Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Təhsil nazirinin rüşvətə yandırdığı YAŞIL İŞIQ...

Təhsil nazirinin rüşvətə yandırdığı YAŞIL İŞIQ...


28-12-2021, 11:19
Təhsil nazirinin rüşvətə yandırdığı YAŞIL İŞIQ...
“Məktəblərdə pul yığılması qeyri-qanunidir”. Bunu təhsil naziri Emin Əmrullayev ötən həftə keçirdiyi brifinqdə bildirib. Deyib ki, o, hələ məktəbdə oxuyanda da belə hallarla rastlaşıb. “Bu, bizim cəmiyyətin xroniki problemidir. Azərbaycanda icbari təhsil pulsuzdur. Valideyn Müəllim Assosiasiyaları Təhsil Nazirliyinin qurumu deyil, bu, ictimai qurumdur. Bu birliklərin yaradılması əslində faydalıdır. Ancaq qanunsuzluq varsa, valideyn ora üzv olmaya, üzvlük haqqı verməyə və iclaslarına getməyə bilər. Bu, valideynlərin idarə etdiyi bir qurumdur”.

Nazirin sözlərinə görə, valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər: “Bu, bir modeldir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə, təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır”.

Nazirin “məktəblərdə pul könüllü şəkildə yığılmalıdır” fikrinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Hürriyyət"ə açıqlamasında dedi ki, təhsil sahəsində qanunlar və ümumtəhsil məktəbinin nizmanaməsi valideynlərin məktəblərə könüllü yardım və ianə etmək, o cümlədən məktəbin o vəsaitləri hətta lazım gələrsə şagirdlərin və müəllimlərin maddi stimullaşdırılmasına belə xərcləmək hüquqlarını tanıyır: "Lakin bu sənədlərdə ianə və yardımların qanunvericiliklə müəyyən edilmiş qaydada könüllü ödənməsi və xərclənməsi şərt kimi göstərilir. Bu o deməkdir ki, məktəblərin bank hesabları olmalı və mövcud mərkəzi icra hakimiyyəti orqanı məktəblərə verilən vəsaitlərin qəbulu və xərclənməsi barədə norma və qayda müəyyənləşdirməlidir. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən belə bir sənəd hazırlanıb təsdiq edilmədiyi üçün hazırda məktəblərin hər hansı formada nağd pul vəsaitlərini qəbul etməsi qanuna ziddir. Onlar yalnız qanunvericilikdə qeyd edildiyi kimi, kitabxana fondunun və tədris resurslarının zənginləşdirilməsi məqsədi ilə kitablar, əyani vəsaitlər və sair bu kimi vasitələri ianə və yardım kimi qəbul edə bilərlər. Mövcud qanunvericilik məktəblərin ianə və yardım ala bilmək hüququnu tanısa da bu məhz məktəblərdə valideyn idarəetmə və ya özünüidarəetmə orqanları vasitəsi ilə reallaşdırması anlamında deyil. Təbii ki, məktəblərdə valideyn idarəetmə və ya özünüidarəetmə orqanları da məktəbə yardım və ianə etmək hüquqlarını özündə saxlayırlar".



Ekspertin sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən 1994-cü ildə təsdiq edilən sənəd keçid dövrü üçün xarakterik olan normaları özündə ehtiva edir və hazırda dövrün təhsil tələbləri ilə səsləşmir: ““Təhsil haqqında” qanunun 34-cü maddəsinə görə valideynlərin təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək hüququ var. “Ümumi təhsil haqqında” qanunun 20-ci və 24-cü maddələrinə görə də valideynlərin təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək hüquqları var və ümumi təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədi ilə təhsil müəssisəsində digər özünüidarə orqanları - valideynlər şurası yaradıla bilər. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5-ci bəndinə görə ümumtəhsil məktəbinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə məktəbdə yaradılması qaydaları və səlahiyyətləri ümumtəhsil məktəbinin nizamnaməsi ilə müəyyənləşdirilməklə idarə və özünüidarə orqanları - valideynlər və valideyn şuraları yaradıla bilər. Lakin praktikada “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” əsasında ayrı-ayrı məktəblərin fərdi nizamnamələrində bu şuraların yaradılma mexanizmini özündə ehtiva edən bəndlərə rast gəlinmir. Məktəblərin qanunvericiliyə uyğun dövlət-ictimai idarə edilməsi prinsipindən doğan bu kimi məsələnin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə öz əksini tapmaması və bunun ayrı-ayrı məktəblərin fərdi nizamnaməsinə daxil edilməsi tələbi qanunvericiliyin ciddi boşluğu hesab edilməlidir. Hazırda qüvvədə olan “Ümumtəhsil məktəbinin valideyn komitəsi barədə əsasnamə”də bu təşkilatın işinin məzmunu, bir sıra hüquq və vəzifələri qeyd edilsə də, onların reallşadırılması üçün maliyyə mənbələri barədə heç bir norma yoxdur, yalnız komitənin icbari təhsil fondunun bölgüsündə iştirak etmək hüququ barədə bir bənd mövcuddur. Ümumiyyətlə, Təhsil Nazirliyi tərəfindən 1994-cü ildə təsdiq edilən bu sənəd keçid dövrü üçün xarakterik olan normaları özündə ehtiva edir və hazırda dövrün təhsil tələbləri ilə səsləşmir".

