki, İsmayıllıda su anbarının özəl biznesin vəsaiti hesabına təmizlənməsinə mane olmaq məmurların prezidentin göstəriş və tövsiyələrini yerinə yetirmədiyinə dair daha bir nümunədir. Əhməd Əhmədzadə işdən çıxarılandan sonra demişdi ki, 1967-ci ildən , yəni vəzifə başına keçdiyi vaxtlardan bu yana daim səksəkə içərisində yaşamışdı və heç vaxt rahat yata bilmirdi. Əlbətdə, onu başa düşmək olar, çünki rahat yatmaq üçün vicdanla işləmək lazım idi...

Geri qayıt