Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gədəbəydə insanların sağlamlığı görün, KİMLƏRƏ ƏMANƏTDİR...

Gədəbəydə insanların sağlamlığı görün, KİMLƏRƏ ƏMANƏTDİR...


6-05-2022, 12:04
Gədəbəydə insanların sağlamlığı görün, KİMLƏRƏ ƏMANƏTDİR...
Uzun müddətdir ki, Gədəbəy rayonunun səhiyyəsində yaşanan biabırçılıqlar geniş ictimaiyyətlə bərabər, ölkə mediasının da gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilməkdədir. Düzdür, bu yöndə lazımi müzakirələr aparılsa da, rəhbər vəzifə sahibi olan bəzi şəxslər baş alıb gedən qanunsuzluqlara görə kəskin ittiham olunsalar da, son anda yeniliyə doğru heç bir addım atılmır ki, atılmır. DİA.AZ-ın məlumatına görə, belə bir səbəbdəndir ki, son günlər GundemXeber.az xəbər portalının redaksiyasına bu rayonun səhiyyəsində baş verən hər cür biabırçılıqlarla bağlı daha yeni-yeni məlumatlar daxil olmaqdadır. Qeyd edək ki, Gədəbəyin səhiyyəsində baş verən, bəlkə də heç bir halda analoqu olmayan hoqqaların varlığını eşitdikcə, sanki şoka deyil, birbaşa “şökə düşməli” oluruq. Məsələn, daxil olan məlumatlarda bildirilir ki, illər öncə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən saxta arayışlar əldə edib, 2010-cu ildən həkimlik fəaliyyətinə başlayan Sarıyev Firdovsi Əlviz oğlu, təqribən 350 min manat “haqq-hesab”ın qarşılığında Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunur. Əldə etdiyimiz məlumatlara görə, bu şəxs heç bir halda hərbi xidmətdə olmayıb və ona məxsus hərbi biletə “neqodnı” yazılıb. Qeyd edək ki, Firdovsi Sarıyev 1951-ci il təvəllüdlü kordioloq-həkim olan Əlviz Sarıyevin oğludur. Bu şəxsin digər oğlunun isə, rayonun səhiyyə sahəsində şöbə müdiri vəzifəsində çalışdığı bildirilir. Redaksiyamıza çatdırılan məlumatlarda o da bildirilir ki, Firdovsi və Səbuhi Sarıyev qardaşlarından heç birinin ali tibbi təhsilləri yoxdur.
Bir faktı da qeyd edək ki, Firdovsi Sarıyev 2021-ci ildə Gədəbəy MRX-na direktor təyin olunduqdan sonra o, ötən 20 il ərzində RF-nin ayrı-ayrı şəhərlərində ayaqqabı satmaqla adını dillər əzbəri edən əmisini, məhz çox keçmir ki, təcili-tibbi yardım şöbəsində həkim vəzifəsinə işə düzəldir. Rayonun Söyüdlü kənd sakini Məmmədov Varis Tahir oğlunun bildirdiyinə görə, onun qardaşı Arzu Məmmədov ruhi-əsəb xəstəsidir. MRX-dan bu şəxsə verilməli olan dərmanlar tapılmadığına görə, xəstə olduqca əziyyət çəkir. Çünki, direktor Firdovsi Sarıyevlə əlbir işlədiyi bildirilən Əliyev Elşən Hətəm oğlu adlı şəxs, dövlətin ayrı-ayrı xəstələrə, ələlxüsus şəkər və ruhi-əsəb xəstələrinə verdiyi dərmanları, sistemləri və s. işlətdiyi “ZEYTUN” aptekdə satdırır. Belə bir səbəbdən də, xəstəxananın aptekində dərmanlar tapılmır. Elə ki, xəstə lazım olan dərmanları almaq qərarına gəlir, o halda həmin şəxs Elşən Əliyevin işlətdiyi “ZEYTUN” aptekə baş çəkməli olur. Bu da onu sübut edir ki, direktor Firdovsi Sarıyev əlbir işlədiyi bu şəxsə daim “yaşıl işıq” yandırır.
GundemXeber.az-a daxil olan məlumatlarda o da bildirilir ki, Gədəbəy MRX-da baş verən biabırçılıqlarla bağlı yuxarı instansiyalara göndərilən çoxsaylı şikayət ərizələri əsasında, xeyli müddət bundan öncə “TƏBİB”in əməkdaşları rayonda olurlar və onlar işçilərin məzuniyyət pullarının mənimsənilməsi, külli miqdarda dərman preparatlarını itbata salınması və s. yöndə lazımi araşdırmalar da aparırlar. Hətta, onlar bir çox sənədləri də özləri ilə götürüb gedirlər. Az sonra rayon ictimaiyyətinə o da məlum olur ki, yoxlamaya gedən “TƏBİB”in əməkdaşları direktor Firdovsi Sarıyevin təşkil etdiyi məclisdə əməlli-başlıca yeyib-içirlər, daha sonra onu lazımi məbləğdə “tərlədirlər”. Çatdırılan məlumatlarda o da bildirilir ki, ötən müddət ərzində rayonun kənd xəstəxanalarına, o cümlədən Saratovka, Şınıx, Miskinli, Slavyanka və digər kəndlərdəki xəstəxanalara, eyni zamanda Qalakənd kəndindəki, Söyüdlü kəndindəki, Qoşabulaq kəndindəki və digər kəndlərdəki kənd həkim məntəqələrinin, kənd tibb məntəqələrinin heç birinə dərman preparatları, hansısa ləvazimatlar verilmir. Belə bir səbəbdən də, kənd sakinləri lazım olan dərmanları almaq üçün, son anda məcbur olub on kilometrlərlə yolu qət edərək rayona gəlməli olurlar. Belə bir halların varlığı heç bir ali tibbi təhsili olmayan və ötən illər ərzində saxta yolla həkimlik fəaliyyətini davam etdirən, həmçinin 2021-ci ildən Gədəbəy MRX-da direktor vəzifəsinə sahiblənən Firdovsi Sarıyevin idarəçiliyinin mahiyyətini sübut etməyə əsas verir.
Geniş ictimaiyyət arasında yayılan digər məlumatlara görə, Gədəbəy səhiyyəsinin adı “ölücanlılar”ının varlığına görə də, zaman-zaman dillər əzbəri olub. Çünki, bu rayonun səhiyyə müəssisələrində elə şəxslər var ki, onların adları ştat cədvəlində getsə də, həmin şəxslər rəhbərliyin “dobro”su əsasında heç vaxt iş başında görünməyiblər. Yəqin ki, növbəti yazılarmızda həmin şəxslərin adlarını, MRX-nin mühasibatlığındakı “əlləm-qallam” işlərin varlığını və baş alıb gedən digər qanunsuzluqların mahiyyətini geniş ictimaiyyətə, o cümlədən SN-nin rəhbərliyi ilə bərabər, “TƏBİB”in rəhbərliyinə də çatdırmağa çalışacağıq. Yəqin ki, o halda Firdovsi Sarıyevin əməlləri ilə bağlı lazımi ölçü götürüləcək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq. Bizi izləyin.

Geri qayıt