Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Daşkəsəndə özbaşına qalan bələdiyyə sədri...

Daşkəsəndə özbaşına qalan bələdiyyə sədri...


13-09-2021, 11:00
Daşkəsəndə özbaşına qalan bələdiyyə sədri...
"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Daşkəsən rayon "Çanaqçı" kənd sakini Abdullayev Oktay Abdulla oğlu tərəfindən müraciət daxil olmuşdur.

Müraciətində Oktay Abdullayev bildirir ki, oğlu Abdullayev Elnur Oktay oğluna məxsus 20 ha heyvandarlıq üçün nəzərdə tutulmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməsinə "Çanaqçı" kənd bələdiyyəsinin sədri Eyvaz Vəliyev süni əngəllər yaradaraq, sözügedən torpaq sahəsini mənimsəməyə çalışır.

Hətta torpağın illik dövlət vergisini ödəmək üçün bələdiyyə sədrinə müraciət edən Oktay Abdullayevə, müraciətindən bir neçə gün sonra Eyvaz Vəliyev ödəniş üçün hesab nömrəsi yazılmış sənədi təqdim edib.

Ödənişi etmək istəyərkən məlum olub ki, sənəddə Elnur adına qeyd edilən hesab nömrəsi sən demə Oktay Abdullayevin oğlu Elnurun yox, Eyvaz Vəliyevin öz oğlu Vəliyev Elnur Eyvaz oğlunun adına imiş. Özü də illik vergisi 20 (iyirmi) AZN olduğu halda, sədrin təqdim etdiyi sənəddə həmin məbləğ 223.27 (iki yüz iyirmi üç. İyirmi yeddi) AZN olaraq qeyd edilib.

Bundan əlavə Oktay Abdullayev onu da bildirir ki, 2007-ci ildən ona məxsus olan 12 sot həyətyanı torpaq sahəsini də Bələdiyyə sədri Eyvaz Vəliyev süni əngəllər yaradaraq, əlindən almağa çalışır. Əlində hüquqi sənəd olaraq dövlət kadastrı arayışı olduğu halda, Eyvaz Vəliyev rəsmi çıxarış alması üçün ona maneələr yaradır.

Kənd sakini bildirir ki: "Eyvaz dəfələrlə mənə təklif edib ki, "gəl sənə başqa yerdən torpaq verim, ordan əl çək". Mən bununla razılaşmamışam. Sonra, necə edibsə mənə məxsus 12 sot həyətyanı torpaq sahəsinin təyinatını dəyişdirib. İndi həmin 12 sot torpaq sahəsi də kənd təsərrüfatı təyinatlı olub."

Məsələni yerində aydınlaşdırmamız üçün üz tutduq Daşkəsən rayon "Çanaqçı" kəndinə.

Sözügedən hər iki torpaq sahəsini gördük, sənədləri ilə tanış olduq.

İlk öncə onu nəzərinizə çatdıraq ki, sözügedən 12 sot torpaq sahəsi kəndin orta məktəbi ilə üzbəüz yerləşir. Orta məktəbin düz qarşısında kənd təsərrüfatı olduqca ağlasığmaz görünür.



Əslində Eyvaz Vəliyevin həmin həyətyanı torpaq sahəsini kənd təsərrüfatı olaraq qeydə aldırması o ərazidəki mənzərəni görən hər kəsə başadüşülən görünə bilər. Belə ki, həmin 12 sot torpaq sahəsinin düz yaxınlığında Eyvaz Vəliyevin özünə məxsus balıq gölləri var. Orada balıqçılıq təsərrüfatı ilə məşğul olan E. Vəliyev həmin balıqları Daşkəsən və Gəncə şəhərlərində satdırır.

Bütün bunlar barəsində obyektivliyi qoruyaraq, qarşı tərəfin də fikirlərini dinləmək məqsədilə Eyvaz Vəliyev ilə telefon əlaqəsi saxladıq. E. Vəliyev bildirdi ki, "rayondayam, gəlin söhbət edək". Bizim Daşkəsən rayon mərkəzinə getməyimiz təqribən 2 saata yaxın vaxt apardı. Gedib rayon mərkəzinə çatıb, E. Vəliyevi yenidən aradıq. E.Vəliyev özünəməxsus danışıq tərzi ilə bizə cavab verdi ki: "Mən uje kənddəyəm. Gəlmədiniz, mən də çıxdım getdim. Oturub sizi gözləməyəcəm ki. Nə var e.. orda güya" deyib, telefonu söndürdü.

Eyvazı lap uşaqlığından tanıyan kənd sakinləri deyir onun heç bir ali təhsili yoxdur.

Əslində bu elə verdiyi cavabdan, danışıq tərzindən bəli idi. Çünki, o cür danışıq tonu ziyalı insanlara tamamilə yad davranışdır.

Doğrudur, deyə bilərsiniz ali təhsili olmasa onu bələdiyyə sədri təyin etməzlər.

Haqlısınız.

Eyvaz Vəliyevin diplomu var. Lakin, o diplomu necə almasının tarixçəsini də bizə danışdılar.

Əlqərəz...

Bütün bu sadalananlar yetmirmiş kimi kənd sakinlərinin sözlərinə görə "ali təhsilli" bələdiyyə sədri dövlət mülkiyyətində olan yeraltı sərvət sayılan bulağı belə mənimsəyib. Bulağın suyunu borular vasitəsilə öz həyətinə çəkdirib. Başqa sakinlərin istifadəsinə qəti şəkildə imkan vermir.

Şəxsi biznesləri və öz mülkü kimi istifadə etdiyi bələdiyyə torpaqları ilə doymayan gözünü, sakinlərin 10-15 sot torpaqları ilə doyurmaq istəyən bələdiyyə sədrinin təkbaşına bu qədər "irəli getməsi"nin mümkünsüz olduğu və onun himayədarının kim, yaxud kimlər olduğu hər kəsdə sual doğurur.

P.S: Qeyd edək ki, bələdiyyə sədri Eyvaz Vəliyevin bütün özbaşınalıqları barəsində redaksiyamız tərəfindən müraciətlər hazırlanıb Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilmişdir.

Məsələ diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Geri qayıt