Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Azəristiliy”in HƏYASIZ YALANI...
“Azəristiliy”in HƏYASIZ YALANI...9-12-2021, 12:08 |
15 noyabrda - Bakıda mənzillərə istiliyin verilməsi mövsümü başlayan gündəcə bəlli oldu ki, “Azəristiliktəchizat” ASC-nin builki hazırlığı ötən illərə nisbətən daha fəlakətli vəziyyətdədir. Amma qurum 2021-2022-ci il mövsümünə tam hazır olduğunu, hətta necə hazırlaşdığını hesabat şəklində təqdim də etmişdi. Hesabatdan seçmələrə baxın: - istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılmışdır; - mövsüm ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184,0 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. - istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, nəzarət ölçü cihazlarının, avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilmiş, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuş, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilmişdir; - İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2021-2022-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülmüşdür. Belə ki, 990 km istilik xətləri yuyulmuş və hidravlik təzyiqə yoxlanılmış, 8400 metrə yaxın məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunmuş, 371 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqlə yoxlanılmışdır və s. 15 noyabrdan bəri Bakıda mənzillərin, məktəblərin, obyektlərin bir çoxuna istilik 2 gün gəlirsə, 4 gün kəsilir. Kəsintinin səbəbi isə magistral xətlərdə qəzalar, daha doğrusu, çürümüş xətlərin bir-birinin ardınca sıradan çıxmasıdır. “Azəristilik” əməkdaşları ötən illərdə çürümüş xətlərdəki partlamaları qısa müddətdə aradan qaldırırdılar: qazır, sızıntını aşkarlayır, ora şəxsən “Azəristiliktəchizat” ASC-nin rəisi Yaşar Həsənovun birbaşa iştirakı ilə qoz və fıstıq ağacından yaxşıca yonulub hazırlanmış “çüy” vurur, o “çüy”ün su dəydikcə şişib sızıntını kəsməsini gözləmədən torpaqlayıb gedirdilər. Çünki “çüy”ün kəramətinə bələddilər, bilirdilər ki, “Azəristiliy”i pis vəziyyətdə qoymayacaq. İndi vəziyyət acınacaqlı olub. Daha deşilən magistral xətləri “çüyləmək” mümkün deyil. Əvvəla ona görə ki, xətlər tam çürüdüyündən “çüyləmək” alınmır – məsələn, 10 sm dairəsindəki hissəyə o qədər çüy vurulub ki, artıq vurmağa yer yoxdur, hara vurursan, boru daha da partlayır. İkinci ən böyük problem isə xətlərin vicdansızcasına, ləyaqətsizcəsinə altdan deşilməsidir. Borular artıq Yaşar Həsənovun layihəsi üzrə üstdən deşilmir, indi altdan partlayır. Məsələn, Xətai rayonunda, “Azəristiliktəchizat”ın baş ofisinin yaxınlığındakı “Araz” marketin önündə partlayan magistral xəttdə belə bir problem yaranıb. “Azəristilik” əməkdaşları tam 4-cü gündür ki, səhər gəlirlər, qazdıqları sahəyə baxırlar, “çüy”ü necə vurmaq barədə düz axşama qədər düşünüb, daşınıb, çarəsizcəsinə çıxıb gedirlər. Hər gün beləcə “təmir işləri” aparılır. “Çüy” vura bilmədiklərindən isti su binaların özülünə axıb gedir, “təmir” adı ilə “çüyləmə” tamamlanmır və böyük bir məhəllədə istiliyin verilməsi dayanıb. Bəs, keçirilən tenderlər, dəyişən borular, təmir nə oldu? Yoxdur, yalnız yalan və aldatmadan başqa “Azəristiliktəchizat” heç bir iş görməyib. Yeri gəlmişkən, 2005-2010-ci illərdə istilik sisteminə yalnız dövlət büdcəsindən üst-üstə 77 milyon manat ayrılıb. 2011-ci ildə isə ayrılan vəsait 19 milyon, 2012-ci ildə 31,6 milyon manat verilib. 2013-cü ildən 2021-ci ilədək büdcədən bu ASC-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün nə qədər vəsait ayrıldığı barədə göndərdiyimiz sorğuya “Azəristilik” baş mühasibi koronaya “yoluxduğu” üçün cavab verməyib. Ancaq əlbəttə ki, cavab alacağıq. Dövlət büdcəsindən ayrılan əlavə vəsaitlər, üstəlik, hər il yığılan abunə haqları hara gedir? Niyə hesabatda əksini tapan boru xətləri dəyişdirilməyib? Niyə hesabata yalan məlumat daxil edilib? Bunun bir məsuliyyəti, cavabdehliyi olmalıdır… //axar.az// Geri qayıt |