Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Bütün sənədlərimi Kəlbəcər İcra Hakimiyyətinə təqdim etmişəm, amma...”

“Bütün sənədlərimi Kəlbəcər İcra Hakimiyyətinə təqdim etmişəm, amma...”


26-11-2021, 11:45
“Bütün sənədlərimi Kəlbəcər İcra Hakimiyyətinə təqdim etmişəm, amma...”
Vətən müharibəmizin qəhrəman şəhidlərindən biri də Baş çavuş Nahid Musa oğlu Ağalarovdur.

Şəhidimizin həyat yoldaşı Tinatin Muxtarova Moderator.az-a açıqlamasında Nahid haqqında bunları deyib:

“Nahid xalamoğludur. 2017-ci ildə nişanımız və 2018-ci il martın 11-də isə toyumuz oldu. Nahid çox qayğıkeş ailə başçısı idi. Noyabr ayında isə qızımız Zəhra dünyaya gəldi. Özü 2014-cü ildən orduda xidmət edirdi. Vətən müharibəsi zamanı da sentyabrın 27-də gecə saat 4 radələrində evdən çıxdı. Onda mənə dedi ki, “övladımı sənə tapşırıram, özünüzə yaxşı baxın”. Mən onun döyüşə getdiyini bilirdim”.

“Sonuncu dəfə noyabrın 22-də zəng vurdu və dedi ki...”

“Müharibə vaxtı isə həmişə telefon əlaqəsi saxlayırdıq. Döyüşlər qurtarandan sonra noyabrın 13-də evə gəldi və qızımızın iki yaşını keçirdik. Sonra hərbi hissəyə qayıtdı. Sonuncu dəfə noyabrın 22-də zəng vurdu və dedi ki, “özünüzə yaxşı baxın, qızım sənə əmanət”. Sonra Zəhrayla danışdı və dedi ki, “Zəhra, bunu heç vaxt unutma, ata səni çox sevir”. Noyabrın 23-də isə zəng vurdum, amma zəng çatmadı. Məlum oldu ki, Nahidgilin maşınları Şuşa istiqamətində minaya düşüb”.

Şəhid xanımı mənzil probleminin həll edilməsi üçün bizdən kömək istəyib:

“Xəzər rayon Binə sovxoz qəsəbəsində kirayədə yaşayıram. Burda atam-anamgilin yanında qalıram. Mən Kəlbəcər qeydiyyatındayam deyə mənzillə bağlı bütün sənədləri toplayıb iyul ayında Kəlbəcər İcra Hakimiyyətinə təqdim etmişəm. Onlar da sənədləri Bakıya yolladıqlarını deyirlər. Amma hələ ki, heç bir cavab yoxdur. İndi bilmirəm ki, mən hara müraciət edim. Mən xahiş edirəm bu məsələnin həllində aidiyyatı qurumlar köməklik etsinlər. Bununla heç kim maraqlanmır. Mən hər ay 200 manat kirayə pulu verirəm”.

“Oğlanları şəhid oldu deyə onun ailəsi də onlar üçün yoxdur...”

“Onsuz da şəhid yoldaşımın adına gələn bütün yardımlar qayınatamgilə göndərilir. Qayınatamgillə elə söz-söhbətimiz olmayıb, amma Nahid şəhid olandan sonra Zəhrayla maraqlanmadılar deyə əlaqə yoxdur. Nahidgil ailədə 6 qardaşdılar. Onun böyük qardaşı Yaşar Birinci Qarabağ savaşında itkin düşüb. Nahid də Vətən müharibəsində şəhid oldu. Qayınatamgil nəvələriylə maraqlanmalı idi, uşaq onların şəhidinin yadigarı idi. Oğlanları şəhid oldu deyə onun ailəsi də onlar üçün yoxdur. Onlar uşaqla maraqlanmayandan sonra mən gedib onları arayıb-axtaran deyiləm ki”.

Qeyd edək ki, Nahid Ağalarov 1983-cü il dekabrın 14-də Goranboy rayonu Xan Qərvənd kəndində anadan olub. Hərbi xidmətini 2002-2003-cü illərdə başa vuran Nahid 2014-cü ildən müddətdən artıq hərbi qulluqçu kimi orduda işləməyə başlayıb. Vətən müharibəsində göstərdiyi xidmətlərinə görə ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

“Bütün sənədlərimi Kəlbəcər İcra Hakimiyyətinə təqdim etmişəm, amma...”
“Bütün sənədlərimi Kəlbəcər İcra Hakimiyyətinə təqdim etmişəm, amma...”
“Bütün sənədlərimi Kəlbəcər İcra Hakimiyyətinə təqdim etmişəm, amma...”
“Bütün sənədlərimi Kəlbəcər İcra Hakimiyyətinə təqdim etmişəm, amma...”



Geri qayıt