Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İmişlidə qanunları saya salmayan ASTANOV...
İmişlidə qanunları saya salmayan ASTANOV...7-07-2021, 11:42 |
Bütün dünyada olduğu kimi, respublikamızda da qlobal istiləşmə ilə əlaqədar su ehtiyatlarının azalması müşahidə edilir. Bu günlərdə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin əməkdaşı Qulu Kərimov KİV-ə müsahibəsində bildirib ki, ölkədə su ehtiyatlarının qıtlığı, onların bölgələr üzrə qeyri-müəyyən paylanması və əsas əkinçilik bölgələrində torpaqların şoranlaşmağa meylli olması qurumu zəruri tədbirlər görməyə sövq edib: “Bu çətinliklərin aradan qaldırılması üçün ASC tərəfindən respublikanın əsas su kanalları olan Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalında suyun bölüşdürülməsi tam nəzarətə götürülüb və hər bir rayona suyun verilməsi ilə bağlı limit qoyulub. Bundan başqa, su götürən obyektlər dəqiqləşdirilib və ETSN-in Dövlət Ekoloji Ekspertiza Agentliyinə icazə alınması üçün müraciət olunub. Sugötürmə qabiliyyəti və il ərzində götürülən su barədə məlumatlar ESTN-in Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunub”. Ancaq görünür, bu limitlərin və icazə məsələsinin İmişli rayon ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələblərini pozmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaratmış Şükür Astanova dəxli yoxdur. Maraqlıdır ki, illərdir balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilən həmin gölməçələrin su ilə təminatında problem olmayıb. İmişli rayonunun Məmmədli və Ağamalı kəndləri ərazisində kənd təsərrüfatına aid olan qış otlaq və əkinə yararlı torpaq sahələrində süni şəkildə yaradılmış 6 gölün ərazisi tikanlı məftillərlə və kollektor-drenaj kanallarla mühafizə olunur. Gölün ərazisinə yaxın durmaq çox müşkül məsələdir. Lakin çətinliklə də olsa, maneələri aşaraq gölə yaxınlaşıb çəkiliş aparmağa müvəffəq olmuşuq. Öyrənmişik ki, süni şəkildə yaradılmış balıq gölünün sahiblərindən biri İmişli rayonunda uzun illər 6 saylı Regional Yol İstismarı İdarəsinin müdiri işləmiş, yol infrastrukturuna ayrılan vəsaitin “yerbəyer” edilməsi üzrə püxtələşmiş, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun etibarlı sirdaşlarından olan “Tərəqqi” medallı Şükür Astanovdur. Onun ortağı isə hazırda İmişli rayonunda Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Qasım Qasımovdur. O da bildirilir ki, Şükür Astanovla Qasım Qasımov balıq ortaqlığından əlavə həm qohumluq əlaqələri mövcuddur. Bu ortaqlığın təzahürü kimi, əkin sahələrinə verilməli olan suyun qarşısı bağlanaraq həmin süni balıq gölünə yönəldilir. Aslanov – Qasımov cütlüyünün süni gölləri kənd təsərrüfat təyinatlı (qış otlaq) torpaq sahəsində, aidiyyəti qurumların – Rayon İcra Hakimiyyətinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və ETSN-nin mûvafiq rəyi olmadan yaradılıb. Xatırladaq ki, Şükür Astanov vəzifədə olduğu zaman ən oliqarx məmurlardan biri kimi tanınıb. Topdağıtmaz sərvət toplayıb, adı bir çox qalmaqallarda hallanıb. İmişlinin sabiq koirrupsioner icra başçısı Vilyam hacıyevin oğlunun toyuna 5000 manat nəmər salması və başqa əndazəni aşan işdəycələri ilə medianın gündəmində olub. Bununla belə yığdığı haram kapitaldan ara-sıra xeyirxah işlərə xərcləyərək, özünü cəmiyyətə “xeyriyyəçi” kimi sırımağı da bacarıb. Yeri gəlmişkən, bu mövzuda qələmə aldığımız ötən yazımızda ehtiva olunan məsələlər barədə ETSN-ə məlumat vermişik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bizə bildirdi ki, artıq məsələ ilə əlaqədar göstəriş verilib, həmin göllərlə bağlı məsələnin araşdırılması istiqamətində 3 saylı Dövlət ekoloji təhlükəsizlik xidməti müəyyən addımlar atıb, İcra hakimiyyətinə və ƏMDK-nə məktublar göndərilib. Doğrudur, süni göllər bir neçə il əvvəl salındığından, qazılan torpağın kim tərəfindən və hara daşınmasını sübut etmək çətin olar. Amma bu da həqiqətdir ki, ETSN-nin əraziyə nəzarət etmək vəzifəsi daşıyan aidiyyati qurumları o vaxt baş verən qanunsuzluqları görməyə və qarşısını almağa borclu idilər. O da məlumdur ki, Şükür Astanov avtoyol təsərrüfatında idarəçilik işindən rəsmən kənarlaşsa da, de-fakto bu fəaliyyət müstəvisində hələ də söz sahibidir. “Niyə və necə” suallarının cavabı isə ayrıca söhbətin mövzusudur. RealMedia-az.life Geri qayıt |