Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Məhkəmə sədri -bazarkom..., hakim fırıldaqçı rolunda...

Məhkəmə sədri -bazarkom..., hakim fırıldaqçı rolunda...


27-12-2021, 15:49
Məhkəmə sədri -bazarkom..., hakim fırıldaqçı rolunda...
DİA.AZ: - "Bü günün məhkəmə hakimiyyətinin qeyri-prosessual münasibətlər bazarı rolunu oynaması gizlin deyil. Özəlliklə, inzibati məhkəmələrin adını doğrultmaması , inzibati orqanların rüşvət öhdəliyini yerinə yetirən quruma çevrilməsi acı gerçəkdir. Şəki İnzibati Məhkəməsi (İlqar Cabbarov , Rüfət Məcidov) cavabdeh Ağsu RİH, Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsinin 1-ci dərəcəli kəndin yeganə zabit Qarabağ qazisinin 22 ildir istifadəsində olan torpaq sahəsini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ələ keçirmələri barədə üç iddianı Ağsu RİH başçısının zəngi ilə tərəfləri çağırmadan anında mümkün saymayıb ki, icra başçısı “fiziki şəxs”dir. Hələ də Şəki Apellyasiya Məhkəməsinin (Gündüz Abbasov, Rövşən Rəfiyev, Mübariz Hüseynov) İlqar Cabbarovun qüvvədə saxladığı qərardadından kassasiya şikayəti verməyə Ağsudan ayırdığı vəkil Ziya Kazımov şikayəti yazmayıb. 3 il sonra Gündüz Abbasov “hörmətlə” bu hüquqa hörmətsizliyi 1-ci dərəcəli Qarabağ qazisinin telefon zənglərinə cavab verməməsi ilə “əsaslandırıb”". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bəyəm kassasiya şikayəti telefonla yazılır, niyə apellyasiya instansiyasının hakimi ayırdığı vəkilin şikayəti yazmasını təmin etməyib? Həmin İlqar Cabbarov həmin qazinin DİN-ə qarşı iddiası üzrə 15.02.2019 tarixli saxta qərardadı isə hazırda Ali Məhkəmənin Plenumunun qərarından da , Konstitusiyadan da üstün qüvvəyə malikdir. Qərardadın saxtalığını həmin 15.02.2019 tarixində heç bir qərar qəbul edilmədiyi, iclasın növbəti tarixə təyin edildiyi haqqında “e-məhkəmə” portalının məlumatı doğrulayır. Dİ gəl, özünü etibarnaməsi və orderi olmadan DİN-in vəkili və nümayəndəsi (?) kimi sırıyan Əlirza Həbilovun çıxatdırdığı bu saxta qərardad 2 il sonra Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevə, Bakı Apellyasiya Məhkəməsinin Yujdaq diplomlu hakimi Xəyalə Cəmilovaya, mülki kolleqaları Namiq Cəfərov və Vahid Sadıqova, 32 ay sonra Ali Məhkəmənin “debütantı” , MM-dən “transfer olunan” Səyyad Kərimova, “təcrübəli tərəzi hakimləri” Rahib Nəbizadə və Zakir Quliyevə Konstitusiyadan və Ali Məhkəmənin Plenumunun qərarından da üstün olub və hələ də bu üstünlük sürür. Onu da, ilginc olduğundan, vurğulayaq ki, Bakı Apellyasiya Məhkəməsinin sədri Xəyalə Cəmilova olan heyəti 8 ay 15 gündür 14.04.2021 tarixli qərardadını, Səyyad Kərimov 2 ay 20 gündür 06.10.2021 tarixli qərarını verməkdən imtina edir. İlginc olan və eyni anda dəhşətlisi odur ki, Qarabağ qazisi kassasiya şikayəti vermək üçün vəkil ayrılmasına da, apellyasiya instansiyasının qərardadını almadığından, ərizə verməyib. Belə çıxır, Xəyalə Cəmilova prosessual qanunvericiliyin tələblərinə qarşı çıxaraq, özbaşına vəkillə təminat barədə ərizə tərtib edib və 0 il stajlı vəkili özünə vəkil ayırıb? Səyyad Kərimov da şikayəti oxumadan, heç bir tərəf iştirak etmədiyi halda, 09.07.2021 tarixli qanunla İPM-ə yeni əlavə olunan 96.4 maddəsinə əsasən işə yazılı icraat qaydasında baxmalı olduğu halda, şifahi baxıb. Yəqin, Səyyad Kərimov qərarını verməyə “utanır” , amma bu “utancaqlıqdan” ziyan çəkən məhkəmə təminatı hüququna qadağa qoyulan Qarabağ qazisidir.

