Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvanda oğruya dayısına görə hörmət edirlər...
Naxçıvanda oğruya dayısına görə hörmət edirlər...11-01-2022, 11:24 |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova “Hürriyyət” qəzetindən AÇIQ MƏKTUB ünvanlanıb. DİA.AZ həmin məktubu olduğu kimi təqdim edir: Hörmətli Vasif müəllim! Əslində, normal cəmiyyətlərdə belə hallar təsadüfən olur. Amma neyniyək ki, bizdə tam əksi baş verir, yəni təsadüfən normal şeylər olur. Elə bu anormallıqlardan biri ilə bağlı Sizə müraciət etməyə məcbur olduq. Belə ki, sentyabr ayının 29-da gözlərinə “qara su” gəlməsi səbəbindən son ümidi olan bir inək, iki dana, bir keçi və 8 hinduşkasını satıb Bakıya əməliyyat üçün gəlmək istəyən Payız kənd sakini Yunis Qurbanov hər tərəfə səs salır. “Mərdimazarı axtarmaqla deyil, o, özü gəlib səni tapar”, - deyib atalarımız. Və elə də olur. Mərdimazar Zülfüqarov Novruz İlham oğlu qısa bir müddətdə Yunis Qurbanovun qapısında “bitir”. Özü də hərbçi cildində. Hər iki tərəf qiymətdə anlaşandan sonra heyvanlar maşına yüklənir. Növbə pul məsələsinə gələndə, dələduz Zülfüqarov Novruz əlini cibinə salaraq, “Vay, pullar evdə qalıb”, - deyir. Daha sonra isə, “Olar, sabaha, birisigünə göndərim?”, - deyərək Yunis Qurbanovu dilə tutmağa başlayır. 44 günlük müharibədə doğmalarının da iştirakı Yunis Qurbanovun, digərlər vətəndaşlarımız kimi, hərbçilərimizə qarşı inamını artırmışdır. O, hesab edir ki, Azərbaycan zabiti dələduz ola bilməz. Məhz bu səbəbdən, özünü hərbçi kimi təqdim edən Zülfüqarov Novruzla razılaşaraq, onları yola salır. Üstündən bir neçə gün keçməsinə baxmayaraq, qarşı tərəfdən xəbər almayan Y.Qurbanov onunla əlaqə saxlamağa məcbur olur. Lakin hər dəfə zəng vuranda, “Narahat olma, heyvanları satmışam, pulunu alan kimi ödəyəcəyəm”, - cavabını alır. Nəhayət, Novruzdan şübhələnən Yunis Qurbanov Nehrəm kəndinə gedərək, onun barəsində soraqlaşır. Müraciət etdiyi hər bir kənd sakinindən aldığı cavab onu Nehrəmdən birbaşa Babək rayon Polis şöbəsinə getməyə vadar edir. Babək rayon Polis şöbəsinin rəis müavini Elşən müəllim (soyadını dəqiqləşdirə bilmədik – red.) Yunis Qurbanovu ətraflı dinlədikdən sonra, ona məhkəməyə müraciət etməyi məsləhət görür. Rəis müavininin məsləhətilə Babək rayon Məhkəməsinə gələn Yunis Qurbanov, burada məhkəmə sədri Zamiq Əliyevin qəbuluna düşməyə nail olur. Ancaq məhkəmə sədri də ona, “bu iş bizlik deyil, prokurora müraciət elə”, - deyə məsləhət verir. Məhkəmədən Babək rayon Prokurorluğuna gedən Qurbanov, prokurorun köməkçisi ilə görüşəndən sonra, yenidən polisə göndərilir. Beləliklə, Yunis Qurbanov sanki “Bermud üçbucağı”ndaymış kimi, sözügedən 3 idarənin arasında çarəsiz şəkildə var-gəl etməyə məcbur olunur. Nəticədə, polisə ərizə ilə müraciət edən zərərçəkəni İdarənin rəis müavini Elşən müəllim məhkəmə sədri Zamiq Əliyevlə sonradan bizə