Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Lənkəranda bələdiyyə sədrinin DƏLƏDUZLUĞU

Lənkəranda bələdiyyə sədrinin DƏLƏDUZLUĞU


22-02-2022, 12:20
Lənkəranda bələdiyyə sədrinin DƏLƏDUZLUĞU
DİA.AZ-ın məlumatına görə, Lənkəran rayonu Osaküçə kəndinin sakini Elməddin Nəriman oğlu Əhədov "Hürriyyət"ə müraciət edərək bildirir ki, kənd bələdiyyə sədri Həkət Cahangirovanın vədlərinə inanaraq özünə məxsus 1 hektar 7 sot torpağı "Beta" çay şirkətinə satıb. Lakin nə vəd edilən pul verilib, nə də torpaq sahəsi geri qaytarılıb. Qarşı tərəfdən şikayətçi olan Elməddin Əhədov ona aid olan torpaq sahəsinin geri qayatarılmasını tələb edir:

"Yeddi nəfər ailə üzvümüz var. Bələdiyyə sədri Həqiqət xanım bizi aldadaraq 1 hektar 7 sot torpağımızı "Beta"çay şirkətinə satmağımıza və bizə pul veriləcəyinə inandırıb. Bələdiyyə sədri dəfələrlə bizə torpağı satmağa inandırmaq niyyət ilə gəlib. Bildirirdi ki, hökümət sizin torpağınızı əlinizdən alacaq. Ona görə də tez bir zamanda torpaq sahəmizi satmağımızı bildirirdi. Ailə üzvlərim əvvəldən torpaq sahəsininin hamısını mənim adıma keçirdib. Əvvəl torpaq sahəsini başqa şəxsə satmışdıq. Həmin şəxs Lənkəranlıydı. Daha sonra razılıqla torpaq sahəsini yenidən öz adımıza keçirtdik. Bu şirkət kənd əhalisindən torpaqları alaraq çay istehsal edir. Üç ildir ki, bizim torpağımızdan istifadə edilmir. Nədəki mənə vəd edilən pul verilmir. Hazırda pul istəmirəm. Mənə aid olan torpaq sahəmin geri qaytarılmasını istəyirəm. Bələdiyyə sədri deyir ki, gedin şirkətdən pulunuzu və torpağınızı tələb edin. Məsuliyyəti öz üzərindən atmağa çalışır. Torpağı satandan sonra bir il ərzində həmin ərazidən ot götürmüşük. Torpağı satmamışdan əvvəl həmin ərazidə noxud əkirdik. Onu da qeyd edim ki, ərazilərin yaxınlığında meşə ərazisi var. Sözügedən meşə ərazisi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir. Mən meşəyə gözətçilik edirdim. Hazırda ağacları da qırıblar.

Bəs qanunla pay torpaqları satıla bilərmi? Ümumiyyətlə pay torpaqları xüsusi mülkiyyət sayılır?...

Əvvəlcə bununla bağlı araşdırma aparmaq qərarına gəldik. Suallarımızı hüquqşünaslara ünvanladıq. Hüquqşünas Bəhruz Bayramov qeyd edib ki, pay torpaqları daimi olaraq xüsusi mülkiyyətə verilir:

"Pay torpaqları qanunda xüsusi mülkiyyət sayılır. Qanuna əsasən payçılar olur. Payçıların razılığı ilə notraiat orqanında alqı-satqı oluna bilər. Pay torpaqları daimi olaraq xüsusi mülkiyyətə verilir. O vaxtı kolxoz təsərrüfatı islahatları haqqında qanunlar qəbul edilib. Qanuna əsasən, həmin ərazidə yaşayan sakinlərə qeydiyyatda olan pay torpaqları ayrılır. Bir qayda olaraq bu torpaqlar satıla bilər".

