Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qarabağ Qazisi 30 ildir ki...

Qarabağ Qazisi 30 ildir ki...


19-04-2022, 11:41
Qarabağ Qazisi 30 ildir ki...
Şəhid ailələri, qazilərə qayğı hər zaman dövlətin prioritet istiqamətlərindən olub. Müharibə əlillərinin, veteranların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, Vətən uğrunda canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda şəhid ailələrinin mənzil, veteranların avtomobillərlə təmin olunması bu istiqamətdə görülən işlərdir. Bir sözlə, Prezident İlham Əliyevin sosialyönümlü siyasəti Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində məqsədyönlü addımların atılacağına təminat verir. Bu amil 2022-ci ilin dövlət büdcəsində də öz əksini tapıb.

Təəssüf ki, ölkə rəhbərliyinin xoşməramlı niyyətinə kölgə salan məmurlar da olur. İşin icrasına nəzarət edən vəzifəli şəxslər bir çox hallarda öz yarıtmaz fəaliyyəti ilə görülən müsbət əməllərə kölgə sallmağa çalışırlar.

Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 30, mənzil 7-də kirayədə yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlili Alışov Tofiq Musa oğlu da illərdir mənzil növbəsindədir. Lakin bu şəxsdən sonra növbədə olan şəxslər hansısa yollarla, çox güman ki, səlahiyyətli şəxslərə beş-on min manat arası rüşvət verməklə ev almağa nail olsalar da, Tofiq Alışov hələ də kirayədə yaşamağa məcburdur. Görünür, aidiyyəti qurumları Qarabağ qazlərini evlə təmin edərkən, onların cibinin “kiçik” və ya “böyük”lüyünə daha çox önəm verirlər. Bu səbəbdən də T.Alışanov kimi Qarabağ qazilərinin şikayəti rəsmi qurumlar üçün heç də maraqlı deyil.

Qeyd edək ki, bu kimi rüşvət faktları ilə bağlı geniş araşdırma aparmaqdayıq. Xüsusilə də Sosial Müdafiə Nazirliyinin rəhbərliyində Qarabağ veteranlarından kimlərin hansı məbləğdə rüşvət aldığı haqda dəlilləri tezliklə dəyərli oxucularımıza təqdim edəcəyik. Hələlik, uzun illərdir kirayədə yaşayan Qarabağ müharibəsi əlili Tofiq Alışovun "Hürriyyət" qəzeti vasitəsilə aidiyyatı qurumlara müraciətini təqdim edirik:

"Hazırda kirayədə yaşayıram. 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşmüşəm. 1991-ci ildə könüllü olaraq döyüş bölgəsinə getmişəm və 3 dəfə yaralanmışam. Yaralanandan sonra 27 dəfə əməliyyat olunmuşam, kəllə beyin travması almış, ürək əməliyyatları keçirmiş, əmək qabliyyətimi demək olar ki tamamilə itirmişəm. Ailəliyəm bir oğlum var.

Kirayə yaşadığımız mənzil 1 otaqlı olduğu üçün uzun illərdir ki, ağır mənzil şəraitsizliyindən əziyyət çəkirik. Eyni zamanda 1-ci qrup əlil olan, hərəkət qabliyyətini itirmiş 64 yaşlı qardaşım da bizim himayəmizdədir. Dəfələrlə mənzil problemi ilə bağlı bütün dövlət orqanlarına müraciətlər göndərmişəm. Lakin problem öz həllini tapmamışdır.

Bu isə o deməkdir ki, mən və ailə üzvlərim hələ də kirayədə yaşayırıq. Halbuki hazırda məcburi köçkünlər üçün Sumqayıt və digər şəhərlərdə inşa edilmiş evlərin Qarabağ şəhid ailələrinə və Qarabağ əlillərinə paylanılması ilə bağlı tapşırıq verilmişdir.

İkinci qrup Qarabağ müharibəsi əlili kimi sizə müraciət edərək xahiş edirəm ki, ağır mənzil şəraitsizliyimi, mənzilimin olmamasını və Qarabağ döyüşlərində yaralandığımı nəzərə alasınız. Qarabağ əlili kimi imtiyazlı əsaslarla mənzillə təmin olunmağıma köməklik göstərəsiniz. Öncədən sizə minnətdarlığımı bildirirəm".

Məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Murad Haşımov "Hürriyyət"ə bildirdi ki, Tofiq Alışov məcburi köçkün olduğuna görə, işğaldan azad edilmiş doğma yurd yerlərində aidiyyəti qurum tərəfindən evlə təminatı həyata keçiriləcək:

"Bildiririk ki, şəhid ailələri və müharibə əlilləri qeydiyyatda olduqları şəhər və rayonlarda dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin olunurlar.

Tofiq Musa oğlu Alışov Sumqayıt şəhərində yaşasa da, keçmiş məcburi köçkün olaraq Zəngilan rayonunda qeydiyyatdadır. Qanunvericiliyə uyğun olaraq həmin rayonda, yəni işğaldan azad edilmiş doğma yurd yerlərində də ailənin aidiyyəti qurum tərəfindən evlə təminatı həyata keçiriləcək".

Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumdan "Hürriyyət"ə deyildi ki, məcburi köçkünlər üçün yaşayış yerləri bundan sonra işğaldan azad edilmiş ərazilərdə tikiləcək: "Bildiririk ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yeni yaşayış sahələri ilə təmin olunacaqlar".
Hurriyyet.az

Geri qayıt