Keçək Bakı İnzibati Məhkəməsinin bazar piştaxtalarına. Məhkəmənin sədri Araz Hüseynovun, sələfi Rəşid Rzayevin özbaşınalıqlarını “uğurla” sürdürməsi “köhnə bazarın elə köhnə nırx”la işləməsində özünü göstərir. Təsəvvür edin, məhkəmə (Şərafət Məmmədova və Aygün Abdullayeva ) 20.06.2016 tarixli dövlətin adından çıxardığı məhkəmə qərarının icrasını təmin etməkdən imtina edir! 6 ildir tələbkarın ərizələrinə belə baxmayan Bakı İnzibati Məhkəməsinin borclu inzibati orqan -ƏƏSMN-in Sosial Xidmətlər Agentliyindən rüşvət öhdəliyi götürməsinə hələ də qiymət verilmir. Bakı İnzibati Məhkəməsi qeyri-prosessual münasibətlər bazarına çevrilib. Nə müvəqqəti xarakterli müdafiə tədbiri kimi verilən ərizələrə baxılır, nə maraqlarına toxunan 3-cü şəxslərin vəsatətlərinə. Heç BŞİH-ə qarşı sərbəst toplaşmaq azadlığı hüququna qadağa qoymasına hüquq qiyməti verilməsi tələbi ilə qaldırılan iddiaya da 40 gündür baxılmır. Halbuki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 11-ci maddəsinə görə , məhkəmə 2 günə işə baxıb qərar qəbul etməlidir. Bazar piştaxtasında iddia necə yoxa çıxarılıbsa, nə Məhkəmə Hüquq Şurası tapa bilir, nə də Ombudsman. İtkidən söz düşmüşkən,

Rüstəm Kərimli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh Nərimanov bələdiyyəsi ilə qeyri-prosessual münasibətə girərək Qarabağ qazisinin torpaq sahəsi ayrılması haqqında iddiasını itirib və gizlincə icraata xitam verib. Apellyasiya instansiyası 15.10.2019 tarixli bu qərardadı 05.03.2020 tarixli qərardadla ləğv edib və işi Bakı İnzibati Məhkəməsinə qaytarıb. Artıq Sabunçu məhkəməsində Nərimanov bələdiyyəsindən aldığı rüşvəti sayan Rüstəm Kərimli cəld Ədliyyə Nazirliyindəki tanışları vasitəsilə özünü Bakı İnzibati Məhkəməsinə ezam etdirib və Araz Hüseynovun “tərəzisinin” “təsadüfi seçimi ilə ləğv edilmiş qərardadı üzrə işə hakim təyin edilib! Korrupsiya mexanizminə baxın, ləğv edilmiş işini götürüb itirən Rüstəm Kərimliyə indiyədək bu gizlin rüşvət hakimliyinə görə “gözün üstə qaşın var” deyilmir. Kim deyəcək ki? Bazarkom? Bəyəm bazarkom tərəzi arxasında duran rüşvət hakiminin əvvəllər bu iş üzrə hakim olmasından xəbərsiz olub? Xəbərsiz olubsa, necə bazarkomluq edir? Burda hər şey ortadadır : Rüstəm Kərimli Nərimanov bələdiyyəsindən götürdüyü qeyri-prosessual rüşvət öhdəliyini icra etmək üçün Sabunçu məhkəməsindən Bakı İnzibati Məhkəməsinə ezam olunub və Araz Hüseynov ilə qeyri-prosessual münasibətə girərək yenidən ləğv edilmiş işinə hakim təyin edilib və. .. işi gizlədib. Vicdanı olan hakim belə açıq-aşkar korrupsiyaya yol verərmi? Bu sualın cavabını Məhkəmə Hüquq Şurası və baş prokuror verməlidir. “Metro Tağı” demiş, hər şey elə açıqdır ki, burcutmağın adı yoxdur!"

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt