Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “24 il orduda xidmət edib, amma ailəsi hələ də mənzillə təmin edilməyib...”
“24 il orduda xidmət edib, amma ailəsi hələ də mənzillə təmin edilməyib...”3-05-2021, 11:57 |
Vətən müharibəsində qəhrəmancasına şəhid olan peşəkar zabitlərimizdən biri də kəşfiyyyatçı Hüseynov Nazim Yaqub oğludur. N.Hüseynov 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Ordumuzun peşəkar zabitlərindən biri olan Nazim, hələ 2016-cı il Şanlı aprel döyüşlərinin iştirakçısı olub. Ordu sıralarından tərxis edilərək ehtiyata buraxılan N.Hüseynov Vətən müharibəsi başlayarkən yenidən ordu sıralarına yollanıb. O, Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 8-də isə Hadrut uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. N.Hüseynov doğulduğu Bəhrəmtəpə qəsəbəsində böyük izdihamla dəfn edilib. Şəhidimizin qardaşı Xanış Hüseynov Moderator.az-a açıqlamasında bildirib ki, bu gün ən böyük arzuları şəhid qardaşının adının yaşadılmasıdır: “Yaşadığımız küçəyə Nazimin şəkilini vurmuşuq. Qəbirüstü abidəsində yenidən bərpa işləri aparılıb. Arzumuz odur ki, Nazimin adı yaşadılsın. Yaşadığımız küçəyə, təhsil aldığı məktəbə Nazimin adının verilməsini istəyirik. Nazim Bakı şəhərinin Xətai rayonunda yaşayıb. O, 24 il ordu sıralarında xidmət edib və hələ də ailəsi mənzillə təmin edilməyib. Nazimin orduda çox böyük fəaliyyətləri olub. Onlar canlarından keçib torpaqlarımızı işğaldan azad etdilər”. Qeyd edək ki, şəhid zabitimizin bir oğlu yadigar qalıb. N.Hüseynov göstərdiyi şücaətə görə ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Geri qayıt |