Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Məcburi köçkünlərin "çörəkpulu"na göz dikənlər kimlərdir?
Məcburi köçkünlərin "çörəkpulu"na göz dikənlər kimlərdir?6-01-2022, 11:22 |
DİA.AZ xəbər verir ki, Qaçqın və məcburi köçkünlərdən ibarət bir qrup vətəndaş "DogruXeber.az" İnformasiya agentliyinə müraciət edib. Onlar müraciətlərində bildirirlər ki, artıq bir neçə aydır, onlara verilən "çörəkpulu"ndan (vahid aylıq müavinət) hər ay 3, 5, 8... (ümumi məbləğə görə dəyişir) AZN tutulur. Məsələ ilə əlaqədar olaraq Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev ilə telefon əlaqəsi saxladıq. İbrahim müəllim zəngi məşğula aldı. Lakin, bir neçə dəqiqədən sonra komitənin mətbuat xidmətinin əməkdaşı Nazilə xanım özü bizə zəng etdi. Qaçqınların narazılığına səbəb olan məsələni Nazilə xanıma bildirdik və bu barədə açıqlama verilməsini xahiş etdik. Nazilə xanım cavab verdi ki: - "Məlumatımız var, ancaq bunun komitəyə aidiyyəti yoxdur. Onu "KapitalBank" xidməthaqqı olaraq çıxır. Siz "KapitalBank"a zəng edin onlar da deyəcək sizə." Nazilə xanımla danışdıqdan sonra "KapitalBank"ın baş ofisinə zəng edib, eyni sualla müraciət etdik. Telefonumuza cavab verən kiçik mütəxəssis Əziz Əliyev bildirdi ki: - "Bu sualla bizə sizdən başqa da müraciət edənlər olub və biz onlara komitəyə müraciət etmələrini bildirmişik. Çünki, o pullar bizim deyil, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən çıxılır. Banka ümumiyyətlə aidiyyatı yoxdur." Baxın! Bizdə olan məlumata görə, artıq 8 aydır ki, qaçqınlara verilən vahid aylıq müavinətdən minimum 3 (üç) AZN tutulur. Yuxarıda da qeyd etdiyimiz kimi, 3-5-6-8 və sair. Məbləğə görə dəyişir. Hazırda ölkədə 1.138.450 (bir milyon, yüz otuz səkkiz min, dörd yüz əlli) nəfər qaçqın və məcburi köçkün yaşayır. Hələ hamısını demirik, elə 1.000.000 (bir milyon) nəfərin, hərəsindən ən minimum məbləğdən götürsək (3 AZN) bu hər ay 3.000.000 (üç milyon) manat edir. Nəzərinizə çatdırırıq ki, əhali sayının və məbləğin minimum həddini hesabladıqda alınan nəticəni təqdim etdik. Amma, qaçqın sayını yuxarıda göstərilən rəqəmlərə vurduqda, bu kifayət qədər çox məbləğ edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, müraciət edənlər arasında hətta aylıq müavinətindən 12-15 azn çıxıldığını deyənlər də var. Hələ bir də düşünəndə ki, bu proses hər ay aparılır, özü də 8 aydır davam edir... Bax burda deyiləcək söz qalmır... İgidlərimiz torpaqları azad etdiyindən bəri də bir çox qurumlarda ən uyğun bəhanə yaranıb. İşçilərin maaşını verməyənlər də, maaşdan kəsənlər də bütün hamısı qurumlar tərəfindən qeyri-rəsmi olaraq camaata sızdırılır ki, güya tutulan məbləğlər Qarabağda yenidənqurma işləri üçün tutulur. O zaman ölkə başçısının bu iş üçün dövlət büdcəsindən ayırdığı məbləğ hara xərclənib? Yəni, yeraltı, yerüstü sərvətlərlə zəngin olan Azərbaycan o qədər aciz duruma düşdü ki, xalqın 3-5 manat çörəkpulu ilə Qarabağı bərpa etsin? Belə absurd şaiyələrlə bu kimi qurumlar ölkənin və ölkə başçısının da nüfuzuna xələl gətirmiş olur. Əslində belə bir məlumat bir neçə ay öncə də yayılmışdı. O vaxtlar camaat arasında söhbət gəzdi ki, tutulan pullar "YAŞAT" fonduna köçürülür, oradan da güya Qarabağda aparılan yenidənqurma işləri üçün sərf edilir. Təbii ki, bu rəsmi məlumat deyil, camaat arasında gəzən söhbətdir. Elə o zaman da "Qaçqınkom" düzgün açıqlama vermədi, indi də vermir ki, bu da hər kəsdə şübhə yaradır. Əslində, şübhəli susqunluq "Qaçqınkom"un köhnə xasiyyətidir. Belə ki, dəfələrlə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu külli miqdarda məbləğlər müqabilində şübhəli tender müqavilələri imzalayıb