Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Pul silməklə məşğul olan Diasporla iş üzrə Dövlət Komitəsi bizə lazımdırmı?
Pul silməklə məşğul olan Diasporla iş üzrə Dövlət Komitəsi bizə lazımdırmı?24-02-2022, 14:09 |
Müstəqillik əldə etməmişdən əvvəl erməni təcavüzü ilə üzləşən Azərbaycan üçün xarici ölkələrdə yaşayan soydaşlarımızın dəstəyi həmişə xüsusi önəm daşıyıb. Dünyanın hər yerinə səpələnmiş ermənilərin güclü diasporu qarşısında tab gətirmək üçün dövlətimiz son illərdə müəyyən addımlar atıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yarardılmasının əsas məqsədlərini də xarici siyasətimizə dəstək göstərilməsi və ölkəmizin maraqlarının qorunması təşkil edirdi. Ölkəmiz üçün son dərəcə vacib olan bu qurum əslində Azərbaycan dövlətinin xarici siyasətinin bir qoluna çevrilməliydi. Lakin bu sahədə kifayət qədər uğur əldə edə bilməməyimiz xaricdəki soydaşlarımızın həmrəylik məsələsinə etinasız yanaşması deyil, daha çox xarici ölkələrdəki səfirliklərimizin və dövlət komitəsinin yarıtmaz fəaliyyətindən qaynaqlanır. DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, xarici ölkələrdəki soydaşlarımızın ciddi şəkildə səfərbər olması və ölkəmizin mənafelərinin qorunması üçün təsirli addımlar atılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Diasporla iş üzrə Dövlət Komitəsi yeni rəhbərin təyin olunması da fayda verməyib. Belə ki, gənc deputat Fuad Muradovun bu quruma rəhbər təyin edilməsi zamanı yaranan ümidlər sonradan puç oldu. Onun son 4 illik fəaliyyəti yaddaşımızda qondarma qrant layihələri, müsabiqələr, media rəhbərləri ilə görüşlər təşkil etməklə qalıb. Yəni, xaricdə uğurlu fəaliyyətlə seçilmək əvəzinə, ölkəmizdə AĞ KOSTYUM GEYİNƏRƏK “MEDİA KAPİTAN”LARI İLƏ GÖRÜŞƏN FUAD MURADOV DİASPORUMUZU “AĞ GÜN”Ə ÇIXARA BİLMƏDİ. Heç kimə sirr deyil ki, Fuad Muradovun iki çağırış deputat kimi Milli Məclisdə oturduğu və komitə sədri olduğu dövrdə normal çıxış və məntiqli nitq söyləməyib. Heç bir siyasi və ictimai nüfuzu olmayan bu adamın strateji önəm daşıyan Diasporla iş üzrə Dövlət Komitəsinə rəhbər təyin olunmasının uğursuzluğu artıq göz önündədir. Konkret olaraq desək, qısa müddətdə böyük işlər görəcəyinə ümidlər bəslənsə də, Fuad Muradov son illərdə diasporda uğurlu fəaliyyəti ilə seçilməyib. Əksinə ondan əvvəlki dövrdə xarici ölkələrdəki soydaşlarımızın mütəşəkkilliyi yönündə atılan addımların yarımçıq qaldığının şahidi olduq. Belə ki, onun, daha dorğusu Komitənin yaratdığı koordinasiya şuralarının fəaliyyəti bütün dünyada, o cümlədən Avropadakı diasporlarımızın parçalanmasına gətirib çıxarıb. Ümumiyyətlə, Fuad Muradovun son illərdəki fəaliyyəti özünün xaricdə yaratdığı şəbəkələrin üzvlərinə qrant layihəsini udmağa şərait yaratmaq və medal verməkdən ibarət olub. Xaricdəki soydaşlarımızın bildirdiyinə görə, F.Muradovun adamları fəaliyyətlərini bahalı hotellərdə “brifinqlər” keçirmək yönündə qururlar. Həmin tədbirlər isə yalnız qəhvə