Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Xəstəxana, ya “can bazarı”: "Maaşımızı kəsiblər.., işdən çıxıram"
Xəstəxana, ya “can bazarı”: "Maaşımızı kəsiblər.., işdən çıxıram"5-01-2022, 12:16 |
Bayram tətilini hansısa yaxşı restoranda, rayonda və ya xarici ölkədə keçirənlər kimi bu il xəstəxanada keçirənlərin də sayı az olmayıb. Son həftələrdə uşaqlı, böyüklü hamının yoluxduğu, adı məlum olmayan virus və digər artan xəstəliklərdən xəstəxanalara müraciət edənlərin sayının çoxalmasını sadəcə gözlə müşahidə zamanı da görmək olur. Bayram günlərində bu axın xüsusilə də özəl klinikalara olur. Çünki onsuz da insanların inamının öldüyü dövlət xəstəxanalarında bu günlərdə sadəcə növbətçi həkimlər işləyir. Dövlət tərəfindən heç bir nəzarət aparılmayan özəl xəstəxanalarda isə vəziyyət getdikcə acınacaqlı hala gəlib. Bu xəstəxanaların bir çoxunda insanlar üzərində həqiqətən də al-ver aparılır, məcbur qalan, imdat gözləyən xəstələrin cibindəki son qəpiyinə qədər soyulur. Bu günlərdə mən də özəl xəstəxanalardan birinə müraciət etməli oldum. Başıma gələnlər və gördüklərim həqiqətən də bir xəstə üçün ən dəhşətli mənzərə idi. Deməli, tibb bacılarının məni narkoza hazırladığı vaxtda birdən xəstəxanada səs-küy düşdü. Olduğum palatanın qapısı tələsik açıldı və həkim otağa daxil oldu. Açıqlı bir səslə tibb bacılarına bildirdi ki, “xəstəni hazırlamayın. Mən işdən çıxıram”. Düzü, ağrılardan və vurulan iynənin təsirindən nə baş verdiyini heç cürə aydınlaşdıra bilmirdim. Elə bu anda həkim dərdini danışmağa başladı. “Maaşımızı İcbari Tibbi Sığortaya görə kəsiblər. Mənim pulumu tam verməyənə kimi xəstələrə baxmayacam”. Bunu eşidən biz xəstələr və tibb bacıları isə həkimə az qala yalvarmağa başladıq ki, bizi yola salsın sonra məsələni xəstəxana rəhbərliyi ilə həll etsin. Amma həkim çox israrlı idi. Nə isə, uzun həngamədən sonra həkim yoxa çıxdı. Elə bildik həqiqətən də çıxıb gedib. Bu sırada tibb bacıları hadisəni izah etməyə, bizi sanki yumşaltmağa çalışırdılar. Xəstələr isə bilmirdilər danışan nağıllara qulaq assınlar, başlarına gələnə razı olub sussunlar, ya ağrıyan canlarını da götürüb xəstəxanadan uzaqlaşsınlar. Bir xeyli keçmişdi ki, həkim xalatını geyinə-geyinə qəbul otağına doğru gəldi. Bu dəfə üzündə məmnun bir gülümsəmə var idi. Aydın olurdu ki, rəhbərliklə olan məsələ öz həllini tapıb. Bu dəfə isə bayaqdan bəri həkimi gözləyən xəstələr koridor boyu inildəyirdi. Bu oyuna, xəstələri heçə sayan tibb müəssisəsinə nə ad vermək olar? Məncə sadəcə, “can bazarı”… Bizimyol.info Geri qayıt |