Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Axırda da mənə dedilər ki, get, kimə şikayət eləyirsən elə..."
"Axırda da mənə dedilər ki, get, kimə şikayət eləyirsən elə..."12-08-2021, 12:46 |
İşlədiyi şirkətdə faciəli şəkildə xəsarət alan, iş qabiliyyətini itirən işçilər məhkəməyə üz tutub. Onlar çalışdıqları şirkətdən sığorta ödənişini ala bilmirlər. Bu səbəbdən müalicələri də yarımçıq qalıb. Musavat.com-a müraciət edən Tovuz rayonunun Yanıqlı kənd sakini Ayət Abduləzov da həmin işçilərdən biridir. İş qəzasında zərərçəkən digər şəxslər isə Suliddin Abduləzov və Nihat Xudaidir. Onlar “Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti”nin (“Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.”) Azərbaycandakı nümayəndəliyinin işçisi olublar. Hadisə Tovuz rayonunun Aşağı Əyyublu kəndində yol çəkilişi zamanı baş verib. Adı çəkilən işçiləri elektrik cərəyanı vurub. Hadisə 1 il 7 ay əvvəl olub. Bunun üzərindən aylar keçməsinə baxmayaraq, işçilər şirkətdən sığorta ödənişini ala bilmirlər. Bədbəxt hadisə nəticəsində sağlamlığını itirən 41 yaşlı Ayət Abduləzov deyir ki, indi ailəsini və iki azyaşlı övladını dolandıra bilmir, müalicə almağa da imkanı çatmır. Onun dediyinə görə hadisədən sonra Tovuz rayon xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra Gəncəyə göndərilib və üç gün orada saxlanılandan sonra evə buraxılıb. A.Abduləzov qeyd edir ki, iş vaxtı onları elektrik cərəyanı vuran zaman ölümcül vəziyyətdə olublar. “Xəstəxanaya aparılanda ölümcül vəziyyətdə idik. Ağır yanıq xəsarətlərimiz var idi. Mən bir sutka sonra ayılmışam. Fevralın 12-də yenidən Şəmkir hospitalına müraciət etdim, müayinələrdən keçdim. Sonra Gəncədə müayinə zamanı sağ ayaqaltı sinirlərin neyropatiyası aşkar edildi. Mənə “sağ lateral və medial ayaqaltı sinirlərin neyropatiyası” diaqnozu qoyuldu. Uzun müddət xəstəxanadan “Forma-88” ala bilmədim. Buna görə də əlilliyin təyin olunması, sığorta ödənişi indiyədək verilmir. Həkim izah elədi ki, evdə xəstələnsəydin özümüz bülleten aça bilərdik. Amma bu bədbəxt hadisə iş yerində olub. Ona görə də aktı şirkət verməlidir. Şirkət də uzadırdı, vermirdi. Vəkil sağ olsun, nə qədər yerlərə yazandan sonra axır ki, o aktı aldı. O aktla təsdiqlənir ki, həqiqətən belə bir bədbəxt hadisə baş verib və mən xəsarət almışam. Ondan sonra xəstəxanadan “Forma-88”i almışam. İndi onu Əlillərin Bərpa Mərkəzinə aparıb verməliyəm, bir də sığorta şirkətinə. Amma şirkət öz işçisinə sahib çıxmadı. Rəhbərlik hadisədən sonra vəd verdi ki, həm müalicə xərclərimizi ödəyəcək, həm də ailəmizin qayğısına qalacaq. Xəstəxananın xərclərini ödədilər. Amma qalan heç nə eləmədilər. Axırda da mənə dedilər ki, get, kimə şikayət eləyirsən elə. Mənə may ayına qədər pul vermişdilər. Ona görə ki, may ayına qədər mənə işçi kimi maaş yazmışdılar. Sonra veclərinə də olmadı ki, bu bədbəxtin ailəsi, 10-11 yaşlı iki uşağı, müalicəsi necə olacaq?". Maraqlıdır ki, şirkət bu iddialara cavab olaraq deyir ki, keçmiş işçilərinə lazım olan maddi yardım verilib. Həmçinin hüquqi addımlar da atılıb. Amma işçilər sığorta ödənişini ala bilmir... Qeyd edək ki, “Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti” hələ sabiq nəqliyyat naziri Ziya Məmmədovun dönəmindən Azərbaycanda fəaliyyət göstərir. Ölkə üzrə yeni çəkilən əksər avtomobil yollarının salınması və digər böyük layihələr məhz bu şirkət tərəfindən icra olunur. Geri qayıt |