Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > AMEA-nın Ramiz Mehdiyevlə bağlı növbədənkənar iclası çağrılır

AMEA-nın Ramiz Mehdiyevlə bağlı növbədənkənar iclası çağrılır


10-02-2022, 11:29
AMEA-nın Ramiz Mehdiyevlə bağlı növbədənkənar iclası çağrılır
AMEA-nın Ümumi yığıncağının növbədən kənar iclasının çağırılması üçün Təşəbbüs qrupu yaradılır. DİA.AZ demokrat.az-a istinadla xəbər verir ki, son vaxtlar AMEA-da gedən proseslər özünün böhran zirvəsinə çatıb.

Bunu yaradan çox saylı obyektiv və subyektiv səbəblər mövcuddur. Yaranmış bu acınacaqlı vəziyyətə soyuqqanlı qalmayan bir sıra görkəmli alimlər, ziyalılar Elmlər Akademiyasının üzvləri, institut rəhbərləri kütləvi və açıq şəkildə mövqelərini bildirir, həyacan təbili çalırlar, konstruktiv təkliflər irəli sürürlər. Bir sözlə, AMEA okeanda tufana düşmüş, idarəetmə qabiliyyətini ititrmiş kapitansız gəmi kimi çalxalanır. Ölkənin elmi ictimaiyyəti, Akademiyanın əməkdaşları yaranmış bu böhranlı vəziyyətdən çox narahatdırlar, ümid yeri kimi bütün diqqət AMEA-nın rəhbərliyinə, Rəyasət Heyətinə yönəlibdir.

Təəssüflər olsun ki, cəmiyyətin ağlı kəsən hər bir hissəsi bu məsələləri böyük diqqət və həssaslıqla izlədiyi halda, AMEA-nın Rəyasət Heyəti özlərini görməməzliyə vurur, ictimai rəyə, alimlərin həyəcan dolu çağırışlarına sayğısızlıq nümayiş etdirir, qaldırılmış problemlərin müzakirəsi istiqamətində heç bir addım atmırlar.

​Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Elmlər Akademiyasında yaranmış bu böhranlı vəziyyəti demokratik platformada müzakirə etmək, AMEA rəhbərliyinin fəaliyyətsizliyinə qiymət vermək, çıxış yolları axtarmaq məqsədilə bir sıra fəal alim və institut rəhbərləri Təşəbbüs qrupu yaratmaq qənaətinə gəliblər. Təşəbbüs qrupu yaxın günlərdə internet imkanlarından istifadə etməklə AMEA-nın Ümumi Yığıncağının növbədənkənar iclasını toplamaq, yaranmış böhran vəziyyətini geniş müzakirə etmək, problemlərin aradan qaldırılması və kompleks islahatların həyata keçirilməsi, həmçinin AMEA rəhbərliyinin yenidən formalaşdırılması istiqamətində müvafiq qərarlar qəbul etmək, bununla əlaqədar ölkə rəhbərliyinə və elmi ictimaiyyətə müraciət etməyi planlaşdırır.

Geri qayıt