Kamran Əsədov qeyd edib ki, məktəblərə yardım etmək təcrübəsi Avropada, hətta ABŞ-da da var. Ekspertin sözlərinə görə, sözügedən ölkələrdə valideynlər özləri könüllü olaraq məktəblərə dəstək olur: "Təhsil naziri mətbuat konfransında məktəblərdə “fond pulu” adı ilə yığılan vəsaitdən danışdı və şərh verdi. Amma məsələ çox yanlış şəkil aldı. Əslində, Emin müəllim doğrunu və qanunun tələbini dedi. Nazir demədi ki, bundan sonra qanunsuz pulu şəffaf şəkildə yığın. Gəlin öncə görək qanun nə deyir... Mövcud qanunlarımız deyir ki, valideyinlər məktəbə könüllü ianə edə bilərlər. Emin müəllim də deyir ki, bunu indiki kimi sinif rəhbərinin, hansısa komitənin vasitəsi ilə kor-koranə yox, rəsmi və şəffaf şəkildə etmək lazımdır. Məktəbə lazım olan bütün resurslar dövlət tərəfindən pulsuz olaraq verilir. Amma bəzən çatmayanlar olur. Misal üçün, bir məktəbə KSQ, BSQ və digər təşkilati işlərin görülməsi üçün 20 paçka A4 kağızı göndərilir. Amma bəzən şagirdlərin sayı və imtahanların həcmi daha çox kağıza ehtiyac yaradır. Müvafiq məktəb yeni A4 vərəqi tələbi ilə yuxarı quruma müraciət edib kağız istəyənə və kağızlar gələnə qədər azı 4 ay vaxt keçir. Və ya lövhədə yazmaq üçün marker lazımdır, bir riyaziyyat müəllimi daha çox yazıb mövcud resursu bitirə bilər.

Bəli, Ümumiyyətlə, səbəb nə olursa-olsun, təhsil müəssisələrində pul yığılması qadağandır. Amma ortada mövcud problem var. Bəs, bu necə həll oluna bilər? Bir məqamı qeyd edim, əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər! Şəxsi maraq və ehtiyaclar üçün sərf oluna bilməz.

Təkrar qeyd edirəm, qanunvericilikdə də qeyd olunur ki, məktəblər ianə qəbul edə və valideynlər tərəfindən köməklik oluna bilər. Amma problem onun tətbiqindədir. Hal-hazırda bunun mexanizmi yoxdur. Hesab edirəm ki, məktəblərə muxtariyyət verilməlidir. Təhsil ocaqlarına nisbətən azadlıq yolu açılmalıdır ki, sərbəst qərar qəbul edə bilsinlər. Belə olduğu təqdirdə bütün ianələr korrupsiya halları kimi deyil, leqal yollarla tənzimlənə bilər. Təhsil naziri isə məhz bu istiqamətdə maraqlı olduqlarını qeyd edir. Yəni müvafiq təşkilat bunu könüllü etsin və əgər vəsait toplanacaqsa, bu şəffaf, hesabatlı formada həyata keçirilsin. Beynəlxalq təcrübəyə görə belə təşkilatlara yığılan vəsaitlər, üzvlük haqları məktəblərdə şəhidlərlə bağlı guşələrin yaradılmasına, hər hansı yarışların keçirilməsinə, şagirdlərin yay tətilində düşərgələrə göndərilməsinə və sairə xərclənir. Bunun isə şəffaf hesabatını kim tələb etsə, təqdim edə bilər. Lakin bizim məktəblərimizdə hal-hazırda bu yoxdur. Məktəblərə yardım etmək təcrübəsi Avropada, ABŞ-da belə var. Valideynlər özləri könüllü olaraq məktəblərə dəstək olurlar. Amma bu məcburi deyil, bu nəğd pul almaq formasında həyata keçirilmir. Təşkilata üzvlük könüllü olmalı, heç bir halda nağd şəkildə valideynlərdən pul tələb edilməməlidir. Təşkilatın hesabı olmalı, valideynlər üzvlük haqqını həmin hesaba köçürməlidirlər. Və təhsil naziri demir ki, rüşvəti şəffaf yığın, deyir ki, vəsait qanunvericiliyin tələbləri çərçivəsində yığılmalı və düzgün istiqamətdə xərclənməlidir. Daha kim istəyir, əlinə bir dəftər alıb pul yığmamalıdır".

Təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, valideynlər ayıq-sayıq olmalı, hansısa sinifdə ödəniş yığılarsa, dərhal bu barədə məktəb rəhbərliyinə, baxılmadığı halda Təhsil Nazirliyinə məlumat verməlidirlər: "Mən bütün valideynləri məktəblərdə təyinatından asılı olmadan yığılan pullara qarşı mübarizəyə səsləyirəm. Pul istəyirlər? Vermə! Dürüst ol. İfşa et! Öz əllərinizlə öz övladınızı bədbəxt edirsiniz. Pul istəyən kimi "Aman Allah! Tez aparım verim, yoxsa uşağın qiymətini kəsəcəklər, yoxsa uşağa qarşı biganə olacaqlar" düşüncəsindən qurtulun. Yeganə həll yolu əlini vicdanının üzərinə qoyaraq pul verməmək, mübarizə aparmaq, ifşa etmək və qorxaq olmamaqdan keçir. Bunu bacarmırıqsa, o zaman heç kimi qınamağa haqqımız çatmır. Nə naziri, nə direktoru, nə müəllimi, nə də digərlərini! Hər şeyi pulla həll etmək qanımıza hopub. Bu sindromdan qurtulmaq lazımdır! Hətta gecikmişik! Əslində, orta ümumtəhsildə rüşvətin və digər korrupsiya faktlarının qarşısını almaq üçün sistem necə işləməlidir? Tutaq ki, məktəbdə 1500 şagird təhsil alır. Bu şagirdlərdən 600 nəfəri imkansız ailənin övladları, 500 nəfər orta imkanlı ailələrin övladları, 400 nəfər də imkanlı ailələrin övladlarıdır. Təhsil alan 1500 nəfərin heç biri icbari təhsil aldığı üçün 1 qəpik belə olsun məktəbə ödəniş ödəməməlidir. Təhsilalanların valideynləri ayıq-sayıq olmalıdır. Hər hansısa sinifdə ödəniş yığılarsa, dərhal bu barədə məktəb rəhbərliyinə məlumat verilməli, baxılmadığı halda təhsil şöbəsinə (regional) məlumat verməlidirlər. Yenə də baxılmasa, o zaman Təhsil Nazirliyinə əsaslandırılmış məlumat verilməlidir. Valideynlər məktəbin bütün növ təlim və tədris işlərindən uzaq tutulmalıdır. Yalnız xüsusi tədbirlərdə valideynlər dəvət oluna bilər. Həmçinin, övladının dərslərində iştirak üçün. Başqa heç bir əsasla valideynlər prosesə cəlb edilməməlidir".

Elçin Əfəndi deyir ki, əgər ianədən xərclənən məbləğin istiqaməti şəffaf hesabatla təqdim edilərsə, valideynlər məktəbə müvafiq ianə köçürə bilərlər: "Gələk indi yığım, ianə və yaxud da fond məsələsinə. Burada istənilən valideyn və ya valideynlər məktəbə müvafiq ianə köçürə bilər. O şərtlə ki, məktəb həmin valideynə və ya valideynlərə ianədən xərclənən məbləğin istiqamətini şəffaf hesabatla təqdim etsin. Bunun üçün ümumi hesabat xarakterli iclas keçirib, məlumat vermək olar. Qeyd edim ki, əgər 1500 şagirdən 400-500 nəfərinin imkanı çatdığı halda ianə edirsə, bu zaman ianə edənlərin kimliyi açıqlanmamalıdır. Bu, digər imkansız və ya orta imkanlı şagirdlərə də, eləcə də onların valideynlərinə də pis təsir etmiş olar. Ona görə də həmin ödənişi ödəyən şəxslərin adları sadəcə xüsusi olaraq qeydə alınmalı və bu məlumat məktəbin şəxsi mühafizə olunan sənədləri arasında saxlanılmalıdır. Əgər kimlik açıqlanması olarsa da, bunu gələcək üçün etmək məqsədəuyğundur. İanə könüllülük əsasında olmalıdır. Heç kim məcburi şəkildə vəsait ödəməyə təhrik edilməməlidir. Bundan əlavə, 1500 şagirddən ixtiyari birinin valideyni əlamətdar və ya adi günlərdə irəli düşərək istər müəllim, istər direktor müavini, istərsə də direktora pul və ya hədiyyə verərsə, həmin şəxslər valideynə xəbərdarlıq edib, verdiklərini geri qaytarmalıdır. Təkrar baş verərsə, həmin valideyn digər valideynlər tərəfindən qınanılmalıdır.

Son olaraq qeyd edim ki, biz təhsilin inkişafını istəyiriksə, ilk növbədə özümüzdən başlamalıyıq. Məktəblərdə pul yığmaq işini vicdanlı müəllimlər həyata keçirmir. Bu işin başında ya bəzi məktəb rəhbərlikləri, ya da üzü-gözü müxtəlif cür boyalara qərq olan bəzi valideyn komitələrinə rəhbərlik edən nazlı-qəmzəli qadınlar dayanır".
//hurriyyet.az//
Geri qayıt