Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Neftçalada 13 kəndi birləşdirən yol keçilməz hala düşüb
Neftçalada 13 kəndi birləşdirən yol keçilməz hala düşüb12-01-2022, 10:15 |
Neftçalada 13 kəndi birləşdirən 30 kilometrlik yolun keçilməz olması sakinlərin narazılığına səbəb olub. DİA.AZ “Report”a istinadən xəbər verir ki, Şorsulu-Qaçaqkənd-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun 12 kəndin ərazisindən keçən hissəsi 2012-2013-cü ildə əsaslı təmir edilərək istismara verilib. Sakinlərin sözlərinə görə, üstündən bir il keçməmiş yol yenidən bərbad vəziyyətə düşüb. Buna səbəb ağır tonnajlı yük maşınlarının bu yolda intensiv hərəkət etməsidir: "Bu yol 8 ildir ki, bərbad vəziyyətə düşüb. Düzdür, 2013-cü ildə yol təmir işləri aparıldı və üzərinə asfalt döşənərək istismara verildi. Lakin bir ildən sonra buradan yük maşınlarının mütəmadi istifadə etməsi səbəbi ilə yenidən bu yolu bərbad vəziyyətə saldı". Sakinlər bildiriblər ki, yolun bərbad olması səbəbi ilə xəstəsi olanlar vaxtında xəstəxanaya çatdıra bilmirlər: "Yanğın hadisəsi baş verdikdə isə yanğınsöndürən maşınlar gələnədək ev tamamilə yanaraq külə dönür. Ən çox da zərərçəkən sürücülər olur. İdarə etdikləri avtomobillərin hissələri tez-tez sıradan çıxır". Xüsusi ilə payız-qış aylarında yağış, qar yağan kimi yolda hərəkət etmək belə mümkün deyil. Avtomobil yolu bərbad vəziyyətdə olduğundan indi sakinlər çətin durumda qalıblar. Bununla bağlı aidiyyati qurumlara müraciət etmələrinə baxmayaraq, hələlik hər hansı bir tədbir görülməyib. Yerli əhali isə bu əzab-əziyyətdən qurtulmaq üçün avtomobil yolunun nə vaxt təmir olunacağını səbirsizliklə gözləyir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində öz həllini tapır: "13 yaşayış məntəqəsini əhatə edən, uzunluğu 42,4 kilometr olan Neftçala rayonunun Qaçaqkənd-Xolqaraqaşlı-Xəzərkənd avtomobil yolunun, həmçinin uzunluğu 31,4 kilometr olan 12 yaşayış məntəqəsini əhatə edən Salyan rayonunun Şorsulu-Seyidlər-Sarvan-Alçalı avtomobil yollarının da yenidən qurulması da Dövlət proqramına salınıb. Təbii ki, maliyyə vəsaitinin ayrılması gözlənilir. maliyyə vəsaiti ayrılan kimi sözügedən avtomobil yollarını və bu kimi təmirə ehtiyacı olan yolların qurulması icra olunacaqdır". Geri qayıt |