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin sözlərinə görə, torpaq islahatları həyata keçiriləndə bu torpaqlar özəl mülkiyyətə verilib:

"Pay torpaqlarının satılması ilə bağlı qanunvericilikdə hər hansısa məhdudiyyət qoyulmayıb. Bunlar şəxsi mülkiyyətə verilmiş torpaqlardır. Bu torpaqlar həmin ərazidə yaşayan və qeydiyyatda olan insanlara paylanılır. Pay şəklində verildiyinə görə pay torpaqları sayılır. Pay torpaqları mülkiyyətə verildiyinə görə, geniş şəkildə alqı-satqı predmetinə çevrilib. Torpaq islahatları həyata keçiriləndə bu torpaqlar özəl mülkiyyətə verilib. Bu o deməkdir ki, pay torpaqları müddətsiz verilən torpaqlardır. Məsələ burdasındadır ki, pay torpaqlarını insanlara kiçik formada deyil, ən azı bir-iki hektarlıq ərazi şəklində verilir. Həmin şəxslər də bu torpaqları bölüb xırda-xırda satırlar. Bu da müxtəlif sıxıntılara səbəb olur. Məsələn, 6 sot torpaq satılırsa hər halda ev tikintisi üçün nəzərdə tutulur. Yəni əkin məqsədilə satılmır. Yaşayış yerləri olan ərazilərin infrastrukturu olmalıdır. Oranın su, kanalizasiya, işıq və yol sistemi olmalıdır. Bu məsələlər həll olunduqdan sonra orda tikinti aparılması məqsəduyğundur. Faktiki olaraq kənd təsərrüfatı xarakteri torpaqlar bölünərək satılır. Bu onların təyinata uyğun olaraq istifadəsinin qarşısını alır. Kənd təsərrüfatı kiçik torpaqlarda aparılmır. Böyük ərazilərdə kənd təsərrüfatı işləri aparılmaldır ki, ordan xeyir götürə biləsən. Düşünürəm ki, kənd təsərrüfatı torpaqlarının istifadəsinin xüsusi tənzimləmə mexanizmi olmalıdır. Hazırda heç bir tənzimləmə mexanizmi yoxdur. Xüsusi mülkiyyət olduğuna görə vətəndaş istədiyi kimi sata bilər".

Hüquqşünas Lənkəran sakininin şikayətinə münasibət bildirərək deyib ki, əgər vətəndaşın pulu ödənilməyibsə, məhkəmədə iddia qaldıraraq alqı-satqı müqaviləsini ləğv elətdirməlidir:

"Bu şəxsin adına torpaq sahəsi varsa, onun icazəsi olmadan kiminsə adına keçə bilməz. Əgər onun pulu ödənilməyibsə, məhkəmədə iddia qaldıraraq alqı-satqı müqaviləsini ləğv elətdirməlidir. Qanun imkan verir ki, qarşı tərəf öhdəliyini yerinə yetirməyəndə müqaviləni ləğv elətdirsin. Məsələ məhkəmə qaydasında həllini tapa bilər. Əslində müqaviləni ləğv etmək üçün səbəb çoxdur. Ən azı müqavilənin ləğvini tələb edə bilərlər. Qanunvericilik müqavilənin ləğvinə imkan verir".

"Hüquq Bürosu” MMC-nin rəhbəri Arzu Alıyeva qeyd edib ki, mülkiyyətçi olduqlarına görə həmin torpaqlara çıxarış verilir. Bu səbəbdən də vətəndaş pay torpağını istədiyi kimi sata və ya bağışlaya bilər:

"Pay torpaqları mülkiyyətə verilən torpaq sahələridir. Bu torpaqlar əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilir. Ailə üzvlərinin sayına uyğun olaraq paylanır. Mülkiyyətçi olduqlarına görə də həmin torpaqlara çıxarış verilir. Onlar da mülkiyyətçi olur. Pay torpaqlarını istədikləri kimi sata və ya bağışlaya bilərlər".

Məsələ ilə bağlı Osaküçə kəndinin bələdiyyə sədri Həkət Cahangirova ilə əlaqə saxladıq. Bələdiyyə sədri deyilən iddiaların yalan olduğunu qeyd edib. Həkət Cahangirovanın sözlərinə görə, vətəndaşın razılığı alınandan sonra notarial qaydada alqı-satqı edilib və pulu da ödənilib:

"Beta" şirkəti Osaküçə kəndində və o bir kəndlərdə 100 hektarlarla torpaq sahəsi alıb. Hazırda orda çayçılığı bərpa ediblər. Orda çox sayda fəhlə işləyir. Sözügedən vətəndaşla da notariusda alqı-satqı olub. Alqı-satqı prosesində iştirak etməmişəm. Şirkət və vətəndaşın özü iştirak edib. Ödənişin miqdarıyla bağlı məlumatım yoxdur. Amma istədiyi qiyməti veriblər. Qəpiyinə qədər pulunu ödəyiblər. Bu məsələnin üstündən dörd il ötür. Bunun mənimlə bağlılığı yoxdur. "Beta" şirkətinin müdiri də gəlib anasıyla danışıblar. Razılıq alınandan sonra notarial qaydada alqı-satqı edilib. Pulu da ödənilib. Mən ona heç bir vəd verməmişəm. Hər halda əmlakını satan adam nisyə verməyəcək. Vicdanla danışmaq lazımdır. Bu torpağı bəlkə də üç nəfər satıblar. Daha sonra döyməklə və şantaj etməklə torpağı yenidən öz adlarına geri qaytarıblar. Mən bələdiyyə sədriyəm. Vətəndaşın pay torpağına müdaxilə edə bilmərəm. Buna ixtiyarım da yoxdur".

Daha sonra "Beta" çay şirkəti ilə əlaqə saxladıq. Şirkətin vəkili Azər adlı şəxs əvvəlcə məsələnin araşdırılacağını, daha sonra isə oranın başqa firma olduğunu deyib:

"Biz əvvəlcə araşdıraq. Ola bilməz ki, şirkət kiminsə pulunu verməsin. Vətəndaşın əlində sənədlər varsa, təqdim etsin. Bizə müraciət etmək düzgün deyil. Fabrik Lənkərandadı. Oranın bura dəxli yoxdur. Bura başqa firmadır".

Şirkət rəsmisi müqavilələrin imzalandığını və pulların verildiyini vurğulayıb. Əgər notarial qaydada müqavilə imzalanıbsa, sözsüz ki verilən ödənişin miqdarı da göstərilməlidir. Hər halda şirkət rəsmisinin məsələni araşdırıb redaksiyamızı məlumatlandıracağına ümid edirik. Şirkət rəsmisi ilə danışığımızda qaranlıq məqamların olduğunu hiss etdik. O əvvəlcə məsələnin araşdırılacağını, daha sonra isə Lənkərandakı firmanın onlara aid olmadığını bildirir. Əgər Lənkərandakı firma sizə aid deyilsə, o zaman bu məsələni niyə araşdıracağınızı deyirsiniz?

Onu da qeyd edək ki, 2021-ci ilin iyul ayında kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Lənkəran rayonunun Haftoni ərazisində “Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi ilə bağlı məlumatların araşdırılması və müqavilə şərtlərinin icra vəziyyətinin yoxlanılması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırma Qrupunun ilkin yoxlamaları həyata keçirilib. Aparılan araşdırmalar zamanı “Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar olunub. Araşdırmaların nəticəsi olaraq kəsilmiş ağacların əvəzinə yenilərinin əkilməsi, təbiətə dəymiş ziyanın ödətdirilməsi və “Beta” şirkətinin cərimə olunması həyata keçirilib.

PS. Bələdiyyə sədri iddia edir ki, notariusda iştirak etməyib və verilən puldan da xəbərsizdir. Lakin şikayətçi Elməddin Əhədov Lənkəranda yerləşən “Beta” şirkətinin rəsmisi ilə görüşüb. Orda vətəndaşa deyilib ki, torpağın ödənişi kənd bələdiyyə sədrinə verilib və pulu ondan tələb etsin. Burdan belə qənatə gəlmək olar ki, Elməddin Əhədovun elementar savadanın olmamasından istifadə edilib və ona oxuya bilmədiyi sənədə qol çəkdirilib. Bizə maraqlıdır ki, “Beta” şirkəti və bu işdə əli olduğu iddia edilən bələdiyyə sədri oxuma, yazma qabiliyyəti olmayan şəxsə müqaviləni necə imzalatdırıb?... Prezident İlham Əliyevin torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında imzaladığı fərmana əsasən Azərbaycanda pay torpaqları üzərində mülkiyyət hüquqları rəsmiləşdirilib. Bu o deməkdir ki, pay torpaqları şəxsin mülkiyyəti sayılır. Deyilənlərdən belə anlamaq olur ki, bu işdə adı hallan “Beta” şirkəti və bələdiyyə sədri vətəndaşın etibarından sui-istifadə edərək, şəxsin mülkiyyətini ələ keçirmişlər. Ümid edirik ki, aidiyyatı orqanlar məsələni tezliklə araşdıracaq və vətəndaşın mülkiyyəti özünə qaytarılacaq.

Geri qayıt