Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Göygölün Kərəmli kəndində məmur təxribatı

Göygölün Kərəmli kəndində məmur təxribatı


23-08-2021, 08:35
Göygölün Kərəmli kəndində məmur təxribatı
Göygöl rayonunun Kərəmli kəndində ağlasığmaz məmur təxribatı baş verib. Belə ki, kənd sakini, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyev öz həmkəndlisini döydürüb.
"Demokratik.Az" saytının əldə etdiyi məlumata görə, kriminal hadisə avqustun 19-da saat 20:00 radələrində qeydə alınıb. Kənd sakini Kamil Zeynalov öz evində 30-dan artıq qadının və bir neçə kişinin amansız hücumuna məruz qalıb. İqbal Əliyevin başçılıq etdiyi dəstənin qarşını ala bilməyən şəxsə hücum nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. II qrup əlil, 60 yaşlı K.Zeynalov İqbal Əliyevin oğlu Müqəddəsin və xüsusilə qadın qohumlarının fiziki zor tətbiqi sayəsində xəstəxanalıq olub.

Olay şahidlərinin və zərərçəkmişin sözlərinə görə, hadisə zamanı kənardan göstərişlər verən və qarşı tərəfə küçə söyüşləri söyərək oğluna yumruq-təpik atmaq əmri verən təşkilatçı məhz İqbal Əliyev olub. Aşura günü qadınların "arxasında" gizlənib belə biabırçı və arzuolunmaz əməl törədən, kriminal qarşıdurmaya şərait yaradan dövlət məmurunun əsl niyyəti də bəlli olub.

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyini təmsil edən İqbal Əliyev bu yolla onun yarıtmaz fəaliyyətini və "topdağıtmaz sərvəti"ni ifşa edən vətəndaş Kamil Zeynalovu "susdurmaq" istəyib. Həmin gün öz evində "Aşura yığıncağı" edib camaatı başına yığan, karantin qaydalarını da heçə sayan məmurun "hücum planı" sadə olub.

Onu da bildirək ki, son günlərdə şikayətçilərin müraciətləri əsasında bir sıra KİV orqanlarında İqbal Əliyevin meşələri qırmasından və hektarlarla meşəlik ərazidə əməlli-başlı "bazar" açmasından, dövlət proqramlarını axsatmasından, rüşvət və korrupsiyaya meydan açmasından, dövlət əmlakını talamaqla milyonluq mal-mülklərə sahib olmasından silsilə yazılar yayımlanır. Əsas şikayətçilərdən biri isə məhz Kamil Zeynalovdur.

Hazırda Göygöl Polisi olaydan zərər çəkən Kamil Zeynalovun şikayəti əsasında müvafiq araşdırma aparır. İnanırıq ki, dövlət məmurunun sifarişilə törədilən cinayət əməlinə düzgün hüquqi qiymət veriləcək, prezidentin tövsiyyə və tapşırıqlarının əksinə olaraq nə özü, nə də övladı cəmiyyətə nümunə ola bilməyən İqbal Əliyevin yekəxanalığı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də diqqətindən yayınmayacaq!
(əlavə məlumatlar verəcəyik)

Demokratik.Az




Geri qayıt