Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Talıbovun XANƏDANI SON GÜNLƏRİNİ YAŞAYIR...
Talıbovun XANƏDANI SON GÜNLƏRİNİ YAŞAYIR...24-05-2022, 09:55 |
23.05.2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalanıb. Maraqlıdır ki, Prezidentin bu Sərəncamı Naxçıvan Muxtar Respublikası sakinlərində xüsusi rəğbət və ümidlə qarşılanıb. Məsələ onda deyil ki, Sərəncamda Dövlət Komissiyasının üzvləri sırasına MR-in Baş nazirinin müavini də daxil edilib və nəticə etibarilə MR hakimiyyətinə yaralı barmağa məlhəm kimi baxılıb. Dövlət Komissiyasının fəaliyyəti nəticəsində Zəngəzur qapısının açılması və beynəlxalq ticarətin ölkəyə qazandıracağı böyük maliyyə imkanlarının Talıbovlar ailəsinə buraxılmayacağı, bu məntiqlə də “kiçik torpaq”dakı muxtar özbaşınalıq rejiminin tezliklə “sərəncama göndərilməsi” ehtimalı da Naxçıvan camaatını az maraqlandırır. Bölgə əhalisində ən çox ümid yaradan məqam Prezidentin bu Sərəncamında Talıbovlar tayfasına Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğu barədə müəyyən mesajların verilməsidir. Naxçıvandan Ovqat.com redaksiyasına ünvanlanan bir məktubda bu ümid belə ifadə olunur: “Son zamanlar yazıları ilə Naxçıvan əhlinin ümidgahına çevrilən hörmətli Ovqat.com redaksiyası, Prezidentin dünən imzaladığı Sərəncamın Muxtar Respublikanın hüquq camiəsində yaratdığı ümid və sevinc hissini sizinlə paylaşmaq ehtiyacı hiss etdik. Odur ki, sözügedən Sərəncamın siyasi əhəmiyyətindən deyil, onun Naxçıvan MR-in harınlamış məmurlarına verilən sətraltı mesajdan danışmaq istəyirik. Bildiyimiz kimi, məlum Sərəncama əsasən yaradılmış Dövlət Komissiyasının üzvləri sırasına Naxçıvan MR-in Baş nazirinin müavini də daxil edilib. Sərəncamın həmin hissəsini olduğu kimi veririk: “Komissiyanın üzvləri: -Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini” İlk baxışdan burada diqqət çəkən heç nə görünmür. Lakin Cənab Prezidentin Naxçıvan MR ilə bağlı imzaladığı əvvəlki Sərəncamlara diqqət yetirsək, orada Naxçıvan Muxtar Respublikası ifadəsinin qarşısında “AZƏRBAYCAN RESPUBLİKASI” ifadəsinə rast gələ bilmərik. Budəfəki sərəncam da isə “Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının” ifadəsi öz əksini tapıb. Bəli, bu mesajı bəzi qıtbeyinli Naxçıvan məmurları başa düşməyə bilər. Amma zənnimizcə, Cənab Prezident bu təqdimatla Vasif Talıbova və onun komandasına açıq-aşkar bəzi mesajlar verib. Sanki sözügedən mötəbər sənəddə bildirir ki, Naxçıvan Muxtar Respublikası ayrı bir dövlət deyil, Azərbaycan Respublikasının tərkib hissədir. Azərbaycan Respublikası Konstitusuyasının 134.1-ci maddəsində “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət” olması qeyd edilir. Həmin normanın 6-cı hissəsində isə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir” müddəası öz əksini tapır. Artıq sirr deyil ki 2022-ci ilin sonlarına doğru referendum keçiriləcəyi və Konstitusiyaya dəyişikliklər ediləcəyi gözləniləndir. Bu referenduma Naxçıvan MR-in statusu və idarəetmə formasının dəyişdirilməsi ilə bağlı mühüm məsələlərin çıxarılacağı aşikardır. Ümid edirik ki, tale artıq biz naxçıvanlıların da üzünə güləcək. Naxçıvanlılar zamanında Ulu Öndər Heydər Əliyevə qucaq açaraq onu qorumuşlar. İndi də naxçıvanlılar ölkə rəhbəri cənab İlham Əliyev və birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevanın yürütdüyü siyasəti müzakirəsiz dəstəkləyirlər. Biz naxçıvanlılar cənab İlham Əliyev və xanım Mehriban Əliyeva tərəfindən dövlət strukturlarında aparılan islahatların növbəti mərhələsinin Naxçıvan MR-də həyata keçiriləcəyini inanırıq. Biz inanırıq ki, növbəti mərhələdə Naxçıvandakı mövcud məmur korpusu gənc, intellektual və ölkə rəhbərliyinə sadiq olan yeni kadrlarla əvəz olunacaq, Azərbaycana və onun siyasi iradəsinə bağlı insanlardan formalaşdırılacaq. Cənab İlham Əliyev və xanım Mehriban Əliyeva tərəfindən sözdə “Naxçıvan klanı” adlı qrupun neytirallaşdırılması istiqamətində son tamamlama işlərinin görüldüyünə inamımız böyükdür. Haqqında bəhs etdiyimiz Sərəncamdakı incə mesaj da ümidlərimizi artırır”. Redaksiyamıza ünvanlanan bu məktubda Naxçıvan sakinlərinin ümidlərinin nə qədər əsaslı olduğunu deyə bilmərik. Yəqin ki, yaxın zamanlarda bu ümidlərin doğrulub-doğrulmayacağı ortaya çıxacaq. Bizim üçün maraqlı olan budur ki, dövlətçi şüura malik Naxçıvan camaatı Vasif Talıbovun sülalə hakimiyyətindən bir an öncə yaxa qurtarmaq istəyir və bütün ümidlərini paytaxtdan gələcək Sərəncamlara, Fərmanlara bağlayıb. Hətta bu Sərəncamlardakı hər hansı söz, cümlə, vurğu işarəsi belə onların ümidlərini cücərdir. Bu zamanadək “dövlət xadimlərinin məsləhəti belədirsə, hər zillətə qatlanarıq” məntiqi ilə susan insanların səbrinin də bir həddi var və Azərbaycan hakimiyyəti Naxçıvandan gələn mesajları düzgün qiymətləndirməli, zülmlə imtahana çəkilən vətəndaşlarını çox intizarda qoymamalıdır. Əks halda bu misli-bərabəri görünməyən ümid hissi də hər keçən gün əriyib yoxa çıxa və insanların dövlətə, onun rəhbərliyinə olan sayqısı sarsıla bilər. //ovqat.com// Geri qayıt |