Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ziya Məmmədovun qohumları TALANÇILIQ EDİR...

Ziya Məmmədovun qohumları TALANÇILIQ EDİR...


29-04-2022, 09:10
Ziya Məmmədovun qohumları TALANÇILIQ EDİR...
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı yenidən mətbuatın gündəminə gəlib. Hazırda heç bir vəzifəsi olmayan Ziya Məmmədovun nazir olduğu dönəmdə ələ keçirdiyi “Goranboy Gips” ASC-yə məxsus yataqları talan etməsi iddiaları var. Talançılığın hətta “Goranboy Gips”ə ayrılan karxananın sərhədlərini aşdığı haqda məlumatlar olduğu deyilir.

Bununla belə, ASC-nin əvvəlki sahiblərindən olan Aydın Qasımova divident verilməsindən də imtina olunur. Əsas gətirilir ki, guya “Goranboy Gips” mənfəətlə işləmir, ona görə də Aydın Qasımova ASC-dəki 37 faizlik payına görə divident ödənilmir. Faktiki isə vəziyyət tam başqadır. “Goranboy Gips”in yataqlarından çıxarılan gips ölkənin bütün sement zavodlarına satılır. Hətta Gürcüstana da 100 min tonlarla gips daşınır.

Aydın Qasımova divident verilməməsi ilə yanaşı onun özünü mərhum qardaşı ilə qurduğu ASC-yə buraxmırlar.

Yada salaq ki, Ziya Məmmədov 2006-cı ildən başlayaraq Füzuli Qasımov və qardaşı Aydın Qasımova məxsus “Goranboy Gips” MMC-ni əllərindən almaq üçün hərəkətə keçmişdi. 2011-ci ildə isə MMC uğrunda savaş amansız fazaya adlamışdı. Sabiq nazir qardaşlara qarşı qanunsuz dəstələrdən tutmuş, o zaman qeyri-rəsmi kuratorluğunda olan Goranboyun icra başçısı Nizaməddin Quliyevi də başının dəstəsi ilə birgə səfərbər etmişdi. Qasımovlar məhkəmələrə çəkilir, qorxudulur, həbs ediləcəkləri ilə təhdid olunurdular. O zaman zorakı və inzibati üsullarla Aydın Qasımovu geri addım atmağa məcbur etdilər. O, Ziya Məmmədovun tələbləri ilə razılaşmaq məcburiyyəti ilə üz-üzə qoyuldu. Onun MMC-dəki payına qanunsuz yollarla sahibləndikdən sonra qardaşı Füzuli Qasımova qarşı əsl “səlib yürüşü” başladı. 2012-ci ilin martında Füzuli Qasımov “Yeni Müsavat”a müraciət edərək üzləşdiyi haqsızlıqlarla bağlı yazı hazırlamağımızı xahiş etmiş, əməkdaşlarımızı Goranboya dəvət etmişdi. İstəyi bu idi ki, o vaxt nəqliyyat naziri olan Ziya Məmmədovun ona qarşı qanunsuzluqları ictimailəşsin, məsələ ölkə rəhbərliyinin diqqətinə çatdırılsın. Həmin vaxt iş adamının dəvətini qəbul edib Goranboya getmişdik və “Yeni Müsavat”ın 2012-ci il aprelin 1-dəki sayında “Nəqliyyat naziri Qarabağ veteranının əmlakını əlindən alır” sərlövhəli yazı dərc etmişdik. Füzuli Qasımov Ziya Məmmədovun “Goranboy Girp”sə məxsus olan və rayonun Yuxarı Ağcakənd kəndindəki karxanalarını nəyin bahasına olursa-olsun əllərindən almağa çalışdığını açıqlamışdı.

