Əsas Səhifə > Güney Press, Araşdırma > ŞƏKİDƏ PEŞƏ MƏKTƏBİNDƏ BİABIRÇILIQ

ŞƏKİDƏ PEŞƏ MƏKTƏBİNDƏ BİABIRÇILIQ


20-11-2013, 08:56
ŞƏKİDƏ PEŞƏ MƏKTƏBİNDƏ BİABIRÇILIQ
Redaksiyamıza daxil olan məlumatlarda Şəki şəhər 1 saylı Peşə Məktəbində baş verən özbaşınalıqlara dair şagird və valideynlərin, habelə bu təhsil müəssisəsində dərs deyən bir çox müəllimlərin şikayətləri öz əksini tapmışdır. Həmin məlumatlarda bildirilir ki, məktəbin rəhbərliyi müəssisənin idarə olunmasında bir çox qanun pozuntularına yol verməklə təhsilin səviyyəsini acınacaqlı bir duruma gətirmişdir. Etiraf etmək lazımdır ki, məhz bu baxımdan respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik hələ də irəli sürülən tələblərə qətiyyən cavab verməyən kadrlar tərəfindən həyata keçirilir. Məlumat üçün bildirək ki, Məlum olduğu kimi 27.08.2013 tarixdə Şəki 1 nömrəli Peşə Məktəbinin açılış mərasimi olub. Təhsil Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Yaponiya Hökumətinin birgə maliyyə dəstəyi ilə məktəbdə əsaslı təmir işləri aparılıb, tədris ocağının maddi-texniki bazası yenilənib. Müasir avadanlıqlarla təchiz edilən Peşə Məktəbində növbəti tədris ilindən başlayaraq bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılması planlaşdırılır. Belə ki, Şəki rayonunun turizm potensialı nəzərə alınaraq, təhsil müəssisəsində turizm və xidmət sahələri üzrə yeni ixtisasların tədris edilməsi üçün müvafiq şərait yaradılıb. Bununla belə, mənbələr peşə məktəbinin direktoru Mircavad Abbasovun bütün bu imkanlardan yalnız şəxsi məqsədlər üçün yararlandığını iddia edirlər. Aldığımız məlumatlarda göstərilir ki, hazırda bu məktəb üzrə dərslərə davamiyyət çox aşağı səviyyədədir. Digər tərəfdən isə məktəb jurnallarındakı qeydlər müəssisənin aktiv fəaliyyət göstərməsini, şagirdlərin burada zəngin biliklərə və peşə vərdişlərinə yiyələndiklərini israrla sübut edirlər. Etiraf edək ki, çox qəribə mənzərə yaranır. Direktor Mircavad Abbasov isə göründüyü kimi bu vəziyyətdən xeyli məmnundur. Çünki ümumi hərc-mərclik fonunda onun tərəfindən həyata keçirilən bir çox konkret maxinasiyalar da diqqəti cəlb etməyə bilər. Bu maxinasiyalar isə ilk növbədə qeyri-qanuni şagird qəbulu, köhnə tarixlə arayış və sənədlərin verilməsi, saxta diplom təqdimatı və digər bu kimi korrupsiya əməllərində özlərini büruzə verirlər. Həmçinin məktəbdə davamiyyətin aşağı səviyyəsi M.Abbasova şagirdlərin təqaüd kartları vasitəsilə də maliyyə mənimsəmələri həyata keçirməyə geniş imkanlar yaradır. Məlumatı təqdim edən mənbə bildirir ki, bu kartları uzun müddət özündə saxlayan məktəb direktoru il ərzində şagirdlərə ayrılan təqaüd pullarının 60%-indən artıq hissəsini gözlərini belə qırpmadan mənimsəyir...

Bütün bunlar bir daha təsdiq edir ki, bu gün təhsil sahəsində həyata keçirilən islahatların son nəticələri həm də konkret müəssisəyə rəhbərlik edən kadrların həm şəxsi, həm də professional keyfiyyətləri ilə müəyyənləşir. Lakin Təhsil Nazirliyi təəssüflər olsun ki, bir çox hallarda hələ də bu kadrların yarıtmaz fəaliyyətlərinə göz yummağa üstünlük verir. Qəzetimizin ötən saylarında biz dəfələrlə bu problemə toxunaraq respublikada fəaliyyət göstərən bir çox peşə lisey və məktəblərində vəziyyətin son dərəcə arzuolunmaz bir duruma gəldiyindən söz açmışdıq. Həmçinin biz dəfələrlə belə fikri diqqət məkəzinə çəkmişik ki, ölkənin təhsil sistemində cərəyan edən hadisələr Təhsil Nazirliyinin məhz kadr məsələlərində ciddi nöqsanlara yol verdiyinə dəlalət edir. Bu nöqsanlar isə son nəticədə təhsil sahəsində həyata keçirilən əsaslı dövlət islahatlarının reallaşmasını əngəlləyir. Etiraf etmək lazımdır ki, məhz bu baxımdan respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik hələ də irəli sürülən tələblərə qətiyyən cavab verməyən kadrlar tərəfindən həyata keçirilir.

Geri qayıt