Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "İşçilərə maaş yarıbayarı verilir"
"İşçilərə maaş yarıbayarı verilir"17-07-2021, 16:30 |
Yasamal rayon Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin tabeliyində çalışan işçilərlə bağlı əmək qanunvericiliyinin pozulduğu iddia olunur. Bu barədə “Report”un redaksiyasına şikayət daxil olub. Şikayətdə bildirilib ki, işçilərə əmək müqavilələrinin mətni göstərilmir, qanunsuz olaraq, şənbə, bazar və qeyri-iş günlərində məcburi işə çağırılırlar: “Süpürgəçilər səhər saat 5-dən axşam 6-a qədər işlədilir. Həmin işçilərə məzuniyyət və məzuniyyət pulları verilmir. İşə vaxtından artıq işləməyə görə də maaşlarına heç bir əlavələr edilmir. MKİS-də çoxlu sayda saxta iş ştatı mövcuddur. Müxtəlif insanların adı süpürgəçi kimi qeydiyyata salınır, onlara rəsmi staj yazılır və bunun əvəzində MKİS rəhbərliyi həmin şəxslərə yazılan əmək haqları kartlarının sahibinə çevrilir. Bu pullar bir neçə şəxs arasında bölüşdürülür". Şikayət məktubunda Yasamal Rayon İcra Hakmiyyətinin də adı çəkilir. Habelə, qeyd edilib ki, Mənzil Kommunal və Texniki Xidmət Sahələrində minlərlə işçi adı getsə də, əslində real iş bir neçə yüz adam tərəfindən görülür və yoxlamalar zamanı real işçilər müxtəlif məkanlarda peyda olmağa məcbur edilirlər: "Çox az sayda işçi xüsusi fərqləndirici gödəkçələrlə təmin edilib. Qanunla nəzərdə tutulmuş maaş artımı və güzəştlər barədə də işçilər xəbərsizdirlər, hazırda günün müxtəlif saatlarında süpürgəçiləri işə çağırırlar, 19, 21, 64, 56, 22, 32, 24 nömrəli MKİS-lərdə işçilərə maaş yarıbayarı verilir”. Məsələ ilə bağlı Yasamal MKİS-in şöbə rəisi Cavid Həşimov "Report"a bildirib ki, qeyd olunan iddialar həqiqəti əks etdirmir: “Yasamalda bir çox MKİS var. Mən maaş və digər məsələlərlə bağlı dəqiq məlumat verə bilmərəm. Çünki bu hər biri ayrı-ayrı şöbələrin işidir. Amma işçilərin hamısına vaxtı çatan kimi məzuniyyətlər verilir. Gələn ilə saxlanıla bilməz. Şikayət ərizəsini araşdırmadan məsələ ilə bağlı hər hansı dəqiq fikir bildirə bilmərəm. İşçilər səhər 5-də işə çağırılırsa, bunu yerində araşdırmalıyıq. Şikayətdə deyilənlərin həqiqətə uyğun olub-olmadığını araşdırmadan nə hə deyə bilərəm, nə də yox”. Yasamal Rayon İcra Hakmiyyətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb. Geri qayıt |