Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Yarım milyon vergi borcu olan şirkətlə daha bir müqavilə

Yarım milyon vergi borcu olan şirkətlə daha bir müqavilə


28-04-2021, 12:36
Yarım milyon vergi borcu olan şirkətlə daha bir müqavilə
Qəbələ Müalicə Diaqnostika Mərkəzi “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə maliyyə dəyəri 3600.18 AZN olan müqavilə imzalayıb. REPORTYOR.info xəbər verir ki, müqavilədə liftlərə texniki xidmətin satınalınmsı nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC 28 fevral 2005-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir. Şirkətin qanuni təmsilçisi Orucov Əlövsət Bilal oğludur.

“Harmony İndustrial Construction and Engineering Group” MMC-nin hüquqi ünvanında daha iki şirkət qeydiyyatdadır. Bunlar “Piramida-2001” MMC və “A-Marble” MMC-dir. “Piramida -2001” MMC-nin də qanuni təmsilçisi Əlövsət Orucovdur. “A-Merable” MMC-yə gəlincə, bu şirkətin qanuni təmsilçisi kimi Orucova Maya Zülfüqar qızının adı qeyd edilib. Ehtimal olunur ki, Maya Orucova Əlövsət Orucovun xanımıdır. Əlövsət Orucov həm də “Piramida F.R” MMC-nin sahibi olub.

2020-ci ildə ümumi məbləği 1 milyona çatan satınalma müsabiqələrinin qalibi olan şirkətin 542 min manat vergi borcu olub. Bundan başqa, internet resurslarında apardığımız araşdırma zamanı bəlli olub ki, 2018-ci ildə Azərbaycanın ən böyük sement istehsalçısı olan “Holcim” ASC “Piramida-F.R.” MMC-ni məhkəməyə verib. “Piramida-F.R.” MMC “Holcim” ASC-yə olan borcunu ödəməməkdə təqsirli bilinib və borcun hissə-hissə ödənilməsi barədə qərar verilib.

2019-cu ildə isə Dövlət Əmək Müfəttişliyi Xidməti “Piramida-F.R.” MMC barədə protokol tərtib edib. Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) pozmaqda təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Hazırda şirkət fəaliyyət göstərmir. Hər halda Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Piramida F.R” MMC barədə hər hansı məlumat yoxdur. Bu MMC-yə məxsus VÖEN indi “Harmony İndustrial Construction and Engineering Group” MMC-nin istifadəsindədir. Görünür, Əlövsət Orucov “Piramida F.R” MMC-nin şübhəli tenderlərdə iştirakı ilə bağlı mediada yayımlanan yazılardan ehtiyatlanaraq şirkətin adını dəyişdirib.

Araşdırmalar zamanı aydın olur ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC əsasən tibb müəssisələrinin elan etdiyi tenderlərin qalibi olur. Bundan əvvəl şirkətlər Bakı Baş Səhiyyə İdarəsi, Bərdə rayon Mərkəzi Xəstəanasının keçirdiyi satınalma müsabiqələrinin qalibi olub.

Geri qayıt