Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Goranboyun icra başçısı da BELƏ YEYİR...

Goranboyun icra başçısı da BELƏ YEYİR...


25-04-2022, 11:02
Goranboyun icra başçısı da BELƏ YEYİR...
İcra hakimiyyəti tərəfindən aparılan “təmir işləri” binanın mərkəzi yola tərəf olan hissəsinin - fasadın boyanması ilə yekunlaşıb. Binanın görünməyən hissəsi, yəni arxa tərəfi isə olduğu kimi saxlanılıb. Və bu proses bir-iki ildən bir təkrarlanıb.

Təxminən 11 il bundan öncə - 27 dekabr 2011-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən “Azərbaycanda körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” sərəncam imzalanıb. Həmin Sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Belə bir qərarın qəbul edilməsində başlıca məqsəd ölkədəki bağçaların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək olub. DİA.AZ olaraq mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

Goranboydakı uşaq bağçalarının ümumi vəziyyəti

Amma çox təəssüf ki, bu Sərəncamından irəli gələn tapşırıq və vəzifələr bəzi rayonlarda tam icra olunmayıb. Belə rayonlardan biri də Goranboydur. Bunu isbat etmək üçün adi qaydada icra hakimiyyətinin elektron ünvanına sorğu göndərdik, rayondakı uşaq bağçalarının ümumi vəziyyətini onlardan öyrənmək istədik. Sorğumuza cavab olaraq bildirildi ki, Goranboy rayonunda 32 uşaq bağçası fəaliyyət göstərir. Bunlardan 21 Körpələr evi-uşaq bağçası inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin balansında olan binalarda yerləşir. Goranboy şəhər 2 saylı, Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbə 1 saylı, Səfikürd, Borsunlu, Tap Qaraqoyunlu, Tap, Muzdurlar, Qarqucaq, Nizami və Todan kənd Körpələr evi-uşaq bağçalarının inzibati binası qəzalı vəziyyətdə olduğu üçün başqa binalarda yerləşdirilib. Bu uşaq bağçaları üçün yeni binaların tikintisinə ehtiyacı var. İcra hakimiyyətindən o da bildirildi ki, Kələk, Xınalı və Şəfəq kənd Körpələr evi uşaq bağçaları son illərdə tikilib. İndiyə qədər Goranboy şəhər 1 və 3 saylı, Qızılhacılı qəsəbə 3 saylı, Balakürd, Xoylu, Sarov, Qaradağlı və Boluslu kənd Körpələr evi-uşaq bağçaları dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilib. Bununla yanaşı, Qızılhacılı qəsəbə 2 və 3 saylı, Zeyvə və Şəfəq kənd Körpələr evi-uşaq bağçalarının təmir olunması üçün işlər aparılır. Qazanbulaq qəsəbə, Fəxralı, Xan Qərvənd, Veyisli, Qaraçinar, Hazırəhmədli, Tatarlı və Düzqışlaq kənd Körpələr evi-uşaq bağçalarının isə təmirə ehtiyacı var.

Üzü bəzək, içi təzək

İlk baxışda icra hakimiyyətinin sorğumuza verdiyi cavabda qeyri-adi heç nə yoxdur. Amma Qaradağlı kəndindəki uşaq bağçasının real vəziyyəti məsələyə fərqli yanaşmanı tələb edir. Belə ki, icra hakimiyyətinin verdiyi məlumatda Goranboy rayonun Qaradağlı kəndindəki 90 yerlik uşaq bağçası dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilənlər sırasında yer alır. Lakin kənd sakinləri deyirlər ki, Qaradağlıdakı uşaq bağçasında heç vaxt əsaslı təmir işi aparılmayıb. Kəndin düz girəcəyində yerləşən və 1985-ci ildə istifadəyə verilən uşaq bağçasının ikimərtəbəli inzibati binası tamamilə yararsız haldadır. 2013-cü ilin may ayında təhsil müəssisəsinin əsaslı təmir olunacağı xəbəri yayılsa da, icra hakimiyyəti tərəfindən aparılan “təmir işləri” binanın mərkəzi yola tərəf olan hissəsinin - fasadın boyanması ilə yekunlaşıb. Binanın görünməyən hissəsi, yəni arxa tərəfi isə olduğu kimi saxlanılıb. Və bu proses bir-iki ildən bir təkrarlanıb, adına da “əsaslı təmir” deyilib.

Acınacaqlı durum

İcra hakimiyyətinin məlumatı ilə reallıq arasındakı fərq ortadadır. Bəs bu cür şəraitsiz uşaq bağçaları körpələrin təlim-tərbiyəsinə necə təsir edir? Bununla bağlı qəzetimizə açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, ümumən ölkədə məktəbəqədər təhsil müəssisələri ilə bağlı vəziyyət qənaətbəxş deyil. Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətlərinin balansına verildikdən sonra bağçalarda vəziyyət kifayət qədər acınacaqlı duruma düşüb: “Bağçaların böyük əksəriyyəti özəlləşdirilib, əraziləri iş adamlarına satılıb. Düzdür, Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif rayonlarda yeni uşaq bağçaları tikilib. Lakin Azərbaycan əhalisinin sayı hər il artdığından, sadəcə Fondun bu istiqamətdəki layihələri yetərli deyil, ölkəmizdə daha çox məktəbəqədər təhsil müəssisələrinə ehtiyac var. Uşaq bağçasına getməli olan xeyli sayda balacalarımız var. Onların heç də hamısı təhsilə cəlb oluna bilmirlər. Təhsil nazirliyi mövcud boşluğu doldurmaq üçün bu istiqamətdə bir layihə həyata keçirib. İcma əsaslı siniflər, məktəblər təşkil olunub”.

Məktəbəqədər təhsildə çətinliklər

Təhsil eksperti deyib ki, yeni məktəbəqədər təhsil müəssisələrinin tikilməsi, təmirə ehtiyacı olanların əsaslı təmir edilməsi lazımdır: “Əvvəllər tikilmiş, istismar müddətini başa vurmuş uşaq bağçalarının ümumi vəziyyəti müasir dövrlə ayaqlaşmır, infrastruktur baxımdan tələblərə cavab vermir. Bu, uşaqların təlim-tərbiyə prosesində xeyli çətinliklər yaradır. Məktəbəqədər təhsil müəssisələrinin təmir olunması, maddi texniki bazasının güclənməsi, yeni bağçaların tikintisi bilavasitə uşaqların təlim-tərbiyə prosesinə müsbət təsir göstərən faktorlardan biridir. Çünki bağçalarda uşaqların ilkin bilikləri formalaşır, onlara vətənpərvərlik aşılanır. Körpələr, eyni zamanda sosiallaşır ki, bu da gələcəkdə onların məktəbə adaptasiyası baxımından mühüm amildir”.

Xatırladaq ki, Prezident İlham Əliyevin 20 dekabr 2021 tarixdə imzaladığı sərəncamla dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması üçün yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri yenidən Təhsil Nazirliyinin tabeliyinə verilib.

Goranboyun icra başçısı da BELƏ YEYİR...
Goranboyun icra başçısı da BELƏ YEYİR...
Goranboyun icra başçısı da BELƏ YEYİR...
Goranboyun icra başçısı da BELƏ YEYİR...

Geri qayıt