Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İki qurum arasında can verən xalq: 103 xidməti niyə param-parça olub?

İki qurum arasında can verən xalq: 103 xidməti niyə param-parça olub?


30-11-2021, 13:18
İki qurum arasında can verən xalq: 103 xidməti niyə param-parça olub?
Dünyada ən vacib, təcili hallarda lazım olan qurumların nömrələri qısa və yadda qalan olması ilə fərqlənir. Bu nömrələr adətən yığılması asan olan 3 rəqəmdən ibarət olur.
Buna misal üçün bir neçə ölkədə istifadə olunan həmin qısa nömrələri sizə təqdim edək. Məsələn, İranda polis 110, Təcili Tibbi Yardım 115, yanğın 125, Yunanıstanda polis 100, təcili yardım 166, yanğın 199, Avstraliyada bütün bu xidmətlər üçün 000, Meksikada 066, Yeni Zenlandiyada 111, Türkiyədə 112 yığmaq kifayətdir.

Bu qısa nömlərin 3 rəqəmdən ibarət olması isə hər kəs üçün əlçatan olması, yalnız böyüklər deyil, uşaqların belə başı bəlada olduğu zaman yardım çağıra bilməsi üçündür. Bir çox kinolara, sosial çarxlara diqqətlə nəzər salsanız görərsiniz ki, bu nömlərin əzbərlənməsi, göz yaddaşımıza həkk olunması üçün nə qədər “25-ci kadr”lar var.

Azərbaycanda isə bu həyati əhəmiyyətli nömrələr belə təyin olunub. Yanğın 101, Polis 102, Təcili Tibbi Yardım 103. Yanğın və polis üçün təyin olunmuş bu nömrələr istiqamətləri üzrə fəaliyyət göstərirlər. Ölkənin istənilən yerindən bu nömrələrə yığdığımız zaman müraciətimiz qeydə alınır, bizə ən yaxın ərazidə yerləşən polis və ya yanğınsöndürmə əməkdaşları hadisə yerinə cəlb olunur.

Lakin Təcili Tibbi Yardım üçün nəzərdə tutulmuş olan 103 xidməti digərlərindən fərqlənir. Məsələn, siz Bakı şəhərində yaşayırsınızsa, 103 nömrəsinə zəng vurmaqla Təcili Tibbi Yardım çağıra bilərsiniz. Amma əgər yaşadığınız ərazi Abşeron, Sumqayıt və ya digər rayon, şəhərlərə baxırsa, bu zaman bu nömrələrlə əlaqə saxlamaq faydasız olacaq. Nə qədər qəribə səslənsə də, bu nömrələrə cavab verən operatorların özlərinin yönləndirmə edəcəyini düşünməyin. Onlar ən yaxşı halda sizə yaşadığınız əraziniz üzrə Təcili Tibbi Yardım xidmətinin əlaqə nömrələrini verə və özünüzün həmin nömrələrə zəng vurmağınızı xahiş edə bilərlər. Yəni, bir sözlə desək, qısa və hamıya rahat olması üçün seçilmiş 103 xidməti Azərbaycanda heç də əlçatan deyil və lazımi funksiyanı həyata keçirmir.

Bəs 103 xətti hansı rayon, şəhərlər üçün keçərlidir? Rayonda yaşayan vətəndaşlar tibbi yardım lazım olduqda hansı nömrələrlə əlaqə saxlamalıdırlar?

Bütün bu cavabı qaranlıq qalan suallarımızı Səhiyyə Nazirliyinin mətbuat xidmətinə ünvanladıq. Qurumdan bildirdilər ki, rayonların təcili tibbi yardım xidməti TƏBİB-ə verildiyi üçün bu məsələyə onlar daha dəqiq cavab verə bilər.

TƏBİB-lə əlaqə saxlamaq isə hər zamankı kimi mümkün olmadı.

Bizimyol.info

Geri qayıt