məlum olan səbəbdən razı salaraq, işi məhkəməyə göndərirlər. Hörmətli Vasif müəllim! “Hürriyyət”qəzetinin baş redaktoru Vüqar Məmmədov həmin ərəfədə səhhəti ilə bağlı Muxtar Respublikada olduğundan, bu məlumat ona çatır. Belə ki, dələduzluğa və rəsmi qurumların yersiz süründürməçiliyinə məruz qalan Yunis Qurbanov, redaksiyamıza müraciət edən digər vətəndaşlar kimi, qohumu Vüqar Məmmədovdan kömək istəmək qərarına gəlir. Beləliklə, hadisə ilə tanış olan Baş redaktor şəxsi əlaqələri vasitəsilə araşdırma apararaq, Y.Qurbanova qarşı dələduzluq edən şəxslərin mütəşəkkil şəkildə Muxtar Respublikanın bir çox kəndlərində eyni ssenari ilə cinayət əməli törətdiyini aşkarlayır. Qısa müddət ərzində hadisəylə bağlı faktları toplayan Vüqar Məmmədov, Babək Rayon Polis İdarəsinə gələrək, əvvəlcə rəis müavini Elşən müəllimlə, sonra isə yeni təyin olunan rəislə görüşür. Hər ikisi Baş redaktoru əmin edir ki, dələduz qısa müddətdə həbs olunacaq. Polis İdarəsinin rəhbərliyi ilə görüşdən sonra Baş redaktor dələduzların digər yeddi cinayət işiylə də tanış olmaq imkanı tapır. “Niyə dələduzları həbs etmirsiz”, - sualına isə cavab ala bilmir. Vüqar Məmmədov polislə görüşündən bir neçə gün keçməsinə baxmayaraq, onlardan cavab almayacağına əmin olandan sonra DİN-ə müraciət etmək qərarına gəlir. Və onu DİN-nin Muxtar Respublika üzrə cinayət axtarış idarəsinin rəisi Qasım müəllimlə görüşdürürlər. Görüşün səbəbini öyrənən Qasım müəllim, “Mən hadisədən xəbərdaram, narahat olmağa dəyməz, üç günə qalmaz vətəndaşın heyvanları geri qaytarılar”, - sözünü verir. Babək Polis İdarəsinin rəhbərliyinə verdiyi, yəni “Niyə cinayətkarları həbs etmirsiniz”, - sualına isə, “Dayısına görə hörmət edirk”, - cavabını alır. Beləliklə, Babək Polis İdarəsinin rəhbərliyi kimi, Qasım müəllimin də verdiyi söz elə söz olaraq qalır. Aydın olur ki, heç kim “dayı”yla münasibətini pozmaq istəmir. Elə bu səbəbdən də nə prokurorluqdan, nə də polisdən səs çıxmır, işə məhkəmədə baxılası olur. Məhkəmədəki rəzalət isə hüquq adına bir ləkə olaraq tarixə düşən hadisələrdən biri olacaq. Belə ki, məhkəmə başlayan kimi vətəndaş Qurbanov iddia ərizəsini geri götürmək və yenidən polisə müraciət etmək istədiyini bildirsə də, sədr ciddi-cəhdlə buna imkan vermir. Vətəndaşın savadsızlığından istifadə edərək, “Əgər ərizəni geri götürsən, bir daha heyvanlarının üzünü görməyəcəksən”, - deyə təhdid edilir. Daha sonra isə əlavə olunur: “Yox, əgər məni sözümə baxsan, sənə necə lazımdırsa köməklik edəcəyəm”. Məhkəmənin təhdidi Qurbanovu qorxutduğundan, o, “Bir şərtlə razı olaram ki, mənə heyvanlarımın qaytarılacağını söz verəsiniz”, - cavabını verir. Zərərçəkənlə hakim anlaşandan sonra, “məhkəmə şousu” başlayır. İkinci baxışda hakim qarşısına çıxan dələduz Zülfüqarov Novruz heyvanları Şərur rayon Dəmirçi kəndində Gündüz adlı bir tanıdığına satdığını və hələ də pulunu