və haqqında Dövlət Satınalma Portalında ətraflı məlumat göstərməyib. Bununla bağlı mətbuatın sorğularını da fondun direktoru Mahir Abbaszadə susaraq "cavablandırıb". Ümumiyyətlə, istər Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət komitəsinin rəhbəri Rövşən Rzayev, istərsə də fond direktoru və millət vəkili Mahir Abbaszadənin adları tez-tez qalmaqallı mövzularla gündəmə gəlir. Yerli saytların yazdığına görə Rövşən Rzayev və Mahir Abbaszadə rəhbərlik etdikləri dövlət qurumunu öz şəxsi biznesləri kimi idarə edirlər. Artıq bir neçə aydır xəbərdarlıq edilmədən və heç bir açıqlama verilmədən qaçqınlara verilən vahid aylıq müavinətdən müəyyən məbləğlərin tutulması da elə sözügedən şəxslərin barəsində yazılanları təsdiq edir. Üstəlik, "bank tərəfindən tutulur", deməklə, məsuliyyəti bankın üzərinə ataraq, yaxasını kənara çəkmək də komitənin öz qanunsuz əməllərinə don geyindirmək üçün ağlına gələn an absurd bəhanədir. Yeri gəlmişkən, Füzuli rayonun Aybasanlı kənd sakini Əliyev Elnur Tofiq oğlu da redaksiyamıza müraciət edib. Məcburi köçkünlərin "çörəkpulu"na göz dikənlər kimlərdir? O da Füzuli rayonundan məcburi köçkün düşüb. Hazırda, Füzuli rayonunda qaçqın və məcburi köçkünlər üçün salınmış yeni 6 saylı"Qayıdış" qəsəbəsində yaşayır. Özü də birinci qrup əlildir. Elnur Əliyev bildirir ki: -"08.02.2020-ci il tarixində qısa qapanma nəticəsində yaşadığım, yəni dövlət tərəfindən mənə verilən ev əşyaları ilə birlikdə yanaraq, yararsız hala düşüb. Bununla bağlı iki ildir ki, müraciət etmədiyim yer qalmayıb. Rayon İcra başçısı bir dəfə gəldi, evi gördü . Sonra hər kəsin içində İcra nümayəndəsinə çıxarıb 50 manat pul verdi və dedi ki, "Get Füzuli rayonunda nə qədər məmurlar, iş adamları var, onlardan pul yığ gətir ver bu kişiyə, evini tiksin." Alı müəllim onu deyəndə 10 ay idi evim yanmışdı. Artıq, iki ildir ki, mən həyətimdə balaca, torpaq kərpicdən tikdiyim damda qalıram. Hələ də heç bir qurum mənə kömək etməyib. Halbuki, Fövqəladə Hallar Nazirliyinin əməliyyat-istintaq idarəsi tərəfindən dəfələrlə tələb etdikdən və bir neçə dəfə getdikdən sonra, nəhayət mənə verilən qərarda yazılıb ki, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Mənzil-istismar departamentinin verdiyi 06 saylı 19.02.2020-ci il tarixli arayışa əsasən mənə evimin tikilməsi üçün güya 12.000 (on iki min) manat pul ayrılıb. Əvvəla, onu deyim ki, mən o pulu yalnız verilən arayışda görmüşəm. Mənə o məbləğ verilməyib. İkincisi də 12.000 (on iki min manata) ev tikmək mümkün deyil axı. Deyəsən "Qaçqınkom"un tikinti materiallarının qiymətindən xəbəri yoxdur." Biz Elnur Əliyevin bu sözü ilə razı deyilik. Çünki, eşitdiyimizə görə (Yerli saytlara istinad) Rövşən Rzayevin oğlu da, fondun direktoru Mahir Abbaszadə də tikinti biznesi, həmçinin ev alqı-satqısı ilə məşğuldurlar. Aylıq vahid müavinətindən hər ay müəyyən miqdarda məbləğlər tutulan qaçqınların, həmçinin məcburi köçkün Elnur Əliyevin şikayətinə nəzər saldıqda məlum olur ki, medianın da dediyi kimi Rövşən Rzayev və digər səlahiyyət sahibləri sahib olduqları vəzifəni, sözün əsl mənasında şəxsi məqsədləri üçün və rəhbərlik etdikləri dövlət qurumunu isə şəxsi biznesləri kimi istifadə edirlər. Artıq, bütün bunlardan cana doyan vətəndaşlar yenə də agentliyimiz vasitəsilə ölkə başçısından kömək istədiklərini deyirlər. Əgər hər vətəndaşın köməyinə ayrı-ayrılıqda prezident baxmalıdırsa, o zaman belə çıxır ki, büdcə israfı olan məmurlar sözün əsl mənasında heç kimi saymır, heç kimi düşünmürlər ki, kiçik məsələlərin bu qədər böyüməsinə səbəb olurlar. Ardı var! Redaksiyamız hər kəsin söz haqqını tanıyır. Geri qayıt |