Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nəriman Əliyevin BAŞINDA NƏ İŞ VAR?

Nəriman Əliyevin BAŞINDA NƏ İŞ VAR?


23-05-2022, 11:23
Nəriman Əliyevin BAŞINDA NƏ İŞ VAR?
Zaman-zaman qalmaqallar və şikayətlərlə gündəmə gələn “Ştutqart” mağazalar şəbəkəsinin sahibləri şirkətin adını dəyişdirərək başqa adla yola davam etmək fikrindədir. Son dönəmlər mağazalar şəbəkəsinin sahibi eks-deputat Nəriman Əliyevin həm özü ilə bağlı, həm də sahibi olduğu mağazalar şəbəkəsinin ətrafında baş verən qalmaqallardan sonra iflasa doğru gedən biznesini qurtarmaq üçün yollar arayan sahibkar addəyişmə planı ilə buna nail olmağa çalışır. Bu iddianı mağazalar şəbəkəsinə yaxın olan mənbə bizimlə söhbətində səsləndirib. Vəziyyəti tam aydınlaşdırmaq üçün mağazalar şəbəkəsinin yaranma tarixinə və son vaxtlar şirkət ətrafında baş verənlərə bir daha nəzər salmaq qərarına gəldik.

2004-cü ildən 2014-cü ilədək qeyri-rəsmi, 2014-cü ildən sonra isə rəsmi fəaliyyət göstərən “Ştutqart” MMC, “Ştutqart” mağazalar şəbəkəsi adı altında Bakıda və ölkənin müxtəlif rayonlarında avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən nəhəng bir şirkətdir. Şirkətin rəsmi və qeyri-rəsmi təsisçi və şərikləri Masallı şəhərindən Milli Məclisə bir neçə çağırış deputat seçilmiş Nəriman Əliyev və onun bacısı oğlu Əfqan Abdullayev olduğu heç kimə sirr deyil. Nəriman Əliyev deputat olduğu dövrlərdə adının sahibkar və iş adamı kimi hallandırılmasından ehtiyat etdiyindən 2021-ci ilin sentyabr ayına qədər şirkəti Əfqan Abdullayevin adına rəsmiləşdirib. 2021-ci ilin sentyabr ayından isə Nəriman Əliyev özü rəsmi olaraq həm şirkətin sahibi, həm də mağazalar şəbəkəsinin direktorudur.

2021-ci ildə şirkətin şəriki və idarəçisi olan Əfqan Abdullayev şirkətlə yollarını ayırmaq qərarına gəlir. İdarəçiliyi və bütün hesabatları təhvil verən şərik Nəriman Əliyevdən “Ştutqart”da olan payını istəyir ki, özünə yeni biznes qursun. Bu ayrılma və pay istənilməsi eks-deputatın xoşuna gəlmir. Nəticədə sahibkar əlində heç bir sənəd, fakt olmadan öz bacısı oğlunu və onunla birgə “Ştutqart”dakı işindən ayrılan bir neçə işçini mənimsəmədə və oğurluqda ittiham edir və onlar barəsində hüquq-mühafizə orqanlarına şikayət edir. Bununla da yetinməyən eks-deputat keçmiş şəriki və işçiləri barədə ayrı-ayrı mətbuat orqanlarında bu adamları nüfuzdan salan açıqlamalar verir.

Ştutqart” mağazalar şəbəkəsindəki işindən ayrılan 64 nəfərin əmək haqqı qalığını verməkdən boyun qaçıran Nəriman Əliyev öz qanuni pullarını tələb edən keçmiş işçilərini təhqir etməkdən belə çəkinmir. “Nə olur olsun, işdən ayrılanlara bir qəpik belə ödənməyəcəyini” deyən sahibkar keçmiş işçilərin əlaqədar dövlət qurumlarına etdikləri şikayətlərdən sonra geri çəkilmək məcburiyyətində qalır. İşçilərin əmək haqlarının rəsmi hissəsi tamamilə ödənilir. Bu proses diqqətli oxucularımızın xatirindədir, çünki yaşanan hadisələr bir çox saytlar vasitəsi ilə də işıqlandırılmış, içərisində 44 günlük şanlı Qarabağ savaşının qaziləri də olan şikayətçilərin haqq səsləri mətbuat vasitəsilə lazımi orqanların diqqətinə çatdırılmışdı.

