Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gəncə Psixonevroloji Dispanseri əvvəllər bir cür talan edilirdi, indi isə başqa cür…

Gəncə Psixonevroloji Dispanseri əvvəllər bir cür talan edilirdi, indi isə başqa cür…


22-09-2021, 10:53
Gəncə Psixonevroloji Dispanseri əvvəllər bir cür talan edilirdi, indi isə başqa cür…
Gəncə şəhərində bir Psixonevroloji Dispanser fəaliyyət göstərir. Bir neçə il öncə dövrü mətbuatda Dispanserdə rüşvətxorluq və digər ciddi qanun pozuntularının baş alıb getməsi barədə ciddi ittihamlar səslənirdi. Nəhayət, 2016–cı ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dispanserin baş həkimi Yaşar Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə dispanser qeydiyyatında olan və ya ümumiyyətlə dispanser qeydiyyatında olmayan ayrı-ayrı şəxslərin pensiyaya qanunsuz çıxarılması məqsədilə müvafiq sənədlərin verilməsi üçün ümumilikdə 7000 manat və 12 600 ABŞ dolları məbləğində pulu rüşvət kimi almasına şübhələr üçün əsaslar olduğundan barəsində CM-nin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıldığını bildirdi.

İndi Yaşar Əliyev haradadır, törətdiyi cinayət əməllərinə görə cəzasını hansı formada çəkdi bəlli deyil. Bəlli olan odur ki, onun yerinə, Gəncə Rayonlararası Psixo-nevroloji Dispanserinə baş həkim təyin olunmuş Hüseynova Tərlan Məmməd qızının barəsində də xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə etdiyinə görədə cinayət işi açılıb. Bu barədə ölkənini aparıcı media orqanlarının 2018-ci ilin noyabr ayının əvvələrində yaydığı xəbərlərdə bildiilir. Amma hər iki baş həkimin barəsində cinayət işinin açılmasına baxmayaraq Tərlan Hüseynova bu gün də Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi işləyir və həm Yaşar Əliyevin qoyduğu yollarla gedir, həm də öz prinsipləri ilə işləyir. Həmçinin hər bir sahədə olduğu kimi, səhiyyə sistemində də korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldığı bir vaxtda.

Təbii, bütün bu yuxarıda qeyd etdiklərimiz 23 aprel 2021-ci ildə Səhiyyə naziri vəzifəsindən azad edilmiş Oqtay Şirəliyevin dövrünə təsadüf edir. Məlumatlara görə sabiq nazirin dövründə, Tərlan Hüseynovanın Gəncədə, hələ Abbas Səhhət adına xəstəxananın poliklinikasında baş həkim işlədiyi dövrlərdə belə, Səhiyyə Nazirliyi onun bir çox gizlin əməllərinə göz yumub. Düzdü, hazırda Dispanserə əvvəllər verilmiş bəzi səlahiyyətlər məhdudlaşdırılıb. Amma burada pul çıxarmağın başqa yolları da var. Maraqlıdır ki, Tərlan Hüseynovanın bir çox qanunsuz əməllərinə Səhiyyə Nazirliyində bu gün də göz yumulur. Hansı əməllərinə? Vəzifə səlahiyyətlərindən sui-istifadə edirək saxta sənədlər hazırlamalarına yox, dövlət vəsaitlərini talamalarına.

Aktualinfo.org Gəncə şəhər Psixonevroloji Dispanserinin son bir neçə ayda, yəni Oqtay Şirəliyev Səhiyyə naziri vəzifəsindən azad olunduqdan sonra dövlət satınalmaları yolu ilə həyata keçirdiyi malların və xidmətlərin satınalmaları ətrafında araşdırma aparmışdır. Araşdırmalarda Gəncə şəhər Psixonevroloji Dispanserinin Tender Komissiyasının nəinki sabiq nazirin dövründə, hətta indi də keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol veridiyi bəlli oldu. Burada bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsindən tutmuş, satın alınan malların (xidmətlərin) qiymətlərinin gizlədilməsinə şübhə yaradan bir çox qanunsuz əməllərə yol verilir. Bunları deməyə isə Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, lakin nəticələri bəlli olmayan kotirovka sorğuları barədə məlumatların gizlədilməsi əsas verir. Onlar hansılardır?

İstehlakyonlü üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mətbəə üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Digər mallar üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Kommunal xidmət üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Gigiyena və sanitariya üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dəftərxana üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mühafizə xidməti üzrə 22.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Komunal xidmətlər üzrə 13.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Digər mallar üzrə 13.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mətbəə mallari üzrə 13.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dəftərxanavə təsərufat malları üzrə 13.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Diqqətinizə çatdırdığımız bu kotirovka sorğularının keçirilməsi barədə elanlar Dövlət satınalmalarının rəsmi portalına göstərdiyimiz tarixlərdə yerləşdirilmişdir. Lakin elan olunmuş, keçirilmiş kotirovka sorğularının nəticələri, ya müqavilələrin bağlanması, ya da ləğv olunması barədə məlumatlar Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilməməmiş, dolayısı yollarla gizlədilmişdir. Buna Səhiyyə Nazirliyi göz yuma bilər. Çünki, “qalib” şirkətlərin sözügedən nazirlikdə kimlərə məxsus olması, yaxud da baş həkimin yaxınlarının adına yaradılmış MMC-lər sirri burada açıla bilər. Amma İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu kimi qanunsuzluqlara necə rəvac verib, niyə göz yumub bəlli deyil.

Xüsusilə qeyd etmək istərdik ki, Gəncə şəhər Psixonevroloji Dispanserinin Tender Komissiyasınin keçirdiyi kotirovka sorğuları barədə Dövlət satınalmalarının rəsmi portalında heç bir məlumat yerləşdirilməyib. Bu da yuxarıda qeyd etdiyimiz kimi “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin pozulması deməkdir. Amma görəsən bunun fərqində olan varmı? Dispanserin baş həkimi Tərlan Hüseynovanın heç fərqində deyil. Görsənən odur ki, bu qanunsuzluqluqlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətlilərini də narahat etmir. Bəs Səhiyyə nazirinin səlahiyyətlilərini icra edən Teymur Musayevi necə, görəsən heç narahat edirmi? Yoxsa o, Gəncə şəhər Psixonevroloji Dispanserində baş verənlərdən heç xəbərdar deyil?

Aktualinfo.org



Geri qayıt