Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Başçısı Ağsuya göndərildi, problemlər isə qalır...

Başçısı Ağsuya göndərildi, problemlər isə qalır...


30-04-2021, 10:49
Başçısı Ağsuya göndərildi, problemlər isə qalır...
Bu gün sürətlə inkişaf edən ölkəmizdə bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat sektorunda da davamlı şəkildə çoxşaxəli və irimiqyaslı layihələr həyata keçirilir. Həm paytaxt Bakıda, həm də regionlarda yol infrastrukturunun inkişafını təmin etmək məqsədilə görülən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Təbii ki, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) səmərəli fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Məhz bu qurumun fəaliyyəti bu gün istər paytaxt Bakıda, istərsə də rayon və bölgələrimizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin edir.

Ancaq AAYDA-nın heç də bütün struktur bölmələri qarşılarına qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirə bilmirlər. Onlara rəhbərlik edən şəxslərin dövlətin, xalqın mənafeyinə deyil, öz şəxsi maraqlarına hesablanmış yarıtmaz fəaliyyətləri ucbatından.

Müsahibələrində Amerika iqtisadiyyatında ən yaxşı ənənələrin müəllifi kimi tarixə düşən prezident D.Eyzenhauerdən həvəslə sitatlar gətirən, onun ilk layihələrindən biri olan “Sürətli yol proqramı”nı tərifləyən “7 saylı Magistral Yol İstismarı” MMC-nin rəisi Raqub Həsənov yəqin ABŞ tarixini ora qədər oxumayıb, bilsin ki, Duayt müəllim ölkəsində korrupsiyaya qarşı ciddi mübarizə aparıb, qohumbazlıq əlaqələrinə əsaslanan işbirliyini qətiyyən qəbul etməyib. Adam sutkada 15 saatdan artıq işləyib və kabinetinin qapısı hər zaman açıq olub.

Cəhd eləyin görək, indi Raqub Həsənovla görüşmək o vaxt Eyzenhauerin qəbuluna düşmək qədər asandırmı? Yaxud, gəlin görək, Həsənovun yan-yörəsində qohumları azmıdır? Satınalmalar üzrə onun rəhbərlik etdiyi MMC ilə tərəf müqabili olan, faktiki R.Həsənovun özünə məxsus firma de-yure kimin adınadır və o şəxs rəisin yaxın adamı deyilmi? Və yaxud, R.Həsənov qiyməti 250 min manat olan son model “Lexus” avtomobilini, Bakıdakı villasını, yeni “göydələn”lərdəki 10-a yaxın mənzillərini, Lənkəranda restoranını və s. halal maaşı ilə qazanıb?

Bu sualların siyahısını uzatmaq da olar. Əlbəttə ki, vəzifə maaşı ilə bu qədər kapitala yiyələnmək mümkün deyildir. Bunca mülk-səltənətin, var-dövlətin mənbəyini düşünəndə adamın ağlına gələn ilk fikir bu olur ki, rəis yollara döşədiyi asfaltın keyfiyyətindən oğurlayıb. Etibarlı mənbələr bildirirlər ki, Lerik yolu hər il iki dəfə təmir olunsa da, yenə də keyfiyyəti qeyri-qənaətbəxşdir.

Nəzərə alanda ki, “7 saylı Magistral Yol İstismarı” MMC-nin inşa etdiyi və ya yenidən qurduğu yolların bir çoxunun açılışında ölkə prezidenti, vitse-prezident şəxsən iştirak ediblər, o halda həmin yolların keyfiyyətindən oğurluq edilməsi həmin mötəbər şəxslərin aldadılması kimi başa düşülməlidir.

Əgər R.Həsənova kapitalının siyahısını göstərib “bəs bunlar hardandır” sualını vermək çətindirsə, onda gərək gördüyü işlərin tikinti layihəsinə, norma və standartlara uyğunluğu araşdırılsın. Yoxlanılsın ki, “yararsız” adı ilə qazılıb çıxarılmış kimi göstərdiyi qruntlar həqiqətənmi yararsız idi? Çıxarılmayıbsa, demək, əvəzinə yararlı material tökülməsi, əks-dolğu və kipləşdirmə işləri də kağız üzərində görülüb. Qatbaqat döşəmiş kimi hesabatlarında göstərdiyi yeni asfalt-beton örtüklərin qalınlığı ölçülməlidir. Özü də seçmə üsulla, Satılmış Ağa deyən yerdə yox, Rıpkı əfəndi göstərən yerdə. Laborator üsulla yoxlamaq lazımdır ki, yolun çiyin hissələrinin bərkidildiyi qum-çınqıl qarışığının tərkibi nə dərəcədə optimaldır.

Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.

Deryaz.az


Geri qayıt