Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Vasif Talıbovun BREJNEVSAYAĞI İDARƏETMƏSİ...
Vasif Talıbovun BREJNEVSAYAĞI İDARƏETMƏSİ...28-04-2022, 11:52 |
Naxçıvan MR DİN-dən saytımızın iddialarına elə "Naxçıvansayağı" cavab gəlib. Ovqat.com-un məlumatına görə, ötən yazılarımızda Muxtar Respublikanın Daxili İşlər Nazirliyində Azərbaycan Polis Akademiyasının məzunlarına qarşı növbəti represiya dalğasının başlanması barədə məlumat vermişdik. İddialarımızı əsaslandırmaq üçün işdən çıxarılan və basqılara məruz qalan bəzi polis əməkdaşlarının adını da zikr etmişdik. Bildirmişdik ki, Naxçıvan Orta İxtisas Polis Məktəbi hər il məzun buraxdıqca eyni sayda ixtisaslı polis əməkdaşı MR-nın müvafiq orqanlarından ixtisar olunur. İxtisar edilənlər isə adətən Azərbaycan Polis Akademiyasının məzunları arasından seçilir. Naxçıvan Orta İxtisas Polis Məktəbinin hər il 30 məzun buraxdığını nəzərə alsaq, bu, MR DİN-nin illik ixtisar kvotasının həcmini göstərir. Yəni hər il Naxçıvan MR DİN-in strukturlarından 30 akademiya məzunu işdən xaric edilməli və şəxsi işinə mənfi rəylər yazılmalıdır. Nəticədə 5 il min bir əziyyətlə Azərbaycan Polis Akademiyasını bitirən 30 nəfər cəmi 1-2 il Naxçıvanda sıxışdırılaraq tamamilə “yararsız kadr” ləkəsi ilə ömürlük işsiz buraxılır. Halbuki, dövlət onların hər birinin ixtisaslı kadrlar yetişməsi üçün toplam 500 min manat pul xərcləyir. Üstəlik, bu kadrlar qəbul imtahanında 600-ə yaxın, bəzən daha çox bal toplayan bacarıqlı abituriyentlər arasında seçilirlər. Son nəticədə isə Naxçıvanda çıxdaş edilib, savadlı işsizlər ordusunun sıralarını genişləndirirlər. Yerlərinə isə qəbul imtahalarında “beli qırıq” 50 bal toplayıb Naxçıvan Orta İxtisas Polis Məktəbini bitirən məzunlar təyin olunurlar. Maraqlıdır ki, irəli sürdüyümüz bu iddialara Naxçıvan MR DİN cavab vermək əvəzinə, guya Azərbaycan Polis Akademiyasına dərin məhəbbətlərini nümayiş etdirmək yolunu tutub. Nazirliyin sosial şəbəkələrdə paylaşdığı məlumata görə, yazımız dərc olunan gün Naxçıvan MR DİN rəhbərliyi Sədərək rayonuna səfər edib və rayonun əlaçı şagirdləri ilə görüşüb, onları Azərbaycan Polis Akademiyasında təhsil almağa həvəsləndiriblər. Naxçıvan MR DİN deyəsən hələ də anlamaq istəmir ki, təşviqat sözlə yox, əməllə olur. Yüksək savadlı abituriyentlərin 5 il əziyyətlə oxuyub bitirdiyi Polis Akademiyasının məzunları cəmi 1-2 il bu orqanlarda işləyib, ləkəndikdən sonra işdən çıxarılırsa və onlardan bəziləri taksiçiliklə gündəlik çörək pulunu çıxarmağa məcburiyyətində qalırsa, hər hansı təşviqat işinin nəticə verəcəyinə inanmaq yersizdir. Hətta bu şirin vədlərə inanıb Polis Akademiyasını seçən abituriyentlər həmin ali məktəbi bitirdikdən sonra sələflərinin taleyi ilə üzləşməyəcəyi hardan bəllidir? Qeyd edək ki, təxminən 1600 nəfərdən biraz artıq şəxsi heyəti olan Naxçıvan MR DİN-də heç 50 nəfərə yaxın Azərbaycan Polis Akademiyasının məzunu olar, ya olmaz. Naxçıvan MR DİN Sədərək məktəbinin şagirdləri ilə görüşərək bundan 5-6 il sonranı düşünməkdənsə, bu gün öz əlində olanları dəyərləndirsə daha doğru addım atmazmı? 2022-də oturub, 2028-ci ilin planlarını qurmaq hansı məntiqdən irəli gəlir? Axı bilmək olmaz o vaxta qədər kim Naxçıvanda hakimiyyətdə qalar, kim törətdiyi əməllərin hesabını verər. Ən əsası isə, Naxçıvan bu 7 illik planı heç sovet hakimiyyətini idarə edənlərin belə ağlına gəlməmişdi. Bilirik ki, SSRİ zamanı, xüsusilə Leonid İlis Brejnevin hakimiyyəti illərində planlar heç olmasa 5 illik dövr üçün nəzərdə tutulurdu. Amma bu 5 illik planlaşdırmalar hətta SSRİ-nin ayaqda dayanmasına zəmin yaratmadı. Bəs Vasif Talıbov rejiminin 7 illik polis planı necə, işə yarayacaqmı? Nə yazıq ki, bu suala müsbət cavab vermək mümkün deyil. Ovqat.com Geri qayıt |