Həmin yazıdan sitat: “2000-ci ildə I Özəlləşdirmə Proqramı çərçivəsində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində yerləşən gips karxanalarının bir çoxu özəlləşdirilib. Biz də özəlləşmədə iştirak edərək gips karxanaların birini özəlləşdirdik. Sovet vaxtı ”Goranboy Gips" ASC Yuxarı Ağcakənd Gips Kombinatı adlanırdı. Kombinatın rəhbərliyi və işçilərinin 90 faizi ermənilər idi. Qarabağ müharibəsi başlayandan sonra Goranboyda könüllü özünümüdafiə batalyonu yarandı. Ermənilər kombinatı qoyub qaçdılar. Bizlər dədə-babamızdan qalan silahlarla torpaqlarımızı ermənilərdən müdafiə etdik. Həmin karxanalar düşmən sərhədinin 1 kilometrliyində yerləşir. 1995-ci ilə kimi döyüşdük. Biz olmasaydıq, indi Ziya Məmmədovun bizdən almaq istədiyi torpaqlar erməninin tapdağı altında idi. “Goranboy Gips” ASC-nin özəlləşdirilməsi 2003-cü ildə başa çatıb. ASC-nin 58,4 faiz səhm paketi mənə, 32,5 faizi isə qardaşım Aydına məxsusdur. Hazırda müəssisədə 85 nəfər işləyir. Burada işləyənlərin böyük əksəriyyəti bu torpaqların ermənilərdən azad olunmasında iştirak edən Qarabağ veteranlarıdır. 2006-cı ildə nəqliyyat naziri Ziya Məmmədovun adamları mənə ölkə rəhbərliyinin adından təzyiqlər etdilər ki, karxananı onlara verim. Vermədim. Bundan sonra qurğu qurub məni həbs etdirdilər. Həbsdə olanda təklif etdilər ki, müəssisənin 50 faizini onlara - yəni Ziya Məmmədova verim. Dedilər ki, bu bizim yazılmamış qanunumuzdur. Məcbur olub “Goranboy Gips” ASC-nin səhmlərinin 50 faizini onlara etibarnamə ilə verdim. İndi də bütün səhmlərimi əlimdən almaq istəyirlər".

Füzuli Qasımov 2015-ci ilin martınadək MMC-dəki payını özündə saxlamaq üçün mübarizə apardı. Həmin ilin martında isə Bakıda, Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdə meyiti aşkarlandı. İstintaq Füzuli Qasımovun intihar etməsi qənaətinə gəldi, elə bu “əsas”la da cinayət işi bağlandı. Sahibkarın “Goranboy Gips”dəki payı uğrunda mübarizədə Ziya Məmmədov istəyinə çatdı. Füzuli Qasımovun əlində silah erməniyə vermədiyi gips yataqları onun meyiti üzərindən Ziya Məmmədovun əlinə keçdi.

Hazırda mərhum sahibkarın qardaşı Aydın Qasımov Gəncə Apelyasiya Məhkəməsinin inzibati-iqtisad kollegiyasında haqqını bərpa etməyə çalışır. Ona və mərhum qardaşı Füzuli Qasımova məxsus paylar üzrə divident ödənilməsinə nail olmağa, yataqların cinayətkarcasına istismarının önlənməsinə xidmət edən məhkəmə qərarının verilməsini istəyir. Xatırladaq ki, “Goranboy Gips” Qasımovlardan zor gücünə alınandan sonra bu gün “Fortis” adı ilə fəaliyyətdə olan, o zaman “ZQAN”a daxil olan “Azbentonit”ə ötürülüb. Hazırda mərhumun “Goranboy Gips”dəki payı Ziya Məmmədovun qardaşı qızının və digər qohumlarının sərəncamındadır. Bu gün Yuxarı Ağcakənddə yerləşən respublikanın ən böyük gips yataqları çox geniş şəkildə istismar olunur. Hətta istismar olunan yataqlarda ekoloji tələblərin çox kobud şəkildə pozulması, cinayətkarcasına talançılıq halları var. Məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması zərurəti ortadadır...
“Yeni Müsavat”

Geri qayıt