Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “INTEKS” MMC-dən görünməmiş ÖZBAŞINALIQ: Bələdiyyənin binasını da ƏLƏ KEÇİRİBLƏR...
“INTEKS” MMC-dən görünməmiş ÖZBAŞINALIQ: Bələdiyyənin binasını da ƏLƏ KEÇİRİBLƏR...15-02-2022, 11:35 |
Nərimanov Rayon Bələdiyyəsi “INTEKS” MMC-dən şikayətçidir. Belə ki, iyirmi ilə yaxın müddət ərzində bələdiyyənin fəaliyyət göstərdiyi binanın ərazisi pilot layihəyə düşdüyündən şirkətlə bağlanmış müqaviləyə əsasən bina sökülüb. DİA.AZ-ın məlumatına görə, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, aralarında bağlanmış müqaviləyə baxmayaraq şirkət iyirmi il ərzində bələdiyyənin istifadəsində olan binanı satışa çıxarıb: “Biz düz 20 il idi ki, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanındakı 440 kv.m qeyri-yaşayış sahəsində - Bakı Şəhər Statistika İdarəsində fəaliyyət göstərirdik. 2021-ci ilin may ayında həmin şirkətlə müqavilə bağladıq və bina söküldü. Əvəzində yeni bina inşa olunmalı idi. Bina hazır olandan sonra 440 kv.m məkan tam təmirli şəkildə bizə verilməli idi. Söküntü işləri və binanın yenidən tikildiyi müddətdə biz öz fəaliyyətimizə Sabit Rəhmanov küçəsi 53A-da davam etməyə başladıq. Buranın bütün kirayə pulunu da elə şirkət özü ödəyirdi. Amma yanvar ayına qədər. Yanvar ayından artıq biz bildik ki, Natiq Əliməmmədov adlı şəxs həmin ərazini özəlləşdirib. Şirkət rəhbərliyi də məhz həmin çıxarışa istinadən müqavilə öhdəliklərinin icrasını dayandırıb. İyirmi il ərzində istifadəmizdə olan bina əgər satışa çıxarılırdısa, birinci növbədə bələdiyyəyə təklif edilməliydi”. Təmraz Tağıyevin sözlərinə görə, vaxtilə Bakı Şəhər Statistika İdarəsinin yerləşdiyi bina istifadəsiz qaldığından binanın bir mərtəbəsinə müvəqqəti olaraq məcburi köçkünlər də yerləşdirilib: “Bu gün Nərimanov Bələdiyyəsi üzləşdiyi çətinliklərə baxmayaraq, dörd şəhid ailəsini işlə təmin etməklə yanaşı, 20 nəfər qazini və 15 aztəminatlı ailəni himayəyə götürüb”. Bələdiyyə sədri onu da bildirib ki, “INTEKS” şirkəti Nərimanov Rayon Bələdiyyəsinin məktubuna reaksiya belə verməyib: “Natiq Əliməmmədov Nərimanov Məhkəməsinə müraciət edərək cəmi on gün ərzində vəsaitin ödənilməsini qadağan edən qərardad ala bilib. Qərardadı isə Məhkəmənin hakimi Gültəkin Əsədova imzalayıb. Təəssüf doğuran hal odur ki, iki dəfə keçirilən baxışa seçkili orqanın təmsilçiləri dəvət edilməyib və qərardad da iştirakımız olmadan qəbul edilib. Zəngin təcrübəyə malik bir hakimin belə qərar qəbul etməsi həqiqətən təəccüblüdür. Maraqlıdır ki, çox operativ şəkildə, faktiki vəziyyəti təhlil etmədən, araşdırmadan bələdiyyənin əleyhinə qərarın qəbul edilməsi ən azı hər kəsdə bu qərarın hansısa maraq naminə qəbul edildiyi ehtimalını yaradıb. Qəbul edilmiş qərardad işin konkret hər hansı bir faktiki və hüquqi hallarına uyğun olmamaqla yanaşı iş üzrə cavabdeh olan bələdiyyənin iş ahəngini pozmaqla, hüquqların məhdudlaşdırılmasına səbəb olur ki, bu da qanunvericiliyin tələblərinə ziddir. İndi biz də Nərimanov Məhkəməsinin qərardadından apellyasiya şikayəti vermişik. Məhkəmə fevralın 23-nə təyin edilib. Hakimin ədalətli qərar çıxaracağına ümid edirik”. Məsələ ilə bağlı dəfələrlə “INTEKS” MMC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Geri qayıt |