içib, şəkil çəkdirməkdən ibarət olur (???). Dövlət tərəfindən ayrılan pulların bu istiqamətdə necə və nə üçün xərcləndiyindən də F.Muradovdan başqa, heç kimin xəbəri yoxdur. F.Muradovun fəaliyyətsizliyi barədə son illərdə həddindən çox yazılsa da, deyilsə də, Diaspor Komitəsindəki durğunluq davam edir. Yaranmış vəziyyətdə zərbə Azərbaycanın xarici ölkələrdə təbliğinə dəyir. İş o yerə çatıb ki, ölkəmiz üçün prioritet olan XOCALI SOYQIRIMININ DÜNYAYA TANIDILMASINDA DA PASSİVLİK NƏZƏRƏ ÇARPIR. Diasporla iş üzrə Dövlət Komitəsinin sayəsində xarici ölkələrdə bu sahədə acınacaqlı durumun mövcud olduğunu indi hamı görür. Məsələn, xaricdə yaşayan həmvətənlərimizə istinadən jurnalist Hafiz Babalı yazır ki, qurumun əsas fəaliyyəti diaspor təşkilatları arasında nifaq yaramaq və təfriqə salmağa yönəlib. Həmin fəaliyyətin nəticəsidir ki, xarici ölkələrdəki əksər diaspor təşkilatlarında “didişmə” gedir. Bunu xaricdə yaşayan soydaşlarımız deyirlər və onların sözlərinə görə, Fuad Muradovun rəhbəri olduğu Komitə diaspor təşkilatlarının, xarici ölkələrdəki Azərbaycanın dostlarının, səfriliklərimizin səylərini birləşdirə bilmir. Acınacaqlı vəziyyət odur ki, Diasporla iş üzrə Dövlət Komitəsi Azərbaycanın dövlət büdcəsindən yardım almadan Xocalı soyqırımı ilə bağlı tədbir keçirmək iqtidarında deyil. Digər maraqlı və acınacaqlı fakt odur ki, Diasporla iş üzrə Dövlət Komitəsi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ABŞ-da mitinqin təşkili və keçirilməsi üçün satınalma müsabiqəsi elan edib, lakin elanın gec verilməsi nəticəsində müsabiqə baş tutmayıb. Bu isə mitinqin efektiv keçiriməsinin mümkünlüyünü də sual altına alıb. Təkcə bu faktın özü erməni diasporunun daha güclü olduğu ABŞ kimi bir ölkədə Azərbaycan diasporunun fəallığının artırılması yönündə heç bir ciddi iş görülmədiyini və Diasporla iş üzrə Dövlət Komitəsinin aciz duruma düşdüyünü göstərir. FUAD MURADOVUN FƏALİYYƏTSİZLİYİ KOMİTƏNİN VACİBLİYİNİ SUAL ALTINA ALIR Çox güman ki, ABŞ-da və dünyanın bir çox ölkələrində soydaşlarımız daha mütəşəkkil şəkildə olmasa da, həmişə olduğu kimi, fevralın 26-da Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edəcəklər. Dəfələrlə soydaşlarımızın şahidi olduğu kimi, bu səfər də “Hamam suyundan özünə dost tutmaq” prinsipini əsas götürən Fuad Muradov orada dalğalanan bayraqların görüntüləri hesabına Diasporla iş üzrə Dövlət Komitəsində pul silməklə məşğul olacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Fuad Muradov bu 4 il ərzində öz fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi ilə, Diasporla İş üzrə Dövlət Komitəsinin vacibliyini sual altına alıb. Halbuki Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanın haqq səsinə dünyaya çatdırılması, ölkəmizin xarici siyasətinin həyata keçirilməsi kimi strateji fəaliyyətlə məşğul olmalı idi. Göstərilən faktlar isə tamam əksini ortaya qoyur və komitənin lazımsızlığını bir daha sübut edir. Geri qayıt |