Eks–deputatın adının hallandığı digər qalmaqal isə Bakının mərkəzində, Nərimanov rayonu ərazisində ona məxsus obyektdəki ağacları kütləvi şəkildə kəsdirməsi ilə bağlı idi. Bu barədə onun keçmiş işçisi Abutalıb Ağayev müvafiq dövlət qurumlarına şikayətlər etmiş, eyni zamanda mətbuat və televiziyalar vasitəsilə ictimaiyyəti məlumatlandırırdı. Abutalıb Ağayev bu cinayət əməlinin müqabilində Nəriman Əliyevin cazalandırılmasını tələb edirdi. Bununla bağlı mətbuata ziddiyətli açıqlamalar verən şirkət sahibi əvvəlcə iddiaların əsassız olduğunu, o ünvanda ümumiyyətlə ağac olmadığını bildirdi. Baş Prokuroluq faktı təsdiqlədikdən və cinayət işi qaldırıldıqdan sonra isə Nəriman Əliyev mətbuata açıqlama verərək ağacların Abutalıb Ağayev tərəfindən kəsildiyini bəyan etdi. Açıqlamalardan belə çıxırdı ki, Abutalıb Ağayev Nəriman Əliyevin rəsmi sahibi olduğu torpaqda onun özünün xəbəri olmadan onlarla ağacı kəsib, sonra isə özü-özünü ifşa etmək üçün şikayət edib. Bu məntiqsiz açıqlamalar, təbii ki, heç kimə inandırıcı gəlməmişdi. Bütün bu qalmaqal bir neçə ay öncə ölkə ictimaiyyətinin gözü qarşısında baş verdiyindən bu hadisələri də diqqətli oxucularımız yaxşı xatırlayar.

Bütün bu qalmaqalların hələ tam bitmədiyi bir vaxtda adıçəkilən şirkət haqqında yeni bir şikayət, vergidən yayınma ittihamı ortaya çıxıb. Məlum olub ki, şirkətə rəsmi direktorluq edən Nəriman Əliyev və onun şirkəti külli miqdarda vergidən yayınmaqda ittiham olunur. Belə ki, Nəriman Əliyevin sahibi olduğu “Ştutqart” mağazalar şəbəkəsinin cəmi dörd ay ərzində 15 milyon manat vergidən yayınması faktı ilə bağlı Dövlət Vergi Xidmətində, həmçinin Baş Prokurorluqda araşdırma aparılır. Vergidən yayınma ilə bağlı kifayət qədər fakt və sübutun araşdırılmaya təqdim olunduğu da qeyd olunanlar arasındadır.

Bütün bu problemlərlə eyni vaxtda şirkətin keçmiş şəriki, Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev də şirkətdə qalmış payını geri almaq üçün “Ştutqart” MMC-ni məhkəməyə verib. Bu məhkəmələr, şikayətlər və şirkətə açılmış yoxlamalardan can qurtarmaq üçün çıxış yolu axtaran Nəriman Əliyev şirkəti özünə sadiqliyi ilə seçilən Hikmət Salehli adlı şəxsin adına rəsmiləşdirib. Belə ki, özü təsisçi olaraq qalmaqla, Hikmət Salehlini rəsmi direktor vəzifəsinə təyin edib. Lakin bunun da bir işə yaramadığını görən Nəriman Əliyev son çıxış yolu kimi şirkətin adını dəyişmək qərarına gəlib. Eks-deputat vergidən yayınmanı və digər qanunsuzluqları ört-basdır etmək və şərikinə məxsus payı verməkdən boyun qaçırmaq məqsədilə şirkətinin adını dəyişərək “Sektor-M” MMC qoymaq qərarına gəlib. Hazırda bu ad eks-deputatın bütün işlərini aparan dayısı oğlu Abbasov Azər Abbas oğlunun adına qeydiyyatdan keçirilib və “Ştutqart” MMC-nin bütün əmlakı “Sektor-M” MMC-yə daşınır. Yaxın günlərdə “Ştutqart” mağazalarının da adının dəyişdirilərək “Sektor-M” MMC-nin brendi kimi yaradılan “ŞASSİ” adı ilə adlandırılacağı gözlənilir. Bununla da Nəriman Əliyev bütün məsuliyyətdən yaxa qurtaracağını və hər şeyin yoluna düşəcəyini güman edir. Nə olacağını və planın işləyib-işləməyəcəyini təbii ki, zaman göstərər. Biz də öz növbəmizdə bu məsələnin sonuna qədər diqqətdə saxlayacağımıza və baş verənləri ölkə ictimaiyyətinin diqqətinə çatdıracağımıza söz veririk.
İndex.az

Geri qayıt