almadığını iddia edir. “Heyvanlar hələ də Gündüzdədir, istəsəniz polisi göndərin, götürüb gətirsinlər”, - deyir. Amma nədənsə hakim özünü eşitməməzliyə vuraraq, Zülfüqarovu öz bildiyi istiqamətə yönləndirməyə çalışır. Bütün bu razalət zərərçəkənin gözü qarşısında baş verdiyindən, o, hakimdən verdiyi sözü tutmağı, heyvanlarının Şərur rayon sakinindən alınıb, ona verilməsini tələb edir. Təbii ki, bütün proseslər Vüqar Məmmədovun müdaxiləsiylə baş verir. Hakim Zamiq Əliyev artıq geriyə yol qalmadığını görür və 20 dəqiqəlik fasilə elan edir ki, “polisə göstəriş verim, bu gün heyvanları gətirsinlər, ortada barışıq olsun”. 20 dəqiqədən sonra zala qayıdan hakim prosesin başa çatdığını elan edərək, gələn iclasda qərarı açıqlayacağını bildirir. Səhhətiylə bağlı Bakıda həkimdən növbə götürən zərərçəkənə isə, “Sən olmasan da qərarı sənin xeyrinə verəcəyəm”, - deyə söz verir. Beləliklə, hüquq mühafizə orqanlarının günahı ucbatından vətəndaşın “iti də gedir, ipi də”. İndi gələk əsas suala: bu qədər cinayəti törədən dəstə üzvləri niyə saxlanılmır? Kimdir bunların dayısı? O, necə bir gücdür ki, nə polis, nə prokuror, nə də məhkəmə ona bata bilmir? Ən əsası isə odur ki, Vüqar Məmmədov hər dəfə iş açılmayacağı təqdirdə Vasif Talıbova müraciət edəcəyini desə də, sözügedən qurumların heç biri öz vəzifələrini yerinə yetirməkdə maraqlı olmayıblar. Hörmətli Vasif müəllim! Qısa araşdırmadan sonra öyrəndik ki, sən demə, bu dələduzların dayısı elə bir yerdə işləyir ki, istənilən adamın ondan işi keçir. Bu şəxs Muxtar Respublikada gənc əsgərlərin bölüşdürülməsi üzrə şöbənin rəisi Hüseyn Əliyevdir(soyadı tam dəqiq deyil). Əlbəttə, ilk baxışdan həmin şəxsin vəzifəsi elə də gözə girmir. Amma diqqət etsək görərik ki, heç bir ata övladının erməni ilə üz-üzə durmasını istəməz. Ona görə də bacısı uşaqları nə qədər cinayət edirlər-etsinlər, istər polis, istər prokuror, istər də hakim onların etdiklərinə göz yummağa məhkumdurlar. Ən vacib məsələlərdən biri də odur ki, cinayətkarların həbs olunmama səbəbi kimi, Sizin qeyri-rəsmi verdiyiniz qanunsuz göstərişiniz əsas gətirilir. Dediklərindən belə çıxır ki, Siz statistikada cinayətlərin sayı az görünsün deyə belə bir qeyri-qanuni tapşırıq vermisiniz. Əslində, bu da o anlama gəlir ki, cinayəti gizlətməklə hüquq mühafizə orqanları özləri ən böyük cinayəti törətmiş olurlar... Hörmətli Vasif müəllim! Biz bu hadisə haqqında tam təfsilatı ilə yazmaya, başqa işlərdə olduğu kimi, konkret də yaza bilərdik. Amma apardığımız müşahidələr onu deməyə əsas verir ki, artıq ətrafınızdakı insanlar Sizi istənilən vaxt, istənilən məsələdə aldada bilirlər. Ola bilsin ki, Muxtar Respublikada meydanı boş görmək istəyib, suyu bulandırmağa cəhd edənlərin sayı çoxalıb. Ümid edirik ki, Siz qısa müddətdə bu cinayətdə əli olan hər kəsin cəzalandırılması üçün əlinizdən gələni edəcəksiniz. Geri qayıt |